2025-ci il 5 iyul tarixində Azərbaycan Milli Aerokosmik Agentliyinin (MAKA) Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunda (ETAİİ) keçirilən növbəti iclasında institutun baş elmi işçisi, texnika elmləri doktoru, professor Hikmət Həmid oğlu Əsədovun 70 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur.
Professor H.Əsədov 1955-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O,1972-ci ildə 82 nömrəli orta məktəbi, 1977-ci ildə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini “Mühəndis-elektrik” ixtisası üzrə bitirmişdir. H.Əsədov elə həmin ildən “Kaspi” Elmi Mərkəzində mühəndis kimi əmək fəaliyyətinə başlamış, bu elm və istehsalat mərkəzində müxtəlif vəzifələrdə çalışaraq zəngin təcrübə toplamışdır.
O, 1980-1983-cü illərdə həmin müəssisənin aspiranturasında təhsil alaraq, 1988-ci ildə namizədlik dissertasiyasını, 2005-ci ildə isə doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Ona 2017-ci ildə professor elmi adı verilmişdir.
H.Əsədov aerokosmik tədqiqatlar, fotometriya, məsafədən zondlama, atmosfer optikası ölçmə sistemləri nəzəriyyəsi kimi sahələrdə tanınmış mütəxəssisdir. O 7 monoqrafiyanın, 6 ixtiranın, 400-dən artıq elmi məqalənin müəllifi, bir çox beynəlxalq jurnalların redaksiya heyətinin üzvüdür. O, 20-yə yaxın doktorant və dissertantın elmi rəhbərı olmuş, onun rəhbərliyi ilə 5 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
Professor Hikmət Əsədov A.M. Proxorov adına Mühəndis Elmləri Akademiyasının xarici üzvü, Çində nəşr edilən “Positoning” jurnalının baş redaktorudur. O, xarici ölkələrdə nəşr olunan bir çox jurnalların, o cümlədən Hindistanda “İnternational Journal of Aerospace Engineering”, Rusiyada “Контроль Диагностика», Rusiyanın Perm Universitetində “Вестник ПГНИУ”, Rusiyanın Yakutsk Şimal-Şərq Federal Universitetində “Вестник”, Türkiyədə “İnternational Journal of Aviation science and technology”, ABŞ-da “American Research Journal of Earth Science” jurnallarının redaksiya heyətinin üzvüdür.
Alim bir sıra beynəlxalq mükafatlara – Avropa Təbii Elmlər Akademiyasının “Leonard Eyler”, “Leybnis”, Türkiyə Təbiət Elmləri Akademiyasının “Qızıl Ulduz” medallarına və MAKA-nın “Fəxri Fərman”larına layiq görülmüşdür.
MAKA kollektivi tanınmış alim və ziyalı Hikmət Əsədovu yubiley münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, yaradıcılıq uğurları və elmi fəaliyyətində yeni nailiyyətlər arzulayır.






