QUBADA ELMİ KONFRANS KEÇİRİLMİŞDİR

341
0
Share:

 

14 dekabr 2023-cü il tarixində Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Quba şəhərində yerləşən “Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu”nda Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda kənd təsərrüfatının innovativ yollarla inkişafı və ekoloji problemlər” mövzusunda elmi konfrans keçirildi. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, görkəmli dövlət xadimi Heydər Əliyev haqqında “Heydər Əliyev – iqtisadiyyatın xilaskarı” sənədli film təqdim olundu. 

       Konfransda Ekologiya İnstitutunun direktoru Bəhram Əliyev, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı çıxış edərək Ulu öndər Heydər Əliyevin ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sisteminin qurulması və inkişafında da müstəsna xidmətlərinin olduğunu vurğuladılar.

      Ölkəmizdə fəaliyyət göstərən müxtəlif elmi tədqiqat institutlarının əməkdaşları tədbirdə iştirak etdilər. Mövzu ilə bağlı bu sahədə sözünü demiş, tanınmış alimlərin çıxışları dinlənildi. 

       Konfransda “İqlim dəyişmələri və kənd təsərrüfatında innovativ həllərə əsaslanan texnologiyalar” və “Kənd təsərrüfatında sudan səmərəli və dayanıqlı istifadə üçün innovativ həllər” mövzularında panel müzakirələri keçirildi. Panel müzakirələrində iştirak edən konfrans iştirakçıları mövzularla bağlı, günün tələbinə uyğun maraqlı, aktual məruzələrlə çıxışlar etdilər. Çıxışdan sonra konfrans iştirakçılarına sertifikatlar təqdim edildi.

       Tədbirin sonunda elmi-tədqiqatlar üzrə əməkdaşlığa dair 16 təşkilatla memorandum imzalandı. Eyni zamanda gənclərin davamlı inkişafı üzrə gənc alimlərin analitik mərkəzinin yaradılması barədə qərar qəbul edildi.



Share: