Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdİm edİlmİşdİr

391
0
Share:

Silahlı mübarizə vasitələrinin inkişafı, yeni təhdidlərin, təhlükə və risklərin meydana çıxması adekvat olaraq bir çox müxtəlif mühafizə növlərinin yaranmasına səbəb olur. Müasir şəraitdə müharibənin aparılma vasitələrinin yüksək inkişafı müşahidə olunmaqdadır. Ənənəvi silah növləri modernləşdirilir və təkmilləşdirilir. Hazırda lokal müharibələrdə sərbəst, geniş hərbi əməliyyatlarda hücum edən və müdafiə olunan düşmən vasitələrinin məhv edilməsinə xidmət edən ənənəvi silah növləri ilə birgə tətbiq ediləcək qeyri-ənənəvi silah növlərinin – yüksək dəqiqliyə malik və yeni fiziki prinsipli silahların işlənib hazırlanması davam etdirilir. Bu baxımdan Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin əməkdaşları, texnika elmləri doktorları, professorlar Natiq Cavadov, Elçin İsgəndərzadə və Hikmət Əsədovun Azərbaycan Respublikasının Elm Sahəsində Dövlət Mükafatına təqdim etdikləri “Müasir hərbi döyüş sistemlərinin effektivliyinin yüksəldilməsi üzrə kompleks elmi tədqiqatlar” adlı fundamental nəzəri-təcrübi araşdırmalarda qarşıya qoyulan məsələləri olduqca aktual hesab etmək olar.

Təqdim edilmiş fundamental tədqiqatların I fəsli  “Tankların və digər yerüstü hərbi texnikanın infraqırmızı siqnaturlarının hesablanması və onların kəşfiyyat qurğularından yayınma üsullarının təkmilləşdirilməsi”nə həsr olunmuşdur. Müəlliflər tankların və digər yerüstü texnikanın infraqırmızı siqnaturlarının hesablanması, onların müxtəlif uçan aparatlar vasitəsilə təyin edilməsi zamanı atmosferin təsirinin qiymətləndirilməsi üzrə mövcud metodikaları, eləcə də adıçəkilən texnikaların kəşfiyyat vasitələrindən yayınması üzrə mövcud üsulların (“tüstü ekranı”, kamuflyaj, örtüklərin çəkilməsi) reallaşdırma metodikalarını təhlil etmiş və təkmilləşdirmişlər.

II fəsil “Yerüstü hərbi texnikanın infraqırmızı siqnaturunun yeni model hesablanması metodikasının, onun yaxın və uzaq məsafədən ölçülməsi üsullarının işlənilməsi” məsələsinə həsr edilmişdir. Burada Yerüstü hərbi texnikanın infraqırmızı siqnaturunun yaxın məsafədən ölçülməsi və yeni statik model hesablanması metodikasının, həmçinin onun uzaq məsafədən, o cümlədən uçan aparatlardan ölçülməsi metodikası işlənilmişdir.

III fəsildə “Görünən və infraqırmızı oblastda aşkarlanma əlamətləri və aşkarlanmadan qorunma üsullarının təsnifatı” verilmişdir. Bu bölmədə Yerüstü hərbi texnikanın infraqırmızı kəşfiyyat vasitələrindən “tüstü ekranı” yaratmaqla və  “kamuflyaj” (gizlətmə) üsulu ilə yayınma üsulu işlənilmişdir. Bundan başqa hərbi texnikanın kamuflyajı sahəsində istifadə edilən yüksək texnoloji üsullar, eləcə də ABŞ ordusunda istifadə edilən LCSS kamuflyaj sistemi barədə məlumatlar ətraflı şəkildə təhlil edilmişdir.

IV fəsildə müəlliflər daha geniş araşdırma apararaq çox aktual məsələyə toxunmuşlar. Belə ki, burada Zirehli texnikanın yüksək dəqiqlikli silahdan aktiv müdafiə sisteminin fəaliyyət prinsipinin, alqoritminin və layihələndirmə metodikasının işlənilməsinə baxılmışdır. Bunun üçün infraqırmızı təsvirlərin dəyişikliyi səbəblərinin və nöqtəvarı hədəfin infraqırmızı siqnaturunun dəyişikliyinin analizi aparılmış, infraqırmızı təsvirlər ardıcıllığında çoxsaylı nöqtəvarı hədəflərin cəld aşkarlanması məsələləri, infraqırmızı oblastda təsvirlərin alınması və təsvirlərin dəyişkənliyi, mərminin aşkar edilməsi  anında xətanın yaranması, atmosferin optik qalınlığının dəyişməsinə səbəb ola bilən faktorlar təhlil edilmiş,  nöqtəvari hədəfin infraqırmızı diapazonda radiasiyasının məsafədən ölçülməsi xətası qiymətləndirilmişdir. Həmçinin idarə olunan, səsdən yüksək sürətli tank əleyhinə mərmilərin yeni aşkarlanma üsulu, hədəflərin siqnatur dəyişikliyinə qarşı davamlı olan multikriterial aşkarlanma prinsipi, kiçik və nöqtəvari hədəflərin aşkarlanması üçün təsvirlərin ilkin emalı alqoritmi, hiperspektral təsvirlərdə nöqtəvari hədəflərin aşkarlanması alqoritmi, nöqtəvari hədəfləri aşkarlamaq üçün multikriterial hiperspektral üsullar və digər metodikalar işlənilmişdir.

Digər bölmələrdə müasir dövrdə vacib əhəmiyyət kəsb edən hərbi kəşfiyyat dronlarının yerdən vizual müşahidə edilməməsi üçün kolorimetrik-lüminessent metodikası, Lazer silahından müdafiə üsulu, hava, su və yer mühitində fəaliyyət göstərən döyüş robotlarının mövqe dəqiqliyinin yüksəldilməsi metodikası işlənilmiş, eləcə də aviasiya məhvetmə vasitələrinin yarımaktiv lazer özüyönələn başlığının layihələndirilməsi,  Ladarın (lidarın) və daşınan lazer optik-elektron dəfetmə qurğusunun yaradılması problemləri həll edilmişdir.

Ümumiləşdirilmiş şəkildə qeyd edə bilərəm ki, aparılmış tədqiqat işlərinin geniş miqyasına, beynəlxalq aktuallığına, böyük iqtisadi səmərəliliyinə, yüksək texniki göstəricilərinə görə texnika elmləri doktorları,  professorlar Natiq Cavadov, Elçin İsgəndərzadə və Hikmət Əsədovun müəllifləri olduğu “Müasir hərbi döyüş sistemlərinin effektivliyinin yüksəldilməsi üzrə kompleks elmi tədqiqatlar” adlı fundamental elmi işlər Azərbaycan Respublikasının Elm Sahəsində Dövlət Mükafatına təqdim olunmasını tövsiyə edirəm. 



Fəxrəddin AĞAYEV 

Akademik Tofiq İsmayılov adına Təbii Ehtiyyatların 

Kosmik Tədqiqi İnstitutunun direktoru, 

texnika elmləri doktoru, professor.

Share: