Azərbaycanın elmİ İctİmaİyyətİ növbədənkənar Prezİdent seçkİlərİndə cənab İlham Əlİyevİn namİzədlİyİnİ dəstəkləyəcək

453
0
Share:
Professor Natiq Cavadov: “Beynəlxalq Asrtonavtika Konqresinin Azərbaycanda keçirilməsi ölkəmizin siyasi nüfuzunun təzahürü idi”
Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Ötən illərdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılmış, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılmış, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılmış və peyk xidmətlərinin ixracına başlanılmışdır. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanmışdır.
Artıq tarixə qovuşmuş 2023-cü il həm də dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan Beynəlxalq Astrovavtika Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ilə yadda qaldı. Kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycan 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazandı. İlk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyırdı.
– Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaqdır. – Bu sözləri yeni 2024-cü ildə ilk müsahibəsində  Azərbaycan Milli Aerokosmik Agentliyinin baş direktoru professor Natiq Cavadov söhbətinin əvvəlində demişdir:
– Konqresin Azərbaycanda keçirilməsi haqqında qərarın dəstəklənməsi əlbəttə ki, ölkəmizin siyasi nüfuzunun təzahürü, Azərbaycana olan inamın nəticəsi idi.  Çünki Azərbaycanda son illər ərzində müasir texnologiyalar, kosmik sənaye sahələrində əldə edilmiş uğurlar doğrudan da çox təsirlidir. Gənc müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir. Qeyd edək ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sahədən olan 22 şirkətin əldə etdiyi sponsorluq paketinin sayına görə rekord həddə çatıb. Belə ki, Bakı Konqresi beynəlxalq sponsorluq paketinin satışı üzrə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilən konqresləri geridə qoyub. Bakı Konqresinə ümumilikdə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olundu. Bakı Konqresi bu göstərici üzrə də indiyədək keçirilən bütün konqresləri geridə qoydu. Konqresə Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı da rekord həcmdə olub – 214. Ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çindən sonra ilk beşlikdə yer aldı”. Onu da qeyd edim ki, “Gənc pionerlər” nominasiyasında qalıb olanlardan biri də “Azərkosmos”un Coğrafi İnformasiya Sistemləri üzrə aparıcı təlimçisi Sona Quliyeva oldu”.
Arayış:
Natiq Hacı oğlu Cavadov 8 mart 1955-ci ildə Ağdam rayonunun Əliağalı kəndində anadan olub. Texnika elmləri doktoru, professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şuranın üzvüdür.
1971-ci ildə Bakı şəhərindəki 132 nömrəli orta məktəbi bitirmiş, elə həmin il Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1979-cu ildə oranı bitirmişdir.
1975-1977-ci illərdə hərbi xidmətdə olmuşdur.
1978-2003-cü illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində texnik, böyük texnik, mühəndis, böyük mühəndis, aparıcı mühəndis, partiya komitəsinin katibi, daha sonra Ağdam Mexaniki və Bakı şəhərindəki Kosmik Cihazqayırma zavodlarının direktoru işləmişdir. 2003-cü ildən 2019-cu ilədək Azərbaycan Respublikası “Sənayeavtomatika” İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışmışdır.
2019-cu ildən etibarən Azərbaycan Milli Aerokosmik Agentliyinin Baş direktorudur.
18 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Natiq Cavadov 1997-ci ildə texnika elmləri namizədi, 2007-ci ildə texnika elmləri doktoru elmi adlarını almışdır. 2008-ci ildən Azərbaycan Texniki Universitetinin professoru, həmçinin Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının akademikidir. 2003-cü ildən Beynəlxalq Mühəndislik Akademiyasının, 2006-cı ildən isə Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvüdür.
2009-cu ildən “Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” elmi-texniki jurnalının, 2011-ci ildən isə Moskvada nəşr edilən “Neft sənayesində avtomatlaşdırma, telemexanika və rabitə” elmi-texniki jurnalının redaksiya heyətinin üzvüdür. 2011-ci ildə Azərbaycan Mühəndislik Akademiyasının Nəzarət Təftiş Komissiyasının sədri seçilmişdir. 2011-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının “Mühəndislik şöhrəti” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının texnika elmləri üzrə Ekspert Şurasının sədridir.
300-dən artıq elmi məqalənin, o cümlədən 8 monoqrafiya, 3 dərslik, 8 müəlliflik şəhadətnaməsinin müəllifidir. 100-dan çox elmi məqaləsi xarici ölkələrdə – İspaniya, Yunanıstan, İran, Türkiyə, Rumıniya, Rusiya, Belarus, Ukrayna, Avstriya və Latviyada çap edilmişdir.
Eyni zamanda Natiq Cavadov Azərbaycan Milli Aerokosmik Agentliyinin Xəbərləri və Xüsusi Texnika vəTexnoloğiya jurnallarının baş redaktorudur.
Professor Natiq Cavadov bildirdi ki, Azərbaycanda kosmik sənayenin yaradılmasının və telekommunikasiya peyklərinin orbitə çıxarılmasının banisi Prezident İlham Əliyevdir:
– Doğrudur, 50 il əvvəl Ulu Öndər Heydər Əliyevin səyi ilə Beynəlxalq Astronavtika Konqresinin keçmiş SSRİ-də məhz Bakıda keçirilməsindən təxminən 6 ay sonra Azərbaycanın kosmik sənayesinin əsasları qoyulmuşdu. “Kaspi” Tədqiqat Mərkəzi yaradılmaqla Azərbaycan mütəxəssisləri kosmik sahədə tədqiqatlara, kosmik cihazlar hazırlamağa başlamış, sonradan o cihazlardan “Salyut” və “Soyuz” kimi peyklərdə istifadə olunmuşdu. Azərbaycanda kosmik sənayenin yaradılmasının və telekommunikasiya peyklərinin orbitə çıxarılmasının banisi Prezident İlham Əliyev olmuşdur.
Professor Natiq Cavadov əminliklə vurğuladı ki, Azərbaycanın alimləri, elmi ictimaiyyəti bu il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcək və qarşıdakı 7 ildə ölkəmizin inkişafına, tərəqqisinə səs verəcəklər:
– Dövlətimizin başçısının elmin inkişafı, cəmiyyətdə alimlərin nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi siyasət elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin əməli fəaliyyəti nəticəsində Azərbaycan yüksək inkişaf mərhələsinə çatıb. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə gəncliyin intellektual potensialının tam üzə çıxması üçün əlverişli şərait yaradılıb, kreativ düşüncəli, eyni zamanda, milli dəyərlərimizə sadiq gənc alimlər nəsli formalaşıb. Dövlətimizin başçısının imzaladığı fərman və sərəncamların, həyata keçirilən proqramların gənc alim və mütəxəssislərin inkişafında, xüsusilə onların timsalında Azərbaycan elminin dünyaya inteqrasiyasında böyük rolu olub. Gənclər üçün Prezident mükafatının təsis olunması, xüsusi istedad və bacarıqları ilə seçilən gənclərə “İlin gənc alimi” mükafatının verilməsi elmlə məşğul olan gəncləri yeni-yeni nailiyyətlərə təşviq edir. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə formalaşan bilik əsaslı cəmiyyət və iqtisadiyyat Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə uğurla inkişaf etdirilib.Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, Azərbaycan COB 29 və Ümumdünya Şəhərsalma Formunun keçrilməsi əlamətdar tədbirlər sırasındadır.  Dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizdə informasiya texnologiyaları müasir və çoxşaxəli infrastrukturun, habelə hərtərəfli sosial-iqtisadi tərəqqinin aparıcı qüvvəsinə çevrilib. Milli Aerokosmik Agentliyini təmsil edən elm adamları və gənc elmi nəsil ölkəmizin gələcəyinə, milli ziyalılığın və elmin daha böyük inkişafına çatmağın ancaq İlham Əliyevin rəhbərliyi ilə mümkün olacağına inanır və ona görə də prezident seçkilərində yekdilliklə Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verəcəklər.
Mənbə
Share: