2 fevral 2024-cü il tarixində Milli Aerokosmik Agentliyin inzibati binasında yerləşən “Tofiq İsmayılov adına kabinet muzeyində” Azərbaycan Gənclər günü münasibətilə tədbir və Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun əməkdaşı, gənc həvəskar rəssam Mətanət Bayramovanın “Mənim rəngli dünyam” adlı rəsm sərgisi keçirilmişdir.
Tədbirdə MAKA-nın baş direktoru, professor Natiq Cavadov tədbir iştirakçılarını salamlayaraq, bütün gəncləri təbrik etdi.
Baş direktor çıxışında qeyd etdi ki, Azərbaycanda 2 fevral tarixinin Gənclər Günü kimi qeyd olunması ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il 2 fevral tarixində Ümummilli lider Heydər Əliyevin dəstəyi ilə respublika gənclərinin I Forumu keçirilmişdir. Bu forumdan bir il sonra isə H.Əliyev 2 fevral gününün ölkədə Gənclər Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır.
Gənclərimiz ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq göstərirlər. Bütün bunlar gəncliyimiz üçün dövlət tərəfindən yaradılan əlverişli imkanlar, verilən mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib. Müasir Azərbaycan gəncləri unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq bugünkü uğurlara məhz Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar.
Sonda MAKA-nın baş direktoru, professor Natiq Cavadov agentliyin bir qrup fəal gəncini Fəxri Fərmanla təltif etdi.