Sabirabad şəhərində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin əməkdaşı, Vətən müharibəsi şəhidi Nurlan Zeynalovun xatirəsinə həsr olunmuş anım mərasimi və adını daşıyan küçənin açılışı keçirilib.
Tədbirdə Milli Aerokosmik Agentliyinin əməkdaşları, Sabirabad Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri, doğmaları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim çərçivəsində əvvəlcə şəhidin məzarı ziyarət olunub, məzarının üzərinə əklil və gül dəstələri qoyularaq xatirəsi böyük ehtiramla yad edilib. Şəhidin döyüş yolu haqqında məlumat verilib, onun qəhrəmanlığı və fədakarlığı xüsusi vurğulanıb.
Mərasim iştirakçıları bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyərək, şəhidlərin ruhuna dualar oxuyublar.
Məzarın ziyarətindən sonra Sabirabad şəhərində şəhid Nurlan Zeynalovun adını daşıyan küçənin açılışı mərasimi keçirilmişdir. Açılış zamanı bildirilib ki, şəhidin adının əbədiləşdirilməsi onun göstərdiyi xidmətlərə verilən yüksək dəyərin ifadəsidir və gənc nəslin vətənpərvərlik tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, Nurlan Zeynalov 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş, 9 noyabr 2020-ci ildə Xocavənddə gedən əməliyyatlar zamanı qəhrəmancasına şəhid olmuşdur. Şəhid Sabirabad şəhərində dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Nurlan Zeynalov ölümündən sonra ölkənin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş tapşırıqlarını yüksək peşəkarlıqla və şərəflə yerinə yetirdiyinə görə “Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhidin atası Rəfail Zeynalovi göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.



