MİLLİ AEROKOSMİK AGENTLİYİNİN ƏMƏKDAŞLARI COP29 TƏDBİRİNDƏ

220
0
Share:

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur. Sayca 29-cu olan bu konfransa bu il beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsi üzrə zəngin təcrübəyə malik olan Azərbaycan sədrlik edir. Tədbir 11 – 22 noyabr 2024-cü il tarixlərini əhatə edir. COP29-un əsas prioriteti qlobal istiləşməni nəzarətdə saxlamaq və temperatur artımını 1,5°C-dək aşağı salmaq üçün emissiyaların azaldılması istiqamətində əsaslı, çevik və dayanıqlı fəaliyyət göstərmək, bu təşəbbüs çərçivəsində bütün tərəfləri bir araya gətirməkdir. COP29 bir-birini qarşılıqlı şəkildə dəstəkləyən iki yanaşı istiqamətə əsaslanır. Ambisiyaların artırılmasını nəzərdə tutan birinci istiqamət bütün tərəflərin iddialı milli planlara və şəffaflığa sadiqliyini təmin etmək üçün əsas komponentləri özündə ehtiva edir. Fəaliyyətə təkan verməyi nəzərdə tutan ikinci istiqamət isə ambisiyaları fəaliyyətə çevirmək, emissiyaları azaltmaq, iqlim dəyişmələrinə uyğunlaşmaq, itki və zərəri aradan qaldırmaq üçün əsas vasitələrdən biri olan maliyyənin vacib rolunu əks etdirir.

Ölkəmizdə təşkil olunan bu nüfuzlu beynəlxalq tədbirdə Milli Aerokosmik Agentliyinin (MAKA) 60-a yaxın əməkdaşı 19 – 21 noyabr 2024-cü il tarixlərində “Qida, Kənd Təsərrüfatı və Su Günü” və Yaşıl Zonada keçirilən digər tədbirlərdə iştirak etmiş və nümayiş olunan bir sıra sərgilərlə tanış olmuşlar. “Azersun Holding”in “Yerli aqroməhsullar ilə dayanıqlı turizmin gücləndirilməsi”, “Agro Dairy”in dayanıqlı kənd təsərrüfatı, “Extreme Hangout-Ekoloji bilik" tələbə sərgisi”, “Extreme Hangout”un “Dəyişikliyin toxumları: torpaq sağlamlığı ilə kənd təsərrüfatı və ərzaq təminatının transformasiyası” tədbirlərində olan əməkdaşlar, həmçinin “Loving Hut Paneli”ndə “Vegan best climate solution” adlı çıxış və “Fins Fishing Paneli”ndəki debat izlənilmiş və “Endowment fund to Africa” panelində Afrika ərazisində çirklənmədən əziyyət çəkən insanlara ayrılmış yardım fondu haqqında məlumat əldə etmişlər.  Daha sonra “Isha Sadhguru” fondunun təşkil etdiyi “Save soil” layihəsi dinlənilmişdir. “Global Alliance of Universites on Climate”in təşkil etdiyi paneldəki debatda karbon qazının emisiyasının azaldılması üçün görülməli tədbirlər, bu problemin həlli üçün ölkələrin əməkdaşlığı və gənc ekoloqların cəlb edilməsi haqqında ətraflı məlumat əldə etmişlər. 

MAKA əməkdaşları Heydər Əliyev Fondunun, Bakı Ağ Şəhərin, Azərsunun, Kapital Bank və qardaş Türkiyə Respublikasının təşkil etdiyi pavilyonlarda iştirak edərək, orada təqdim olunan yeni texnoloji nailiyyətlərlə tanış olmuşlar.

Share: