YAP Binəqədİ rayon təşkİlatı tərəfİndən “Tarİxİ Zəfərdən Davamlı İnkİşafa” mövzusunda tədbİr keçİrİldİ

Share:

24 dekabr 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Tarixi Zəfərdən Davamlı İnkişafa” mövzusunda tədbir keçirildi. Tədbir başlamazdan öncə Ümummilli lider Heydər Əliyevin Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin inzibati binasında ucaldılmış abidəsi ziyarət edildi, önünə gül dəstələri qoyuldu.

Tədbirin rəsmi hissəsində Ulu öndər Heydər Əliyevin və Azərbaycanımızın müstəqilliyi, suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçərək ən uca zirvə- Şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbiri giriş nitqi ilə açan Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Müşahidə Şuarsının sədri Natiq Cavadov çıxış etdi. Onun sözlərinə görə qüdrətli və qalib Azərbaycan reallığı xalqımızın Ümummilli lideri Heydər Əliyevin əbədiyaşar ideyaları və tükənməz dövlətçilik irsi ilə bağlıdır. Ulu öndərin milli maraqlara əsaslanan uzaqgörən siyasəti Azərbaycanın müstəqil dövlət kimi tərəqqisini təmin edib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Ümummilli liderin dövlətçilik irsini müasir dövrün çağırışlarına uyğun zənginləşdirərək uğurlu siyasət həyata keçirməklə ölkəmizə tarixi nailiyyətlər qazandırıb.

Müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev vurğuladı ki, möhtərəm Prezidentin yaratdığı, xüsusi diqqəti sayəsində durmadan inkişaf edən Azərbaycan müdafiə sənayesi kompleksi ölkənin hərbi qüdrətini daha da artırmaqdadır. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları uğurla nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradır. Ümumiyyətlə, son 22 il müasir Azərbaycanın inkişaf tarixində tam yeni mərhələ kimi xarakterizə olunur. Azərbaycan siyasi sisteminə, habelə beynəlxaq münasibətlər artxitekturasına rasional, praqmatik və qarşılıqlı faydalı əməkdaşlıq üzrə siyasi davranış modeli təqdim edən möhtərəm Prezidentin yürütdüyü siyasət müasir Azərbaycanın daha da güclənməsinə, yeni zirvələri fəth etməsinə xidmət edir.

Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyevin möhkəm təməl üzərində əsasını qoyduğu, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 22 ildə uğurla davam etdirdiyi siyasi strategiya nəticəsində Azərbaycan regionun ən qüdrətli, inkişaf etmiş dövlətinə çevrilib. Respublikamızda bütün sahələrdə – siyasi, iqtisadi, sosial və s. həyata keçirilən islahatlar Azərbaycan vətəndaşının bugünkü və gələcək rifahı kimi ali dəyərlərə söykənir. Xalqın firavanlığına, yüksək sosial rifahına çalışan dövlət başçısı ən çətin günlərdə vətəndaşların yanında olub.

Tədbirdə nitq söyləyən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla yürütdüyü daxili və xarici siyasət nəticəsində ölkəmiz sürətlə inkişaf edərək siyasi nüfuzu, iqtisadi qüdrəti, hərbi gücü ilə nəinki regionda, bütün dünyada söz sahibinə çevrilib. Ulu Öndər Heydər Əliyevin başlatdığı və Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü islahatlar nəticəsində güclənmiş müzəffər Azərbaycan ordusu tarix yazmış, işğal altında olan müqəddəs torpaqlarımızı düşməndən azad etmişdir. Bu gün Azərbaycan xalqının varlığı, mənliyi, qüruru olan üçrəngli bayrağımız əzəli yurd yerlərimizdə dalğalanmaqdadır.

Millət vəkili Kamaləddin Qafarov çıxış edərək müasir Azərbaycan tarixinin böyük bir dövrünün dahi şəxsiyyət, müdrik siyasətçi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu deyib. O qeyd edib ki, Ümummilli liderin ölkəmizə rəhbərliyi dönəmində Azərbaycan bütün sahələrdə misilsiz inkişaf yolu keçib. Onun sözlərinə görə, Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirildi.

Share: