“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN MÜDAFİƏ SƏNAYESİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB

376
0
Share:

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı Müdafiə Sənayesi Nazirliyinin (MSN) Milli Aerokosmik Agentliyində (MAKA) MSN və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə MSN-in məsul nümayəndələri və Vətən müharibəsi iştirakçısı olan əməkdaşları, Azərbaycan Gənclər Fondunun təmsilçiləri, respublika gənclər təşkilatlarının və ictimai birliklərinin üzvləri, ASAN könüllüləri ölkəmizin ərazi bütövlüyü uğrunda MAKA-nın şəhid olmuş əməkdaşlarının xatirəsini yad edib, “Şəhidlər Memorial Abidə Kompleksi”nin qarşısına gül dəstələri düzüblər. Qonaqlar MSN-in hərbi təyinatlı məhsullarının bir qismi ilə tanış olduqdan sonra görkəmli kosmonavtika alimi, akademik Tofiq İsmayılovun xatirə muzeyini ziyarət ediblər.

Akt zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. MAKA-nın baş direktoru, professor Natiq Cavadov çıxış edərək bildirib ki, hazırda MSN-in tabeliyində fəaliyyət göstərən müəssisələrin əksəriyyəti ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə yaradılıb. Fəxrlə qeyd etməliyik ki, bu gün Ulu Öndərin siyasi xətti möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə, qətiyyətlə və uğurla davam etdirilir. Ölkəmizin durmadan tərəqqisi naminə gənclərin də üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən N.Cavadov, dövlətə sədaqətli, bilikli və savadlı gələcəyin Azərbaycanın yüksəlişinin rəhni olduğunu bildirib.  

Müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev MSN-in rəhbərliyi adından tədbir iştirakçılarını salamlayaraq, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi fəaliyyəti dövründə Azərbaycanın gələcək inkişafı naminə həyata keçirdiyi müstəsna xidmətlərdən danışıb. Qeyd edib ki, adını tarixə xalqın xilaskarı, müasir Azərbaycanın qurucusu kimi əbədi həkk etdirən Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı dövlət başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə respublikamız bütün sahələrdə intibah mərhələsinə qədəm qoyub. Hər bir vətənpərvər azərbaycanlının, gənclərin möhtərəm Prezident, Müzəffər Ali Baş Komandanın ətrafında daha da sıx birləşərək müstəqil Azərbaycanın qüdrətlənməsi naminə fədakarlıqla xidmət etməyin əsl vətəndaşlıq borcu olduğunu diqqətə çatdırıb.

MSN-in şöbə müdiri Məmmədsaleh Əliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan müdafiə sənayesinin formalaşdırılması məqsədilə həyata keçirdiyi ölçüyəgəlməz fəaliyyətindən danışıb. Bildirib ki, ölkəmizin müdafiə sənayesinin dünyada getdikcə şöhrəti artan hərbi texnika, müasir silah-sursat və pilotsuz uçuş aparatları 44 günlük Vətən müharibəsində düşmənə öz gücünü göstərib, tarixi Zəfərin qazanılmasına layiqli töhfəsini verib. 

Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov ümummilli lider Heydər Əliyevin şanlı azərbaycançılıq məfkurəsini uğurla daşıyan Azərbaycan gəncliyinə möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan danışıb, Vətən müharibəsi dövründə gənclərin informasiya mübarizəsindəki fəallığı barədə geniş məlumat verib.

MAKA-nın gənc mütəxəssisləri Nərmin Müseyibli və Həcər Mirzəyeva milli mənafelərin, müstəqil dövlətimzin inkişafı və daha da güclənməsi uğrunda çalışmağın hər bir gənc üçün şərəfli vəzifə olduğunu qeyd ediblər.       

Tədbirin sonunda Azərbaycanın müdafiə sənayesinin tarixi və müasir inkişaf dövründən bəhs edən sənədli film nümayiş olunub.

Share: