Vüqar Mustafayevİn rəhbərlİk etdİyİ nümayəndə heyətİ Türkİyədə “IDEF 2025” sərgİsİndə İştİrak edİr

282
0
Share:

İyulun 22-də Türkiyə Respublikasının İstanbul şəhərində “IDEF 2025” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Sərginin ilk günü Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi keçirilib. Mərasimə müxtəlif ölkələrin, həmçinin Azərbaycanın rəsmi nümayəndə heyəti qatılıb.

“IDEF 2025” sərgisində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış stenddə MSN-in və Müdafiə Nazirliyinin rəsmi nümayəndə heyətləri, həmçinin “MİRAS”, “Q-STP”, “Synapline”, “USH Group”, “RD Smart” və “İmprotex” şirkətləri öz məhsulları ilə təmsil olunurlar.

Sərgidə MSN-in müəssisələrində istehsal edilən müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir. “IDEF 2025” sərgisində ilk dəfə olaraq MSN-ə məxsus modernizasiya olunmuş 7,62×54 mm-lik snayper tüfəngi, 2 növ 12,7×108 mm-lik iriçaplı piyada pulemyotu və 14,5×114 mm-lik iriçaplı pulemyot sərgilənir.

Səfər çərçivəsində nazir V.Mustafayevin bir neçə ölkənin dövlət rəsmiləri və iri şirkətlərin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, MSN “IDEF” sərgisində artıq 9-cu dəfədir ki, stendlə iştirak edir.

Sərgi iyulun 27-də başa çatacaq.

Mənbə

Share: