BAKIDA 74-CÜ BEYNƏLXALQ ASTRONAVTİKA KONQRESİ KEÇİRİLİR

497
0
Share:

2 oktyabr 2023-cü ildə Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi baş tutdu. Beynəlxalq Astronavtika Konqresi 2-6 oktyabr 2023-cü ildə Bakıda keçiriləcəkdir. 

2019-cu ilin oktyabr ayında ABŞ-nın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasına keçirilən seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev tədbirdə iştirak ediblər.

Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Klay Mouri 1973-cü ildə Bakıda keçirilmiş 24-cü Beynəlxalq Astronavtika Konqresində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin astronavtlarla çəkdirdiyi, kosmosda nümayiş edildikdən sonra geri gətirilən fotoşəkil və digər atributlardan ibarət xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim etdi.

Konqresdə Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov, baş direktorun müavini texnika elmləri doktoru Fuad Məmmədov, elmi-texniki əməkdaşlıq və beynəlxalq əlaqələr şöbəsinin rəisi Sənan Ağazadə, doktorant Şanə Cahidzadə və şöbə rəisinin müavini Kəminə Ağayeva iştirak edirdilər. Konqresin açılışında KİV-nə müsahibə verən professor Natiq Cavadov konqresin əhəmiyyətindən və 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə konqresin Bakıda keçirilməsindən söz açmışdır. Professor Natiq Cavadov qeyd etmişdir ki, gələn il Milli Aerokosmik Agentliyinin yaradılmasının 50 illiyidir və bu yubiley münasibətilə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Daha sonra, professor Natiq Cavadov Samara Milli Tədqiqat Universitetinin professoru, Rusiya Kosmonavtika Akademiyasının və Beynəlxalq Astronavtika Akademiyasının Akademiki İqor Belokonov ilə görüşmüş və iki təşkilat arasında kosmik sahə üzrə əmakdaşlıq məsələlərini müzakirə etmişlər. Professor Natiq Cavadov qardaş Türkiyənin ilk astronavtı Alper Gezeravçı ilə də görüşərək kosmik elmi mübadilə məsələləri sahəsində əməkdaşlıq etməyin vacibliyini qeyd etmişlər.

 Konqres çərçivəsində təşkil olunmuş sərgidə iştirak edən professor Natiq Cavadov rəhbərlik etdiyi nümayəndə heyəti TUBİTAK-ın Kosmik Texnologiyalar Tədqiqat İnstitutunun baş mühəndisi Ömer Ataş ilə, TUA Prezidenti Serdar Hüseyn Yildirim ilə, ASELSAN –Bakı şirkətinin direktoru Özgür Kürüm və digər şirkətlərin nümayəndələri ilə görüşlər keçirmişlər. 

Qeyd edək ki, Beynəlxalq Astronavtika Federasiyasının və Azərkosmosun tərəfdaşlığı ilə keçiriləcək 74-cü konqres çərçivəsində konfranslar, 190-dan çox texniki sessiya və sərgilər təşkil olunacaq. Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri iştirak edəcəklər. 

Share: