MƏKTƏBLİLƏRİN MİLLİ AEROKOSMİK AGENTLİYİNƏ SƏFƏRİ

199
0
Share:

2024-cü il 10 iyun tarixində Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti Milli Aerokosmik Agentliyinə (MAKA) səfər ediblər. İlk öncə müəllimlər Sevil Namazova, Gülmirə Baxşəliyeva və ll sinif şagirdləri Ekologiya İnstitutunun (Eİ) direktoru professor Bəhram Əliyevin və digər Eİ əməkdaşlarının müşayiəti ilə MAKA-nın inzibati ərazisində yerləşən Vətən müharibəsində şəhid olmuş əməkdaşların xatirəsinə həsr edilmiş “Şəhidlər Memorial Abidə Kompleksi”ni və “Tofiq İsmayılov adına kabinet muzeyi”ni ziyarət etdilər.

Məktəblilərin məqsədi – ekoloji problemlərlə tanış olmaq idi. Bu səbəbdən məktəblilərə Azərbaycanın ekoloji problemləri ilə bağlı videoçarx nümayiş etdirildi. Sonra Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov və professor Bəhram Əliyev özlərini “balaca sarıköynək jurnalist” adlandıran şagirdlər tərəfindən verilən sualları ətraflı cavablandırdılar. Həmçinin professor Natiq Cavadov qeyd etdi ki, bu il COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmiz üçün çox əhəmiyyətli bir ildir. COP29-un əsas məqsədi – iqlim dəyişikliyi ilə mübarizədir, yəni karbon qazının miqdarını 2030-cu ilədək  – 35%, 50-ci ilədək – 40% azaltmaqdır. 

 Azərbaycanın ekoloji problemlərinə böyük maraq göstərən şagirdlər və onların müəllimələri MAKA-nın baş direktoru, professor  Natiq Cavadova, Ekologiya İnstitutunun direktoru Bəhram Əliyevə və Eİ-nin əməkdaşlarına öz dərin minnətdarlığını bildirdilər.

Share: