Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmiş və 2004-cü ildən etibarən Milli Aerokosmik Agentliyində (MAKA) nəşr olunan “AMAKA-nın Xəbərləri” elmi jurnalında məqalələr müvafiq elmi istiqamətlərə uyğun olaraq 6 rubrikada (“Məsafədən zondlama”, “Ekologiya”, “Cihazqayırma”, “İnformasiya-ölçmə sistemləri”, “Mikroelektron element və qurğular” və “Digər elm sahələri”) dərc olunur. Jurnalın redaksiya heyətinin tərkibi 14 nəfərdən ibarətdir ki, onlardan 8 nəfəri MAKA-nın əməkdaşı, 4 nəfəri ölkəmizin, 2 nəfəri isə Rusiya Federasiyasının nüfuzlu elmi-tədqiqat mərkəzlərini təmsil edən alimlərdir. Ümumilikdə redaksiya heyəti üzvlərindən 4 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademikləri, 8 nəfəri elmlər doktoru və professordur.

Jurnalın səhifələrində MAKA-da təhsil alan doktorantlar və dissertantların məqalələri, həmçinin iş planı çərçivəsində aparılan elmi-tədqiqat işləri üzrə alınmış elmi nəticələr çap edilir.

Elmi dərəcə və elmi ad almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına (AAK) təqdim olunan sənədlərin sırasında doktorant və dissertantların çap olunmuş elmi məqalələrinin 2 nüsxədə kağız variantda göndərilməsi tələb edilir. Bundan başqa çap olunan dövri elmi nəşrlərə qoyulan tələblərə uyğun olaraq jurnalın 5 nüsxəsi AMEA-nın Mərkəzi Elmi Kitabxanasına, 2 nüsxəsi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına, 2 nüsxəsi AAK-a təqdim edilir.