AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ İDARƏETMƏ SİSTEMLƏRİ İNSTİTUTUNDA ELMİ SEMİNAR KEÇİRİLİB

181
0
Share:

30 avqust 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu (İSİ), Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyi (MAKA) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Su ehtiyatlarının qorunması üçün müasir texnologiyaların tətbiqi” mövzusunda birgə elmi seminar keçirildi. Seminarda sözügedən elmi müəssisələrin idarə heyəti, müvafiq laboratoriya və şöbə əməkdaşları, professor və müəllim heyəti iştirak etdilər.

Tədbiri giriş nitqi ilə açan İSİ-nin baş direktoru, akademik Əli Abbasov qonaqları salamlayaraq cari ilin 11-22 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində baş tutan elmi seminarın önəmini qeyd etdilər.

Elmi seminarda “Sualtı pilotsuz aparatların və robototexnik cihazların köməyi ilə böyük su hövzələrində çirklənmənin qarşısının alınması üçün monitorinq sisteminin tətbiqi” adlı layihəni Çin Xalq Respublikasının “Çin Milli Talant” beynəlxalq qrant proqramı çərçivəsində yerinə yetirilən layihə ətrafında əsas məruzəçi qismində Çinin Shaoxing Universitetinin Jean-Guy Beynəlxalq Birgə Laboratoriyasının rəhbəri, Pierre və Marie Curie Universitetinin Paris Robototexnika Laboratoriyasının (LRP) direktoru, professor Jean-Guy Fontaine və Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin (BEA AB) prezidenti, Çinin Wenzhou Universitetinin professoru Elçin Xəlilov təqdim ediblər. Layihənin əsas məqsədi – professor Jean-Guy Fontainenin ixtirası olan xüsusi datçikin vasitəsi ilə su hövzələrinin səthinin təmizlənməsidir. Su hövzələrində toksiki problemlərin aşkarlanmasında sistemin rolunu vurğulayan alim onun sınaqdan keçirildiyini və əməkdaşlığa hazır olduqlarını qeyd edib.

Həmçinin elmi seminarda professor Jean-Guy Fontaine “İntellektual ekoloji monitorinqlərin aparılmasında suüstü və sualtı pilotsuz və robototexniki aparatların istifadəsi” mövzusu ilə də  çıxış edib. Su hövzələrinin çirklənməsinin qarşısının alınması üsullarından bəhs edən alim nanotexnologiyalardan istifadə olunan müasir dövrdə ənənəvi və yeni metodların birgə istifadəsinin önəmini qeyd edib. Bildirib ki, hazırda monitorinqin aktual olduğu sahələrdən biri də məhz neft hasilatıdır ki, burada robototexnikalardan istifadə etməklə effektiv nəticə əldə etmək mümkün olur.

       Elmi seminarda Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunun direktoru, Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəhram Əliyev çıxış edərək təqdim olunan layihənin ekosistemin qorunmasında mühüm əhəmiyyətə malik olduğunu bildirib və ölkələrimiz arasında bu sahədə əməkdaşlığın qurulmasının zəruriliyindən bəhs edib. Azərbaycanın əsas ekoloji problemləri kimi qlobal iqlim dəyişmələri, torpaqların deqradasiyası, ərzaq təhlükəsizliyi və şirin su qıtlığını, Xəzər dənizinin ekoloji problemlərini qeyd edən professor sözügedən məsələlərin aradan qaldırılmasında dövlət başçısının müvafiq sərəncamlarından irəli gələn vəzifələrdən söz açıb.  Bəhram Əliyev həmçinin COP 29 ərəfəsində keçirilən bu seminarın xüsusi əhəmiyyət kəsb etdiyini də qeyd etdi.

Çıxışlardan sonra seminar iştirakçıları tərəfindən təqdim olunan layihə ilə bağlı suallar səsləndirilib, geniş müzakirələr aparılıb.

Share: