MİLLİ AEROKOSMİK AGENTLİYİNDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ GƏLMƏSİNİN 55-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR OLARAQ TƏDBİR KEÇİRİLMİŞDİR

306
0
Share:

12 iyul 2024-cü il tarixində Milli Aerokosmik Agentliyində (MAKA) Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş nitqi ilə açan MAKA-nın baş direktorunun müavini Nazim Əliyev bildirdi ki, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna özəlliyi  var. Məhz həmin tarixdən başlayaraq ölkəmizin bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin Azərbaycan SSRİ-yə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, Respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə,  xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir. 

Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da yüksək zirvələr fəth edir. Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Ulu Öndər Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır.

Tədbirin sonunda “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı” adlı videoçarx nümayiş olundu.

Share: