Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu əməkdaşları və Azərbaycan Memarlıq və İnşaat Universiteti birgə seminar keçirmişlər.

219
0
Share:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika və İnformasiya texnologiyaları fakültəsində elmi seminar keçirilib. Seminar İnformasiya texnologiyaları və sistemləri kafedrası, həmçinin “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik” ETL laboratoriyası ilə Milli Aerokosmik Agentliyin Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu arasında əməkdaşlıq çərçivəsində baş tutub. Seminarın mövzusu “Kibertəhlükəsizlik və onun müdafiə sənayesində tətbiqi” olub.

Elmi seminarda “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik” ETL laboratoriyasının müdiri, t.ü.f.d., dosent Əliyeva Günel mövzu üzrə geniş təqdimatla çıxış edib. Məruzə zamanı kibertəhlükəsizlik sahəsində müasir təhdidlər, onların aşkarlanması və qarşısının alınması metodları ətraflı şəkildə izah olunub.

Daha sonra Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun əməkdaşları “Ölçmə sistemləri şöbəsi”-nin böyük elmi işçisi, doktorant Ağakişizadə Arzu -“Əsas kibertəhlükəsizlik təhdidləri və ən vacib müdafiə metodları”, “Xüsusi Təyinatlı İdarəetmə Sistemləri şöbəsi”-nin kiçik elmi işçisi, magistr İsgəndərova Çinarə – “Şəbəkə təhlükəsizliyinə edilən hədələrin təhlili və informasiya təhlükəsizliyinin təmin edilmə üsulları” və “Radioelektron mübarizə vasitələri şöbəsi”-nin elmi işçisi, doktorant Əzizullayev Muxtar- “Kiber Təhlükəsizlik və Radioelektron Mübarizə Şəraitində PUA Telemetriya sistemlərinin effektivliyi” mövzuları üzrə məruzələrlə çıxış ediblər. Məruzələrdə kibertəhlükəsizliyin müxtəlif texnoloji aspektləri və onların hərbi və sənaye sahələrində tətbiqi məsələləri əhatə olunub.

Seminar iştirakçıları tərəfindən mövzu böyük maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub. Sonda iştirakçıların sualları cavablandırılıb və gələcək əməkdaşlıqlar üçün perspektivlər müzakirə olunub.

Share: