EKOLOGİYA İNSTİTUTUNUN DİREKTORU, PROFESSOR BƏHRAM ƏLİYEV “ADEX-2024” SƏRGİSİNDƏ KEÇİRİLƏN PANEL MÜZAKİRƏDƏ ÇIXIŞ EDİB

158
0
Share:

Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə 26 sentyabr 2024-cü il tarixində Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində “Dəyişən təhdidlər: ətraf mühitin mühafizəsi istiqamətində kollektiv qayğılar” mövzusunda panel müzakirəsi keçirilib. 

Panel müzakirədə Milli Aerokosmik Agentliyinin (MAKA) Ekologiya İnstitutunun direktoru, professor Bəhram Əliyev “Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji problemləri” adlı mövzusu ilə çıxış edib.

Bəhram müəllim qlobal ekoloji problemlər haqqında danışaraq xüsusi qeyd edib ki, Ermənistanın 30 il ərzində işğal altında saxladığı torpaqlarda törətdiyi ağır cinayətlər sırasında böyük miqyaslı ekoloji terror da yer alıb. İkinci Qarabağ savaşında qazandığımız qələbəyə baxmayaraq, düşmənin törətdiyi ekosidin nəticələri bu gün də özünü göstərməkdədir. Qərb qonşumuzun törətdiyi terror nəticəsində regionun ekologiyası ciddi təhlükələrlə üz-üzə qalıb. Belə ki, həmin ərazilərdə bioloji müxtəlifliyə, flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilər yandırılıb, su resursları çirkləndirilib, qiymətli ağac növləri ilə zəngin olan meşələr bütünlüklə məhv edilib. Bundan başqa, yeraltı və yerüstü sərvətlərin məqsədli şəkildə talan edilməsi bölgədəki ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb. 

Bununla əlaqədar olaraq iştirakçıların nəzərinə çatdırıb ki, MAKA-nın Ekologiya İnstitutu tərəfindən işğaldan azad olunmuş torpaqlarda yaranmış ekoloji problemlərin aradan qaldırılması istiqamətində elmi-tədqiqat işləri aparılır. LANDSAT-5 (1989) və LANDSAT-8 (2021) peyklərindən alınmış məlumatlar əsasında işğaldan azad olunmuş ərazilərin işğal dövründə olan bitki örtüyünün vəziyyəti Ekologiya İnstitutu tərəfindən tərtib olunmuş xəritələrdə aydın göstərilib.

Həmçinin məruzəçi ekoloji problemlərin həlli yolları və 11 – 22 noyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında da geniş məlumat verib. Daha sonra Bəhram Əliyev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov və dinləyicilər tərəfindən verilən sulları ətraflı şəkildə cavablandırıb.

Share: