Tofiq İbrahim oğlu Süleymanov — Azərbaycan Milli Aerokosmik Agentliyinin Baş direktorunun I müavini, texnika elmləri doktoru, professor.
Tofiq İbrahim oğlu Süleymanov 16 may 1955-ci ildə Ermənistan Respublikasının Krasnoselo rayonunun Gölkənd kəndində anadan olmuş, 1972-ci ildə orada orta məktəbi bitirmişdir.1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsində təhsil almış, həmin ildən Azərbaycan SSR Elmlər Akademiyasının (AMEA)“Kaspi” Elmi Mərkəzində (indiki Milli Aerokosmik Agentliyində) əmək fəaliyyətinə başlamışdır. O, 1978-1993-cü illərdə həmin təşkilatda mühəndis-riyaziyyatçı, kiçik elmi işçi, aparıcı elmi işçi, sektor rəisi, şöbə rəisi, 1993-2004-cü illərdə MAKA aparatında Elmi-texniki idarə rəisinin müavini, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunda şöbə rəisi, elmi katib, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. 2004-cü ildən MAKA-nın Baş direktorunun birinci müavini, 2007-2008-ci illərdə MAKA-nın Ekologiya İnstitutunun direktoru olmuş, 2008-ci ildən indiki dövrə qədər yenidən MAKA-nın Baş direktorunun birinci müavini vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.
- 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsi, tələbə;
- 1979-cu ildə Ümumittifaq “Alqoritm” Elm-İstehsalat Birliyinin Elmi-Tədris Mərkəzində dinləyici (Moskva şəhəri) ;
- 1979-1982- ci illərdə elmi təcrübəçi, aspirant – (SSRİ EA-nın Kosmik Tədqiqatlar İnstitutu, SSRİ Dövlət Hidrometeorologiya Komitəsi, Moskva şəhəri);
- 1988- ci ildə SSRİ Ümumi Maşınqayırma Nazirliyinin “Rəhbər İşçilərin və Mütəxəssislərin İxtisasartırma İnstitutu”nda dinləyici (Moskva vilayəti, Kalininqrad şəhəri);
- 1991- ci ildə SSRİ Ümumi Maşınqayırma Nazirliyinin “Rəhbər İşçilərin və Mütəxəssislərin İxtisasartırma İnstitutut”nda dinləyici (Moskva vilayəti, Kalininqrad şəhəri);
- 1999–2003 illərdə 3324.07- “məsafədən aerokosmik tədqiqatlar” ixtisası üzrə doktorluq hazırlığı.
2006-cı il – 3324.07- “Məsafədən aerokosmik tədqiqatlar” ixtisası üzrə texnika elmləri doktoru;
2012-ci il – 3324.07- “Məsafədən aerokosmik tədqiqatlar” ixtisası üzrə professor.
1990–1995 – ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun “İnformasiya – ölçmə sistemləri”
kafedrasında dosent;
2005-ci ildən indiki dövrə qədər Milli Aviasiya Akademiyasının “Ətraf mühitin aerokosmik monitorinqi” kafedrasında dosent, professor.