12.10.2023-cü il tarixində görkəmli dövlət xadimi, akademik Tofiq İsmayılovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Milli Aerokosmik Agentliyində “Aerokosmik ekoloji monitorinq və innovativ texnologiyalar” mövzusunda gənc mütəxəssis və tədqiqatçıların seminarı keçirilmişdir.
Seminar, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin və akademikin xatirəsi bir dəqiqəlik sükütla yad edilməsi ilə başlandı. MAKA-nın baş direktoru, professor Natiq Cavadov tədbiri açıq elan edərək, Tofiq İsmayılovun həyat yolundan, elmi və ictimai fəaliyyətindən geniş söz açmışdır. Baş direktorun birinci müavini, professor Tofiq Süleymanov “Tofiq İsmayılov – Gənclərin qayğıkeş rəhbəri” adlı məruzə ilə çıxış etmişdir.
Tədbirdə çıxış edən digər məruzəçilər Tofiq İsmayılov haqqında öz xatirələrini bölüşərək, qısa ömür ərzində böyük işlərə imza atdığını vurğuladılar.
Daha sonra seminar “Coğrafi informasiya sistemi texnologiyası və kosmik təsvirlərin emalı”, “Aerokosmik ekoloji monitorinq və ətraf mühitin mühafizəsi”, “Pilotsuz uçuş aparatları və innovativ texnologiyalar” bölmələr üzrə işini davam etdirdi. Ümumi olaraq konfransda 41 məruzəçi dinlənilmişdir.
Sonda məruzəçilər Təşəkkürnamə ilə təltif olundular.