2024-cü il 31 may tarixində Milli Aerokosmik Agentliyində “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə rəsm sərgisi keçirilmişdir.
Sərgidə MAKA-nın əməkdaşlarının az yaşlı övladlarının rəsmləri nümayiş olunmuşdur.
Tədbir MAKA-nın inzibati ərazisində yerləşən Vətən müharibəsində şəhid olmuş əməkdaşların xatirəsinə həsr edilmiş “Şəhidlər Memorial Abidə Kompleksi”nin ziyarəti ilə başlanıldı.
Akt zalında davam edən tədbirdə Azərbaycan Dövlət Himni səsləndirildi, vətən uğrunda canından keçən şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Milli Aerokosmik Agentliyinin baş direktorun I müavini, professor Tofiq Süleymanov və Həmkarlar İttifaqı Təşkilatının sədri Şirin Məmmədov uşaqları “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə təbrik edib, onlara xoşbəxtlik və səadət, firəvan həyat, uzun ömür, can sağlığı arzuladılar. Tofiq Süleymanov çıxış edərək hər zaman sonsuz sevgi və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin uşaqlara daim böyük qayğı və diqqət göstərdiyini, onların ən böyük himayədarı olduğunu vurğuladı.
Sonda rəsm sərgisinə qatılan bütün uşaqlara hədiyyələr və Təşəkkürnamələr təqdim olundu.