Tofiq İsmayılov (dövlət xadimi)
Beynəlxalq mühəndislik Akademiyasının akademiki, texnika elmləri doktoru, Azərbaycan Respublikasının 1-ci Dövlət Katibi, Azərbaycan SSR-in Dövlət Katibi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü Tofiq Kazım oğlu İsmayılov 1974 – 1991-ci illərdə Milli Aerokosmik Agentliyinin baş direktoru vəzifəsində çalışmışdır.
Həyatı
Tofiq Kazım oğlu İsmayılov 1933-cü il iyunun 21-də Bakı şəhərində anadan olmuşdur. 1951-ci ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra elə həmin ildə Moskva şəhərində Qırmızı Əmək Bayraqlı Elektrotexniki Rabitə İnstitutuna daxil olmuşdur.
Əmək fəaliyyəti
1967-ci ildən 1985-ci ilədək Azərbaycan Respublikası Elmlər Akademiyası sistemində işləmişdi (fizika institutunda baş mühəndis, Rəyasət Heyəti yanında işləmələr və tətbiq şöbəsinin müdiri, “Xəzər” elmi mərkəzinin direktoru, Kosmik Tədqiqatları Elm İstehsalat Birliyinin baş direktoru) 1985-ci ildən keçmiş SSRİ Baş Kosmos İdarəsi Elm İstehsalat Birliyinin baş direktoru və baş konstruktoru olmuşdu. 1969-cu ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi, 1979-cu ildə isə doktorluq işini uğurla müdafiə edərək texnika elmləri doktoru adını almışdı, bir qədər sonra isə professor elmi adına layiq görülmüşdü. Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü (akademik) seçilmişdi.
Mükafatları
Xalq qarşısında xidmətlərinə görə “Qırmızı əmək bayrağı” ordeni, “Əməkdə rəşadət” medalı, 1978-ci ildə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. 25 oktyabr 1990-cı ildə “Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adı ilə təltif olunub.K. E. Sialkovski, S. P. Korolyov və Y. A. Qaqarin adına fəxri medallarla təltif edilmişdi.
Elmi fəaliyyəti
Akademik T. K. İsmayılov elmi və məxsusi cihazqayırma sahəsində məşhur alim idi. Onun aerokosmik nəzarət kolibrləmə poliqonlarında peykaltı ölçmə texniki vasitələrinin nəzəriyyəsinə və tətbiqinə verdiyi təkliflər xüsusi mahiyyət kəsb etmişdir. T. K. İsmayılov ilk dəfə olaraq bu sahədə irəli sürdüyü yüksək effektli və tətbiqi cəhətdən əhəmiyyətli elmi konsepsiyası keçmiş SSRİ-nin poliqonlarında və sosialist ölkələrinin “İnterkosmos” üzrə proqramların bir çox aerokosmik təcrübələrində özünü doğrultmuşdu.
Akademik T. K. İsmayılovun fəaliyyətində astro-fizika, elmi-tətbiqi cihazqayırma problemləri sahəsində irəli sürdüyü elmi mülahizələr əhəmiyyətli yer tutmuşdu. Onun rəhbərliyi və şəxsi iştirakı ilə hazırlanmış “PS – 17 BK” və “Pulsar X-1” rentgen teleskopları böyük müvəffəqiyyətlə “Salyut-Soyuz-T-11”, “Mir” orbital stansiyalarında fəaliyyət göstərmişdi. “Pulsar X-1” ifrat ulduzunun kəşfində iştirak etmiş, həmçinin “PS – 17 BK” (vertolyot variantında) Çernobıl AES-də radiasiya vəziyyətinin müəyyənləşdirilməsində geniş istifadə olunmuşdu.
Akademik T. K. İsmayılov özünün strukturuna və fəaliyyət istiqamətinə görə Azərbaycanda yeganə olan təbii sərvətlərin kosmik tədqiqatları institutunun və kosmik tədqiqatları EİB-nin yaradıcısı və rəhbəri idi. Aerokosmik təbiətşünaslıq sahəsində nəhəng elmi mərkəz kimi hazırda da bu təşkilatlar öz fəaliyyətlərini davam etdirirlər.
- K. İsmayılov elmi fəaliyyətlə bərabər elmi pedaqoji sahədə də yorulmadan çalışmışdı. M. Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunun informasiya-ölçü texnika kafedrasının professoru idi. İki yüzdən çox elmi işlərin müəllifidir, onlardan doxsanı ixtiradır. Onun rəhbərliyi ilə 3 doktorluq və 12 elmlər namizədi dissertasiyaları müdafiə edilmişdi.
1991-ci ilin noyabr ayının 20-də Azərbaycan Respublikasının Dövlət Katibi Tofiq Kazım oğlu İsmayılov Qarabağın Qarakənd kəndi üzərində “Mİ-8” hərbi vertolyotunda faciəvi şəkildə həlak oldu.
Arif Mehdiyev
Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 2002-2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik. 1991–2003-cü illərdə Milli Aerokosmik Agentliyinin baş direktoru vəzifəsində çalışmışdır.
O, 1992-ci ildən Beynəlxalq mühəndis akademiyasının həqiqi üzvü, 1996-cı ildən isə Amerika astronavtika və aeronavtika institutunun üzvü olmuşdur.
Həyatı
Arif Mehdiyev 1934-cü il dekabr ayının 19-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952–1957-ci illərdə Moskva Elektrotexniki Rabitə İnstitutunda radiorabitə mühəndisi ixtisası üzrə ali təhsil almışdır.
Əmək fəaliyyəti
1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda başlayan Arif Mehdiyev 1961–1965-ci illərdə SSRİ Elektron Sənayesi Nazirliyinin tərkibindəki qapalı müəssisədə, 1965–1966-cı illərdə isə Azərbaycan Dövlət Plan Komitəsində böyük mühəndis, 1966-cı ildə yenidən Respublika Elmlər Akademiyasının Fizika İnstitutuna qayıdaraq 1974-cü ilədək burada böyük elmi işçi vəzifəsində çalışmışdır. Arif Mehdiyev 1973-cü ildən etibarən Azərbaycan Elmlər Akademiyasının sonralar Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutuna çevrilmiş “Xəzər” Elmi Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsində işləməyə başlamışdır. 1979-cu ildə o, həmin Mərkəzin əsasında yaradılmış Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda baş direktorun birinci müavini vəzifəsinə keçirilmişdir.
2001-ci ildə Arif Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti seçilərək 2007-ci ilədək bu vəzifəni icra etmişdir. 2002-ci ildən etibarən ömrünün sonunadək o, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsində çalışmışdır.
Mükafatları
18 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının ictimai–siyasi həyatında səmərəli fəaliyyətinə görə Arif Mehdiyev Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif edilmişdir
Elmi fəaliyyəti
Arif Mehdiyev 1969-cu ildə fizika–riyaziyyat elmləri üzrə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1987-ci ildə isə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Elmi araşdırmaları yarımkeçiricilər fizikası ilə yanaşı, kosmik informasiya sahəsi ilə sıx bağlı idi. O, Yer kürəsinin kosmosdan müxtəlif texniki vasitələrlə öyrənilməsinə dair fundamental əsərlərin müəllifidir. Onun rəhbərliyi altında aerokosmik informasiyasının alınması, çevrilməsi, ötürülməsi, emal olunması və təqdimatı sahəsində uzun illər ərzində elmi–tədqiqat və layihələndirmə işləri aparılmışdır. Alimin bu sahədə yeni texnologiyaların yaradılması və elmi konsepsiyaların formalaşmasında xidmətləri təqdirəlayiqdir. O, kosmik fəzanın tədqiqi üçün nəzərdə tutulmuş müxtəlif cihazların yaradılmasında səylər göstərmişdir. Arif Mehdiyev bir sıra aerokosmik eksperimentlərin təşkilatçısı və elmi rəhbəri kimi də tanınır. Onun tədqiqatları elmdə yeni istiqamət olan kosmik informatikanın formalaşması və inkişafına xüsusi töhfələr vermişdir. Alimin ekologiyaya aid əsərləri də mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir.Elmi yaradıcılığı ilə yanaşı pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək uzun illər ərzində Azərbaycan Neft Akademiyasının və Azərbaycan Aviasiya Akademiyasının professoru kimi yüksəkixtisaslı kadrların hazırlanmasında fəal iştirak etmişdir. Onun elm təşkilatçısı kimi də fəaliyyəti əvəzsiz olmuşdur.
Arif Mehdiyevin araşdırmalarının nəticələri ölkəmizdə və xaricdə nəşr edilmiş 300-dən artıq elmi əsərdə və 50-dən çox ixtirada öz əksini tapmışdır. Onun rəhbərliyi altında Azərbaycanda onlarla elmlər doktoru hazırlanmışdır.
Arif Şəfaət oğlu Mehdiyev 2016-cı il dekabrın 19-da 82 yaşında vəfat etmişdir.
Əflatun Həsənov
2003 – 2007-ci illərdə Azərbaycan Respublikası Milli Aerokosmik Agentliyinin baş direktoru vəzifəsində çalışmışdır. Baş direktor olduğu dövrdə ilk dəfə olaraq Azərbaycana kosmik məlumatların yerüstü qəbuledici “SCANEX” kompleksini gətirməyə nail olmuşdur.
Həyatı
1959-cu ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1983 – 2003‐cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasında Bio Mərkəzdə, Fizika və Radiasiya Problemləri İnstitutlarında müxtəlif vəzifələrdə çalışmış, o cümlədən, 13 il kimyəvi–fizika laboratoriyasına rəhbərlik etmişdir. 1985‐ci ildə aspiranturaya daxil olmuş və Leninqrad Dövlət Unversitetində (indiki Sankt – Peterburq) elmi–tədqiqatlarını vaxtından əvvəl yekunlaşdıraraq 26 yaşında namizədlik, 31 yaşımda isə doktorluq dissertasiyaları müdafiə etmişdir.
Elmi fəaliyyəti
Yerli və xarici jurnallarda çap olunan əsərlərinə, kitablarına, ixtiralarına, elmi–pedaqoji fəaliyyətlərinə, o cümlədən, 10 elmlər namizədi və 2 elmlər doktoru yerləşdirdiyinə görə 2004‐cü ildə professor adına layiq görülmüşdür. 2008‐ci ildən isə SOCAR‐ın Ekologiya İdarəsində rəis müavini, Böyük Britaniyanın BP şirkətidə konsultant və SOCAR‐ın Elmin İnkişafı Fondunun meneceri vəzifələrində çalışır. 150‐dən çox yerli və xarici jurnallarda çap olunmuş elmi məqalələri, o cümlədən, 13 patenti vardır.
Mükafatları
Bir çox mükafat və təltiflərə layiq görülmüşdür. Radiasiya fizikası və kimyası, hidrogen energtikası və plazma fizikası sahəsində çıxan əsərlərinə, ixtiralarına görə 2010‐cu ildə ABŞ‐ın “Qızıl” medalı, ABŞ Bioqrafiya İnstutunun Platin və İridiumdan hazırlanmış “Dünyanın səfiri” ordeninə layiq görülmüşdür. 19 sentyabr 2018-ci il tarixində Əflatun Mürsəl oğlu Həsənov “Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə mükafatlandırılmışdır.
Alçın Şirinzadə
2007–2019-cu illərdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru, texnika elmləri doktoru, professor.
Həyatı
Alçın Əlsəftər oğlu Şirinzadə 23 may 1951-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. O, 1968-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının neft-qaz yataqlarının işlənməsi fakültəsinə daxil olmuşdur.
Əmək fəaliyyəti
1973-cü ildə həmin fakültəni bitirərək ilk iş yerinə – Neft Daşlarına yollanmışdır. Əvvəlcə neft-qaz çıxarma operatoru, 1974–1975-ci illərdə mühəndis-texnoloq, mədən rəisinin müavini işləmişdir. 1975–1981-ci illərdə böyük mühəndis-texnoloq kimi fəaliyyət göstərmişdir. 1981–1984-cü illərdə neftçıxarma işində artıq təcrübə qazanmış və onu “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyində neft hasilatı şöbəsinə baş texnoloq təyin etmişlər. 1984–1990-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasının iqtisadiyyatın təşkili və idarə olunması kafedrasında dosent, 1990–1992-ci illərdə “Xəzərdənizneftqaz” İstehsalat Birliyində texniki şöbənin rəisi, 1992–1994-cü illərdə “Azneft” neft və qaz hasilatı baş idarəsində neftçıxarma üzrə istehsalat şöbəsinin rəisi, 1994–1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dənizdə neft-qazçıxarma İB-də baş mühəndisin müavini işləmişdir. 1996-cı ilin avqust ayından 2006-cı ilin əvvəlinə kimi “Neft Daşları” NQÇİ-nin rəisi vəzifəsində çalışmışdır. 2006-cı ilin fevralında isə Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihələşdirmə İnstitutunda direktorun elmi işlər üzrə müavini təyin olunmuşdur.
Elmi fəaliyyəti
1983-cü ildə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Milli Aerokosmik Agentliyində fəaliyyət göstərən Dissertasiya Şurasının sədri olmuşdur. Beynəlxalq Şərq Neft Akademiyasının həqiqi üzvüdür. 100-ə qədər məqalənin, 2 monoqrafiyanın müəllifidir. İxtiralara görə 15 müəlliflik şəhadətnaməsi almışdır. Azərbaycan Xəzər Universitetinin Direktorlar Şurasının üzvüdür.
Mükafatları
“Tərəqqi” medalı ilə təltif olunmuşdur.