Azərkosmos “Yer səthinin məsafədən müşahidəsi” üzrə növbəti dəfə elmi müsabiqə elan edir.
Müsabiqənin əsas məqsədi peyk təsvirləri, o cümlədən Azersky peykinin arxiv təsvirlərinin Azərbaycanda istifadəsini əlçatan etmək və ölkə daxilində peyk təsvirləri ilə həyata keçirilən layihələrin inkişafını sürətləndirmədir. Builki müsabiqənin qeydiyyat mərhələsi 1 mart – 31 may tarixləri arasında keçiriləcək.
Bu ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində sözügedən müsabiqənin mövzusu da iqlim dəyişikliyi və onunla mübarizədə kosmik həllərin tətbiqinə həsr olunub. Bu da öz növbəsində Azərbaycanın ev sahibliyi edəcəyi “COP29” tədbirinin diqqət mərkəzində olduğunu və ölkəmizdə “Yaşıl dünya” dəyərlərinin təbliğ edildiyini göstərir.
Qeyd edirik ki, müsabiqəyə yaşı 18-35 arası olan tələbələr, müəllimlər, elmi-tədqiqat institutları, fərdi tədqiqatçılar, dövlət müəssisələri və özəl sektoru təmsil edən tədqiqatçılar qatıla bilərlər.
Müsabiqəyə qoşulan tədqiqatçılar kənd təsərrüfatı, ekologiya və ətraf mühitin qorunması, quraqlıq və səhralaşmaya məruz qalmış ərazilərin monitorinqi, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə, şəhər planlaması, turizm marşrutlarının təyin olunması ilə bağlı ideyalarını öz elmi işlərində peyk təsvirləri sayəsində vizullaşdırma şansı qazanacaqlar.
Müsabiqənin ilk üç qalibi uyğun olaraq birinci yer: 5000 AZN, ikinci yer: 3000 AZN və üçüncü yer: 1500 AZN məbləğində pul mükafatı ilə təltif olunacaqlar.
Bu müsabiqədə iştirak ödənişsizdir.
Müsabiqənin şərtləri haqqında ətraflı məlumat və qeydiyyat üçün verilmiş linkə: https://azercosmos.az/az/earth-observation/competition keçid edə bilərsiniz.
Xatırladırıq ki, 2016-cı ildən bəri keçirilən müsabiqənin ötən ilki finalına 593 iştirakçıdan 27 nəfər yüksəlmişdir. Ötən ilki müsabiqənin qalibləri Azərbaycanın meşə resurslarının dinamikasının qiymətləndirilməsi, kənd təsərrüfatı bitkilərinin vəziyyətinin öyrənilməsi, göllərin ekologiyası və dəyişmə dinamikası, neft hasilatı zamanı neftlə çirklənmiş torpaq ərazilərinin monitorinqi kimi mövzuları Azersky peykindən əldə edilən təsvirlər vasitəsilə tədqiq etmişdilər.
Mənbə: Azərkosmos