Professor Tofİq Süleymanov-70

587
0
Share:

16 may 2025-ci il tarixində MAKA-da baş direktorun I müavini, elmi mühitdə yüksək nüfuza malik olan alim, Respublikamızda kosmik texnologiyaların vüsət almasında və agentliyin elm-istehsal fəaliyyətində xüsusi xidmətləri olan əhatəli təşkilatçı, yüksək insani keyfiyyətlərə malik şəxsiyyət, təcrübəli pedaqoq, texnika elmləri doktoru, professor Tofiq İbrahim oğlu Süleymanovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tofiq Süleymanov 16 may 1955-ci ildə Ermənistan Respublikasının Krasnoselo rayonunun Gölkənd kəndində anadan olmuşdur. 1972-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin ali məktəbi “Hesablama riyaziyyatı və kibernetika” ixtisası üzrə bitirmişdir. O, həmin ildən “Kaspi” Elmi Mərkəzində əmək fəaliyyətinə başlamış, burada mühəndis-riyaziyyatçı, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və şöbə rəisi vəzifələrində çalışmışdır. 

T.İ.Süleymanov kosmik texnologiyalar üzrə xüsusi təcrübə keçmək və aspiranturada təhsilini davam etdirmək üçün 1980-1988-ci illərdə SSRİ elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutuna və SSRİ Dövlət Hidrometeorologiya və Ətraf Mühitin Mühafizəsi Komitəsinə (Moskva şəh.) uzunmüddətli ezamiyyətə göndərilmişdir. Onun əldə etdiyi elmi nəticələr keçmiş Sovetlər Birliyinin nüfuzlu elmi mərkəzlərində, bir-sıra xarici ölkələrdə, o cümlədən ABŞ-da, Pakistanda, Niderlandda, Almaniyada nəşr olunmuş, beynəlxalq miqyaslı elmi-texniki forum və konfranslarda məruzə edilmişdir. Tofiq Süleymanov 1985-ci ildə “İnterkosmos” proqramı çərçivəsində təşkil edilmiş “Kursk-85” Beynəlxalq peykaltı eksperimentində Agentliyin mütəxəssislərindən ibarət işçi qrupuna rəhbərlik etmişdir. 

Tofiq Süleymanov 2004-cü ildən texnika elmləri doktoru elmi dərəcəsi almış, 2012-ci ildə professor elmi adına layiq görülmüşdür. O, 1992-1993-cü illərdə Milli Aerokosmik Agentliyinin idarə aparatında elmi-texniki idarə rəisinin müavini, 1994-cü ildən Agentliyin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun elmi katibi, 1995-2003-cü illərdə isə həmin institutun elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. T.İ.Süleymanov 2004-cü ildə Milli Aerokosmik Agentliyinin baş direktorunun I müavini vəzifəsinə təyin olunmuş, 2007-2008-ci illərdə MAKA-nın Ekologiya İnstitutunun direktoru işləmiş, 2008-ci ildən indiki dövrə qədər MAKA-nın baş direktorunun I müavinidir.

T.İ.Süleymanov 1990-cı ildən paralel olaraq pedaqoji fəaliyyətlə məşğul olmuş, əvvəlcə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində  dosent kimi çalışmış, 2004-cü ildən indiki dövrə qədər Milli Aviasiya Akademiyasının “Ətraf Mühitin Aerokosmik Monitorinqi” kafedrasının professorudur. O, Milli Aerokosmik Agentliyi nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının sədri, Birləşmiş Elmi-Texniki Şuranın və Direktorlar Şurasının sədr müavinidir. O, həmçinin MAKA-da dövri olaraq nəşr edilən “Azərbaycan Milli Aerokosmik Agentliyinin Xəbərləri” və “Xüsusi Texnika və Texnologiyalar” jurnalının baş redaktorunun müavinidir. Onun rəhbərliyi ilə 10-dan artıq gənc mütəxəssis kosmik elm və texnologiyaların müxtəlif sahələri üzrə dissertsiya işlərini müdafiə etmişlər.

Tofiq Süleymanov 200-dən artıq elmi məqalənin, 4 monoqrafiyanın və elmi-metodiki vəsaitin müəllifidir. O, 2002-ci ilin iyununda Türk Dünyası Araşdırmaları Dövlətlərarası Elmlər Akademiyasının akademiki seçilmiş, 1988-ci və 1991-ci illərdə SSRİ Ümumi Maşınqayırma Nazirliyinin “Rəhbər İşçilərin və Mütəxəssislərin İxtisasartırma İnstitutu”nun (Moskva) dinləyicisi kimi xüsusi diplomlara layiq görülmüşdür.

  O, 1991-ci ildə SSRİ Kosmonavtika Federasiyasının “Akademik S.P. Korolyov adına medalı”, 2004-cü ildə AMEA-nın Yer Elmləri Bölməsinin “Fəxri Fərmanı”, 2005-ci ildə AMEA-nın “Fəxri Fərmanı”, 2010-cu ildə Respublika Prezidentinin Sərəncamı ilə “Tərəqqi medalı”, 2013 və 2017-ci illərdə YAP Binəqədi Rayon Təşkilatının “Fəxri Fərmanı” ilə təltif olunmuşdur. 

T.İ.Süleymanovun Milli Aerokosmik Agentliyinin institutlarında və konstruktor bürolarında aerokosmik ekoloji monitorinq, ətraf mühitin mühafizəsi, təbii-dağıdıcı proseslərin qiymətləndirilməsi, həmçini işğaldan azad olunmuş ərazilərdə geolandşaft strukturunun vəziyyət parametrlərinin qiymətləndirilməsi, baş vermiş ekoloji proseslərin dinamikasının öyrənilməsi istiqamətində qazanılmış mühüm nailiyyətlərdə birbaşa böyük əməyi olmuşdur. Bununla yanaşı, o, Müdafiə Sənayesi Nazirliyinin fəaliyyət dairələrinə uyğun olan mövzuların işlənilməsində, müdafiə təyinatlı məmulatların yaradılması və modernləşdirilməsi kimi layihələrin həyata keçirilməsində öz təkliflərini vermiş, digər yeni sahələr üzrə elmi-tədqiqat işlərinin əhatə dairəsinin genişlənməsində xüsusi xidmətləri olmuş, istedadlı gənclərimizin öz potensiallarını nümayiş etdirməsi, onların yaradıcılıq təkliflərinin qiymətləndirilməsi üçün səylərini əsirgəməmişdir.

Uzun illər ərzində yüksək peşəkarlığı, prinsipial mövqeyi və intellektual potensialı ilə elmi-texniki tərəqqiyə töhfələr vermiş professor Tofiq Süleymanov bu gün də ölkəmizin strateji sahələrində aparıcı mütəxəssislərdən biri kimi fəaliyyətini uğurla davam etdirir.

Bu əlamətdar yubiley münasibətilə professor Tofiq İbrahim oğlu Süleymanovu səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, firavan həyat və gələcək fəaliyyətində davamlı uğurlar arzu edirik.



Share: