25 iyun 2024-cü il tarixində Milli Aerokosmik Agentliyinin iclas zalında Nazilə İsaq qızı Məmmədovanın 2426.01 – “Ekologiya” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Köhnə neft yataqlarında çıxarılan lay sularının ekoloji idarə olunmasında yeni sinif nanokompozitlərin tətbiqi (Siyəzən neft yataqlarının timsalında)” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir.
Milli Aerokosmik Agentliyinin baş direktorunun I müavini texnika elmləri doktoru, professor Tofiq Süleymanovun sədrlik etdiyi seminarda iddiaçının elmi rəhbəri texnika üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Tacı oğlu Mürvətov, rəsmi opponentlər, institutun əməkdaşları və dəvət olunan qonaqlar iştirak etmişdir. Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru Amidə Əliyeva iddiaçının anket məlumatları haqqında məlumat vermişdir.
Daha sonra, iddiaçı dissertasiya işinin aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, əsas elmi yenilikləri haqqında seminar iştirakçılarına qısa məlumat verərək, verilən sualları cavablandırmışdır.
Tədqiqat işi Dissertasiya şurasının üzvləri tərəfindən yüksək qiymətləndirilərək namizədin texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğu bildirdilər.