MİLLİ AEROKOSMİK AGENTLİYİNDƏ BİRLƏŞMİŞ ELMİ-TEXNİKİ ŞURANIN İCLASI KEÇİRİLMİŞDİR

119
0
Share:

13 sentyabr 2024-cü il tarixində Milli Aerokosmik Agentliyində (MAKA) Birləşmiş Elmi-Texniki Şuranın (BETŞ) növbəti iclası keçirildi. İclasda MAKA-nın baş direktoru, professor Natiq Cavadov, BETŞ üzvləri və cari ildə doktoranturaya qəbul olunmuş doktorantlar iştirak etdilər. MAKA-nın baş direktoru professor Natiq Cavadov iştirakçıları salamlayaraq gündəlikdə olan məsələləri onların nəzərinə çatdırdı. 

İlk öncə professor Natiq Cavadov Türkiyə Respublikasında keçiriləcək “TEKNOFEST – 2024” Aviasiya, Kosmos və Texnologiya Festivalında “ORION” model peyk komandası adı altında iştirak edəcək MAKA əməkdaşlarını təqdim etdi. Komandanın kapitanı Əliağa Sahibcanov hazırladıqları model peyk layihəsi haqqında ətraflı məlumat verdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Natiq Cavadov Türkiyəyə yola salınan Əliağa Sahibcanova və komandanın digər üzvlərinə uğurlar arzuladı. Qeyd etmək lazımdır ki, 157 komanda ilə başlayan və hal-hazırda seçilmiş 15 komandanın iştirakı ilə keçirilən “TEKNOFEST – 2024” Festivalında Azərbaycan Respublikasını təmsil edən 7 nəfərdən ibarət olan “ORION” model peyk komandasının 5 üzvü Müdafiə Sənayesi Nazirliyinin, həmin tərkibdə yer alan 3 üzv isə MAKA əməkdaşlarıdır.

Sonra baş direktorun 1-ci müavini, texnika elmləri doktoru, professor Tofiq Süleymanov MAKA-da elmi-texniki fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi barədə  məruzə ilə çıxış etdi.

Daha sonra isə  MAKA-nın doktorantura və dissertantura üzrə baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru Amidə Əliyeva  2024-cü ilin qəbul planına əsasən elmlər doktoru proqramı üzrə dissertant kimi fəaliyyət göstərmək istəyən əməkdaşlar barədə, həmçinin elmi adların verilməsi ilə əlaqədar Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması ilə əlaqədar MAKA-nın tabe təşkilatlarının 3 əməkdaşı və monoqrafiyanın dərc olunmasına icazə verilməsi üçün 3 əməkdaş barədə məlumat verdi. Təklif səsə qoyuldu və yekdilliklə qəbul edildi. 

İclasın sonunda elmi-texniki fəaliyyətin səmərəliliyinin artırılması mövzusu ətrafında müzakirələr aparıldı, iştirakçılar öz təkliflərini verdilər.

Share: