30 oktyabr 2024-cü il tarixində Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin sədrliyi ilə Elmi şuranın iclası keçirilmişdir. İclası açıq elan edən rektor, akademik Arif Paşayev iclasın gündəliyində “TEKNOFEST 2024” iştirakçılarını da qeyd edərək diqqətə çatdırmışdır.
Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosunun Uçuş aparatlarının layihələndirilməsi və kompleksləşdirilməsi şöbəsinin rəisi və Aerokosmik cihazlar kafedrasının müəllimi Əliağa Sahibcanov “TEKNOFEST 2024” Aerokosmik və Texnologiya festivalının qalibi olan “Peyk modeli” layihəsi haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Türkiyənin Adana şəhərində təşkil olunmuş festivalda Milli Aviasiya Akademiyasının tələbələrindən və Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin əməkdaşlarından ibarət “Orion” komandası Azərbaycanı uğurla təmsil edərək, ikinci yerə layiq görülmüşdür.
Sonda akademik Arif Paşayev Əliağa Sahibcanova əldə etmiş olduqları nailiyyət münasibətilə təbrik ünvanlamış və komandanı təltif etmişdir.