BAKU EKSPO MƏRKƏZİNDƏ “29-CU BEYNƏLXALQ XƏZƏR NEFT VƏ QAZ SƏRGİSİ” KEÇİRİLİR

251
0
Share:

2024-cü il 5 iyun tarixində Milli Aerokosmik Agentliyinin baş direktoru professor Natiq Cavadov və nümayəndə heyəti Baku Ekspo Mərkəzində təşkil olunan “29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə iştirak etmişdilər. Sərgi, 2024-cü il 4 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə öz işinə başlamışdır.  

Sərgidə Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin sədri Ceyhun Xəlilov MAKA-nın baş direktoru, professor Natiq Cavadova və nümayəndə heyətinə öz məhsulları barədə ətraflı məlumat vermişdir. Daha sonra “OLİMP” şirkətinin sərgidə nümayiş olunan məhsulları ilə yaxından tanış olan MAKA-nın baş direktoru, professor Natiq Cavadov sərgidə iştirak edən digər şirkətləri və pavilyonları ziyarət etmiş və təqdimatları izləmişdir. Sərgidə iştirak edən “PROFİ TOOLS” şirkətinin termal kameraları, rəqəmsal multimetrləri, elektrikli əl alətləri, fiber-optik qaynaq cihazları və digər məhsulları nümayəndə heyətinin marağına səbəb olmuşdur.

Hər il keçirilən “Caspian Oil & Gas” sərgisi neft-qaz sahəsinin ən yüksək səviyyəli rəhbər və mütəxəssislərini bir araya gətirir. Ötən ildən başlayaraq “Xəzər Neft və Qaz Sərgisi” “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilir. “Caspian Oil & Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı arenaya çevrilmişdir. Sərgi və konfrans iştirakçıları arasında qlobal neft və energetika sektorunun aparıcı şirkətləri də yer alır.

Sərgi 2024-cü il 6 iyun tarixinə kimi davam edəcəkdir.

Share: