Milli Aerokosmik Agentliyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibəti ilə tədbir keçirildi. Heydər Əliyevin MAKA-daki büstü önünə gül dəstəsi qoyuldu və onun xatirəsi dərin ehtiramla yad edildi. İclas zalında davam edən tədbirdə bir dəqiqəlik sükutdan sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan MAKA-nın baş direktoru, professor Natiq Cavadov 1969-cu ildən Heydər Əliyev Azərbaycana rəhbər seçildikdən sonra, ölkəmizin tarixində yeni səhifənin başlandığını, Respublika iqtisadiyyatının inkişafında onun xidmətlərini, sonrakı onilliklər ərzində qazanılan uğurları xüsusilə vurğuladı.
O, Heydər Əliyevin siyasi səhnəyə gəlişi ilə Azərbaycan tarixində dönüş nöqtəsinin yarandığını, bütün sahələrdə əhəmiyyətli dirçəlişə yol açıldığını, ən mühüm problemlərdə biri olan milli kadr potensialının formalaşmasını ön plana çəkildiyini xüsusilə geyd etdi. Tədbirin sonunda professor Natiq Cavadov həmçinin Ulu Öndər tərəfindən müəyyən edilmiş strateji inkişaf xəttinin bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi haqqında söz açdı.