“IDEF 2025” sərgİsİndə bİr sıra görüşlər keçİrİlİb

337
0
Share:

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev İstanbul şəhərində keçirilən “IDEF 2025” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində iyulun 23-də Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb.

Görüşdə iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi müdafiə sənayesi sahəsində də əməkdaşlığın yüksələn xətlə davam etdiyi qeyd edilib. Azərbaycan və Türkiyənin müdafiə sənayesi müəssisələri arasında bir çox istiqamətlərdə uğurlu əlaqələrin qurulduğu vurğulanaraq, gələcəkdə birgə fəaliyyət sahələrinin daha da genişləndiriləcəyi diqqətə çatdırılıb.

Nazir V.Mustafayev, həmçinin Malayziya Respublikasının müdafiə naziri Dato Seri Haji Mohamed Khaled Nordin və Özbəkistan Respublikasının Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktoru Mansurjon İbodullayev ilə görüşüb.

Görüşlərdə müdafiə sənayesi üzrə əməkdaşlıq imkanları, hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Sərgi çərçivəsində Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Qırğızıstan Respublikası müdafiə nazirinin müavini Azizbek Baybalayevlə görüşüb.

Görüş zamanı beynəlxalq sərgilərdə fəal iştirakın əhəmiyyəti vurğulanıb, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, işgüzar səfərlərin təşkil edilməsi və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Share: