TOFİQ İSMAYILOV-90

539
0
Share:

21 iyun 2023-cü il tarixində kosmik elm və texnologiyaların Azərbaycan elmi mühitində formalaşmasında və mükəmməlləşməsində əvəzedilməz xidmətləri olan nüfuzlu təşkilatçı, çoxşaxəli fəaliyyəti ilə gənclərə, adi zəhmətkeşlərə nümunə nümayiş etdirən ziyalı, həyatını əməyə, inkişafa, yaradıcılığa yüksək qiymət verməklə zənginləşdirən ictimai xadim, keçmiş Sovetlər Birliyi məkanında və dünyanın bir sıra mötəbər elmi dairələrində respublikamızı ləyaqətlə təmsil edən alim, texnika elmləri doktoru, professor, Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü Tofiq Kazım oğlu İsmayılovun anadan olmasının 90 illiyidir.

Bəlkə də həyatının gənclik dövrlərində T.İsmayılovun radiotexniki qurğulara böyük maraq göstərməsi, hələ məktəb illərində rabitə sistemlərinin iş prinsipləri ilə yaxından tanış olması, eləcə də boya-başa çatdığı ailənin ziyalılıq mühiti sonradan onun kosmik tədqiqatlar sahəsində tanınmış alim olacağının ilk müjdəçilərindən olmuşdur. Elə orta təhsilini Bakıda başa vurduqdan sonra bu istək onu Moskva Rabitə Elektrotexnika İnstitutuna aparmış, 1956-cı ildə həmin ali məktəbi “Radiorabitə və radioyayım” ixtisası üzrə müvəffəqiyyətlə bitirərək gənc mütəxəssis kimi Moskvanın qapalı müəssisələrinin birində əmək fəaliyyətinə başlamışdır. O, müxtəlif təşkilatlarda 10 il məhsuldar çalışaraq telemetrik sistemlərin sirlərinə dərindən yiyələnmiş, uzaq məsafələrə informasiyanın ötürülməsi prinsiplərini tam mənimsəmiş, bir sözlə, öz  dövründə  kosmik  texnologiyaların ən aktual problemləri üzrə püxtələşmiş mütəxəssis kimi 10-larla elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə rəhbərlik etmişdir. T.İsmayılovun həmin dövrdə əldə etdiyi nəticələr SSRİ-nin müdafiə sənayesi müəssisələrində tətbiq sahələrini tapmışdır. Təsadüfi deyil ki, dünyada kosmik texnologiyaların inkişafının ən gərgin dövrlərinin əhatəsində olan 1959-cu ildə SSRİ Radiotexnika Nazirliyinin Baş idarəsi tərəfindən o, aparıcı konstruktor vəzifəsinə təyin olunmuş, bir il sonra isə laboratoriya rəisi kimi əmək fəaliyyətini davam etdirmişdir.

Moskvada işlədiyi dövrlərdə T.İsmayılov eyni zamanda müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə də məşğul olmuş, məhz bu istək onu doğma vətəninə çəkmiş, 1966-cı ildə Bakıya köçərək Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universitetində) texnika elmlərinin müxtəlif sahələri üzrə dosent kimi çalışmışdır. Sonradan o, Respublika Elmlər Akademiyasının (EA) Fizika İnstitutunda baş mühəndis, Rəyasət Heyəti yanında “İşləmələr və tətbiq” şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 

1973-cü ildə Bakıda Beynəlxalq Astronavtika Federasiyasının XXIV Konqresinin keçirilməsi və həmin dövrdə dünya kosmik məkanında təşkil olunan tədbirlərin intensivliyinin artması T.İsmayılovun yaradıcılıq imkanlarının gerçəkləşməsində yeni mərhələnin başlanğıcını qoydu, çoxdan özündə formalaşdırdığı arzular həyata vəsiqə tapdı. Belə ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi (KP MK) Konqresin  yekunlarını müzakirə edərək Respublika EA-nın nəzdində kosmik tədqiqatlarla məşğul olan xüsusi Mərkəzin yaradılması haqqında qərar qəbul etdikdən sonra bu təklifin SSRİ  EA-nın Rəyasət Heyəti, SSRİ-nin Hərbi Sənaye Kompleksinin rəhbərliyi, Hidro-meteorologiya və Təbii Mühitə Nəzarət üzrə Dövlət Komitəsi, Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsi tərəfindən dəstəklənməsi, onların öz rəylərini bildirməsi zərurəti yaranmışdı. Elə həmin dövrdə bu işlərin prosedur qaydada həyata keçirilməsi məhz Moskva elmi mühitində kifayət qədər təcrübəsi olan T.İsmayılova həvalə edildi və bütün çətinliklərə baxmayaraq o, belə bir Mərkəzin Azərbaycanda yaradılması zərurətini əsaslandırmağa nail oldu, dövlət tərəfindən verilən tapşırıqların öhdəsindən layiqincə gəldi.

İşgüzarlığı, yaradıcılıq imkanlarının əhatəliliyi, yüksək təşkilatçılıq qabiliyyəti sayəsində T.İsmayılov vahid namizəd kimi 1974-cü ildə əsası qoyulmuş təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq Mərkəzinə (“Kaspi” Elmi Mərkəzi) rəhbər təyin olundu. Bununla da respublikamızda kosmik sənaye infrastrukturunun ilkin bazası formalaşmağa başladı.                    

İlk dövrlərdə yeni sahə üzrə kadrların komplektləşdirilməsi, elmi-tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, ən başlıcası isə EA-nın texniki imkanları çərçivəsində laborator korpusların, təcrübə sahələrinin və iş otaqlarının yaradılması Tofiq müəllimin qarşısında çətin və məsuliyyətli vəzifə kimi dururdu. Bütün bunlar təşkilat rəhbərini daima düşündürür, onu var gücü ilə çalışmağa səsləyir, tədricən bütün problemlər mərhələlərlə həll edilirdi. T.İsmayılovun fədakar əməyi nəticəsində tezliklə “Kaspi”də hazırlanmış yeni cihaz və ölçü sistemləri praktiki tətbiq sahələrini tapdı, kosmik məlumatlar əsasında ətraf mühit parametrlərinin qiymətləndirilməsinin üsul və vasitələri işlənildi, müxtəlif yönümlü təcrübi-konstruktor işləri həyata keçirildi, bir sözlə, kosmik texnologiyaların əhatə dairəsi getdikcə genişləndi. Yerinə yetirilən işlərin arsenalı genişləndikcə, onların fəaliyyət istiqamətləri üzrə komplektləşdirilməsi, uyğun sahələrin ayrılıqda koordinasiyasının həyata keçirilməsi, başqa sözlə, struktur-təşkilatı məsələlərin həll edilməsi zərurəti yaranmışdı. Bütün bunları peşəkarcasına müşahidə edən Tofiq müəllim tezliklə Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosunun (KC MKB) yaradılması haqqında təklif irəli sürdü, elə həmin ilin sonunda bu struktur təşkilat “Kaspi”nin tərkibində fəaliyyətə başladı.                      

 Büronun fəaliyyət göstərdiyi ilk üç il ərzində xüsusi təyinatlı cihaz və avadanlıqların yaradılması istiqamətində mühüm nailiyyətlər qazanılmış, həmin cihazlar Sovetlər Birliyi məkanında alim və mütəxəssislərin diqqətini cəlb etmişdir. Həmin dövrdə yaradılmış məmulatların seriyalı istehsalı, digər təşkilatlarda nümayiş etdirilməsi, SSRİ-nin vahid məkanında sınaqdan keçirilməsi T.İsmayılovu narahat edən məsələ kimi qarşıya çıxmışdı. Beləliklə, onun qətiyyətli səyləri nəticəsində KC MKB-nin fəaliyyətinin daha da genişləndirilməsi perspektivləri nəzərə alınmaqla 1977-ci ilin əvvəlində “Kaspi”nin tabeliyində Kosmik Cihazqayırma Təcrübi Zavodu (KC TZ), 1978-ci ilin martında isə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində Radiofiziki Cihazqayırma Xüsusi Konstruktor Bürosu yaradıldı. İndi də öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirən KC TZ tez bir zamanda respublikanın elm-istehsalat sferasında ön mövqedə dayandı, geniş məkanda fikir mübadiləsinin aparılması, kosmik sferada inteqrasiya prosesinin sürətləndirilməsi üçün real şərait yaradıldı.                                                                                   

Məhz yaranmış imkanlardan məharətlə yararlanmağa üstünlük verən Tofiq müəllim ixtisaslı kadr hazırlığı məsələsini miqyaslı şəkildə həll etmək, elmi-fundamental tədqiqatların əhatə dairəsini genişləndirmək, eləcə də alınmış nəticələri beynəlxalq məkanda nümayiş etdirmək məqsədilə Respublika EA nəzdində xüsusi institutun yaradılması təklifini gündəmə gətirdi və öz dövründə heç də asan olmayan bu məqsədinə də nail oldu.

Onun dünyagörüşü və təcrübəsi sahə üzrə SSRİ miqyasında fəaliyyət göstərən dövlət komitələri, baş idarələr, həm də SSRİ EA-nın Rəyasət Heyəti ilə razılaşdırmalar aparmaqda maneəsiz yollar açdı. Beləlikə, 1978-ci ilin oktyabrından Azərbaycan SSR EA-nın nəzdində Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu fəaliyyətə başladı, yeni-yeni inkişaf proqramları hazırlandı, perspektiv elmi araşdırmaların arsenalı genişləndi, əldə edilmiş nəticələr beynəlxalq miqyasda, o cümlədən Sovetlər Birliyinin nüfuzlu kosmik təşkilatlarında diqqəti cəlb etdi.                                                      

T.İsmayılovun məqsədyönlü strategiyaya söykənən əqidəsi yaranmış kosmik infrastruktur çərçivəsinin getdikcə möhkəmlənməsinə, elmi nəticələrin təcrübi-istehsalat sahələrinə yol açmasına, bir sözlə, regional bölmələrin coğrafiyasının daha da genişlənməsinə səsləyirdi. Bu istiqamətdə həyata keçirilən tədbirlər də bəhrəsini verdi, öz dövründə sənaye mərkəzi kimi tanınan Sumqayıtda, həmçinin Lənkəranda fəaliyyətə başlayan Xüsusi Konstruktor Texnoloji Büroları neçə-neçə mütəxəssisləri, gənc tədqiqatçıları, mühəndis-konstruktorları bir məkanda cəmləşdirməyə, elmi yaradıcılıq yolunda irəliləməyə imkan verdi. Tofiq müəllimin bu addımları, ilk növbədə, regionlardakı ali təhsilli gəncləri faydalı əməyə cəlb etmək, onların mənəvi dünyasını zənginləşdirmək, maddi durumlarını daha da yaxşılaşdırmaq məqsədini daşıyırdı.                                                    

Tezliklə onun təklifləri praktiki tətbiq sahələrini tapdı, təbii mühit parametrlərinə peykaltı nəzarət prosesinin avtomatlaşdırılmış idarəetmə sisteminin tərkibində müxtəlif hündürlüklü stasionar və hərəkətdə olan platformalarda elmi cihazlar qrupunun yerləşdirilməsinin nəzəri əsasları işlənildi. Beləliklə də kosmik ekologiyanın elmi-metodiki məsələlərini operativ həll etməyə imkan verən cihazlar kompleksi yaradıldı, təbii mühitin tədqiqinin peykaltı sistemi Qafqaz-Xəzər poliqonu ərazisində müvəffəqiyyətlə sınaqdan keçirildi.                                                         

 Az keçməmişdi ki, Tofiq müəllim yaradılmış cihaz və komplekslərin “Soyuz – Salyut” orbital elmi stansiyasının müşayiəti ilə həyata keçirilən eksperimental ölçmələrdə sınaqdan keçirilməsinə nail oldu, KT EİB-in istehsalı olan peykaltı çəkiliş sistemləri Bolqarıstanın, Macarıstanın, Monqolustanın və Çexoslovakiyanın aerokosmik poliqonlarına yol    açdılar.                                                                                                

Həyata keçirilən əməli tədbirlərin nəticəsi olaraq, təkcə 1976-1982-ci illərdə 50-dən artıq iş iqtisadiyyatın müxtəlif sahələrində tətbiq olunmuş, 40-a yaxın elm-tədqiqat cihazı işlənib hazırlanmış, gözlənilən iqtisadi səmərə 14,5 mln rubl təşkil etmişdir. Təsərrüfat hesablı müqavilələrlə həyata keçirilən işlərin həcmi 1974-cü ildə 300 min rubl olduğu halda, 1982-ci ildə bu rəqəm 12 mln rubla çatdırılmışdır.                        

Elə həmin dövrdə Tofiq müəllimin gərgin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, onun rəhbərlik etdiyi kollektiv 1978-1981-ci illərdə 4 dəfə ardıcıl olaraq Azərbaycan KP MK-nın, Nazirlər Sovetinin “Keçici Qırmızı Bayrağı” ilə təltif olunmuş, öz elmi-istehsalat fəaliyyətlərində qazandıqları nailiyyətlərə görə bir sıra əməkdaşlar Azərbaycan SSR-in “Lenin Komsomolu Mükafatı”na və “Dövlət Mükafatı”na layiq görülmüşlər.                                                      

Kiçik bir zaman ərzində yaradılmış struktur təşkilatların profillərinin müxtəlifliyi, elmlə istehsalatın əlaqələrinin genişlənməsinin günün tələbinə çevrilməsi vahid konseptual prinsiplər əsasında onların fəaliyyətinin koordinasiyasını təşkil etmək zərurətini qarşıya çıxarmışdı.                 

 Yaranmış vəziyyət T.İsmayılov tərəfindən özünəməxsus şəkildə qiymətləndirildi, onun həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində fəaliyyətdə olan struktur təşkilatların bazasında Respublika EA sistemində ilk dəfə olaraq Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin (KT EİB) yaradılması haqqında Azərbaycan SSR Nazirlər Soveti qərar qəbul         etdi, 1981-ci ilin avqustundan fəaliyyətə başlayan KT EİB kosmik texnologiyaların ən aktual məsələləri sferasında kompleks tədqiqatları həyata keçirməyə, mikroelektronika sahəsini daha da mükəmməlləşdirməyə, bir sözlə, elmi-texniki məhsulları istehsal mərhələsinə çıxarmağa imkan verdi.                                                                       

Bütün bu nailiyyətlərlə kifayətlənməyən Tofiq müəllim KT EİB-in məhsulları olan ölçü cihazlarının, kompleks sistemlərin beynəlxalq məkanda tanınması üçün daha cəsarətli addımlar atdı, “İnterkosmos” proqramı çərçivəsində növbəti “Günəş – 84” peykaltı aerokosmik eksperimentin  Azərbaycan  ərazisində  keçirilməsinə  nail  oldu. 

  1984-cü  ilin  19  avqustundan  7 sentyabrına qədər davam edən həmin beynəlxalq eksperimentdə Bolqarıstan, Macarıstan, Almaniya,  Kuba,  Monqolustan,  Polşa  və  Çexoslovakiyadan gəlmiş mütəxəssislərlə yanaşı, SSRİ-nin təyyarəçi-kosmonavtlarının da istirak etməsi respublikamızın kosmonavtika tarixində silinməz izlər qoydu, birliyin daha geniş məkanda tanınmasında, alim və mütəxəssislərimizin həyatında əlamətdar hadisə kimi yaddaşlarda qaldı, kosmik təbiətşünaslığın sonrakı inkişafında işıqlı yollar açdı.

Artıq KT EİB-in elmi-texniki və istehsal potensialı respublika miqyasından kənara çıxmış, ittifaq məkanında ən nüfuzlu kosmik təşkilatların maraqlarına səbəb olmuş, alınmış nəticələrdən bəhrələnmək tendensiyası gündəmə gəlmişdi. Belə bir məqamda KT EİB-in imkanlarının SSRİ miqyasında daha sürətlə reallaşacağını, yaradılmış məhsulların geniş müstəvidə maşınqayırma və kosmik texnologiyaların inkişafında layiqli mövqe tutacağını əminliklə hiss edən T.İsmayılov daha bir qətiyyətli addım atdı, 1985-ci ildən birliyin SSRİ Ümumi Maşınqayırma Nazirliyinin Baş Kosmos İdarəsi tərkibində fəaliyyət göstərməsinə nail oldu. Ömrünün son gününədək KT EİB-in Baş direktoru, həm də Baş konstruktoru vəzifəsində çalışan Tofiq müəllimin bu müvəffəqiyyəti təşkilatın nüfuzunu günü-gündən yüksəltdi, təbii mühitin kosmik tədqiqinin fiziki-texniki problemləri, elmi aviakosmik cihazqayırma, peykaltı sistemlərin və komplekslərin yaradılması istiqamətində mühüm nailiyyətlər qazanıldı. Tezliklə təşkilatda həyata keçirilən işlərə Sovetlər Birliyinin 30-dan artıq tanınmış elmi müəssisələri və nazirliklər cəlb edildilər.                       

Təsadüfi deyil ki, həmin dövrdə müxtəlif təyinatlı bort-ölçü sistemlərinin yaradılmasına geniş yer verildi, T.İsmayılovun rəhbərliyi ilə hazırlanmış qamma şüalanmaların lokal kosmik mənbələrini aşkarlamağa imkan verən “Rentgen teleskopu” 1986-cı ildən 2001-ci ilədək “Salyut-7” və “Mir” orbital kompleksinin tərkibində müvəffəqiyyətlə fəaliyyət göstərdi.                                                                                               

Bununla yanaşı, SSRİ Hərbi Sənaye Kompleksinin bir sıra nüfuzlu təşkilatlarının, o cümlədən SSRİ Müdafiə Nazirliyinin Kimyəvi Mühafizə Hərbi Akademiyasının, Tətbiqi Optika Dövlət İnstitutunun, SSRİ Aviasiya Sənayesi Nazirliyinin Uçuş Tədqiqat İnstitutunun, Aviasiya Avadanlıqları Elmi-Tədqiqat İnstitutunun, həmçinin SSRİ Ümumi Maşınqayırma Nazirliyinin müxtəlif tədqiqat mərkəzlərinin və digər nazirliklərin KT EİB-də həyata keçirilən layihələrə qoşulması T.İsmayılovun əvəzsiz xidmətlərindəndir.                                                                              

Məhz həmin dövrdə perspektiv aerokosmik sistemlər üçün radiasion, kimyəvi və bioloji şəraitə nəzarət edən məlumat-ölçü sistemlərinin, kosmik gəmilər üçün bort dönmə platformalarının yaradılması, həmçinin raket texnikasının və raket-kosmik komplekslərin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi aparılan tədqiqatlar sırasında önəmli yer tutdu, SSRİ miqyasında birliyin nüfuzunu daha da yüksəltdi.                           

Bununla da KT EİB-in fəaliyyət dairəsi elmi-tədqiqat, təcrübi-konstruktor və eksperimental işlərin tam dövrünü əhatə etdi, Tofiq müəllim tərəfindən irəli sürülən nəzəri müddəalar nəzarət-ölçü poliqonlarında kosmik təbiətşünaslığın metodiki məsələlərini operativ həll etmək üçün nəzərdə tutulmuş cihaz və komplekslərin yaradılmasında əsas oldu. Tofiq müəllim qazandığı nailiyyətlərlə təskinlik tapmadı, kosmik fəaliyyət sferasının əhatə dairəsinin daha da genişləndirilməsi, əldə edilmiş nəticələrin ölkə iqtisadiyyatının müxtəlif sahələrində tətbiqi istiqamətində əməli tədbirlər gördü, Respublika Nazirlər Sovetinin 07 sentyabr 1989-cu il tarixli qərarı ilə “Kosmos Azərbaycan SSR-in xalq təsərrüfatına” adlı kompleks proqramın qəbul edilməsinə nail oldu.                                  

  KT EİB baş təşkilat olmaqla digər nazirlik, komitə və birliklərin qoşulduğu həmin proqram kosmik fəaliyyət diapazonunun bütün respublika ərazisi üzrə geniş-ləndirilməsini, aerokosmik məlumatlardan təsərrüfat sisteminin müxtəlif sahələrində istifadə edilməsini, elmi-texniki və istehsal bazasının daha da möhkəmləndirilməsini, eləcə də sosial kompleksin inkişaf etdirilməsini nəzərdə tuturdu. 1989-1995-ci illərdə kosmik fəaliyyət strategiyasının geniş məkanda reallaşmasını nəzərdə tutan proqramın icrası ilə əlaqədar ilkin tədbirlər görülməsinə baxmayaraq, talenin hökmü Tofiq müəllimə onu son hədəfə çatdırmağa imkan vermədi, təsdiq olunmuş sənədlər təşkilatın yaddaş salnaməsində, onun davamçılarının xatirəsində bir səhifə kimi qaldı.                                                                          

Professor T.İsmayılov hələ 90-cı illərin əvvəllərində istehsalat və tədris prosesində hesablama texnikası vasitələrinin və kompüterlərin geniş tətbiq olunması tendensiyasını müşahidə edərək aerokosmik məlumatlar əsasında təsərrüfat əhəmiyyətli məsələlərin operativ həllini təmin edən avtomatlaşdırılmış sistemlərin yaradılması təklifini irəli sürdü. Yaranmış vəziyyəti hərtərəfli araşdıraraq o, çıxış yolunu mövcud elmi kadr potensialının vahid bir strukturda cəmləşdirilməsində, onların zəruri texniki vasitələrlə təmin edilməsində və texniki bazanın imkanlarına uyğun prioritet elmi istiqamətlərin müəyyənləşdirilməsində gördü. 

Çox çəkməmişdi ki, 1991-ci ilin 18 fevralında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və KT EİB yanında Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutu yaradıldı. Təhsil Nazirliyi üzrə müasir informasiya texnologiyalarının və kompüter sistemlərinin tətbiqi sahəsində baş təşkilat kimi müəyyən edilən həmin institut indi də Milli Aerokosmik Agentliyinin (MAKA) tərkibində fəaliyyət göstərir. 

Az müddət sonra ekoloji problemlərin beynəlxalq məkanda aktuallaşdığını, respublika üçün xarakterik olan monitorinq məsələlərinin həllində aerokosmik məlumatlardan istifadənin zəruriliyini hiss edərək Tofiq müəllim Respublika Nazirlər Kabinetinin 20 avqust 1991-ci il tarixli qərarı ilə birliyin tabeliyində indi də MAKA-nın strukturuna daxil olan Ekologiya İnstitutunun yaradılmasına nail oldu. 

Professor T.İsmayılov öz həyat və yaradıcılığını gənclərlə sıx bağlayan, daima onlarla bir yerdə olmağa çalışan rəhbər kimi təşkilatın fəaliyyətə başladığı ilk günlərdən elmi-texniki potensialı əsasən onların bazasında formalşdırmağa üstünlük vermiş, sonradan isə xüsusi təcrübə keçmələri və ya aspiranturada (doktoranturada) təhsil almaları məqsədilə SSRİ-nin ən nüfuzlu elmi mərkəzlərinə, təhsil ocaqlarına, həmçinin Hərbi Sənaye Kompleksinin müxtəlif təşkilatlarına göndərilmələri üçün lazımi tədbirlər görmüş, bu işi daima nəzarətdə saxlamışdır.

Belə seçim uzaqgörən alimin gənc kadrların hazırlanması istiqamətində atdığı ilk addım olsa da, bununla kifayətlənməyərək başqa çıxış yolları axtarmış, respublikanın ali məktəbləri ilə yeni formada əlaqələr yaratmış, KT EİB-in fəaliyyət istiqamətlərinə daxil olan nadir ixtisaslar üzrə kafedraların filiallarının və ya müştərək kafedraların yaradılmasına nail olmuşdur. Təsadüfi deyil ki, o, özü də elmi fəaliyyətlə yanaşı tədris prosesinə fəal qoşulmuş, uzun illər Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) professor kimi çalışmışdır.

Tofiq müəllim gənclərlə münasibətdə təvazökar və diqqətli olmaqla, hər kəsin qəlbinə yol tapmağı bacarır, onların problemlərini vaxtında həll etməyi özünə borc bilirdi. Ali məktəbləri bitirib öz həyat yollarını təşkilatda elmi-texniki araşdırmalarla bağlayan gənc mütəxəssislərin ixtisas səviyyəsinin daha da yüksəldilməsi, onların kosmik sferanı əhatə edən sahələr üzrə xüsusi hazırlıq keçmələri məsələsini də Tofiq müəllim müvəffəqiyyətlə həll etdi. 1979-cu ildən bu günə qədər MAKA nəzdində fəaliyyət göstərən aspirantura (doktorantura) şöbəsi indi də yüksək ixtisaslı kadrların hazırlanmasında öz töhfələrini verməkdədir.

Tofiq müəllimin xüsusi dəstəyi ilə 1991-ci ilə qədər 88 nəfər namizədlik, 6 nəfər isə doktorluq dissertasiyası müdafiə edərək alimlik dərəcəsi aldılar ki, onların bəziləri indi də MAKA-da və digər elm ocaqlarında fəaliyyətlərini davam etdirirlər.

T.İsmayılovun elmi fəaliyyəti öz dövründə kosmik texnologiyaların ən aktual və perspektiv sahələrini əhatə etmiş, irəli sürdüyü nəzəri müddəalar və praktiki istiqamətlər 1979-cu ildə SSRİ EA-nın Kosmik Tədqiqatlar İnstitutunda müdafiə etdiyi doktorluq dissertasiyasının əsas məzmununu formalaşdırmışdır. Tofiq müəllimin bilavasitə rəhbərliyi ilə alimlik dərəcəsi almış 3 elmlər doktoru və 12 elmlər namizədi (fəlsəfə doktoru) onun uzaq hədəfə yönəlmiş ideyalarının reallaşmasında imkanlarını əsirgəmədən çalışdılar, kosmik təbiətşünaslığın tətbiqi və metodiki məsələlərinin həllində öz töhfələrini verdilər. Ən mötəbər müzakirələrdə, elmi forumlarda yetirmələri ilə birgə olmağa çalışan T.İsmayılov “bu mənim ordumdur”, “bunlar mənim şagirdlərimdir” deməklə onlara olan məhəbbətini də gizlətmirdi. Öz tələbələri ilə fəxr etməkdə rahatlıq tapan Tofiq müəllim redaksiya heyətinin üzvü olduğu “Məsafədən zondlama üzrə icmal” (Vaşinqton), “KT EİB-in məlumatları”, “AMEA-nın xəbərləri”, həmçinin “Yerin kosmosdan tədqiqi” (Moskva) jurnallarında azərbaycanlı mütəxəssislərin elmi araşdırmalarının nəticələrinin nəşr olunmasını həmişə dəstəkləmiş, öz köməkliyini heç vaxt əsirgəməmişdir. Onun şərəfli fəaliyyəti bir sıra nüfuzlu beynəlxalq təşkilatlarda və forumlarda təmsil olunmasına zəmin yaratmış, Beynəlxalq Astronavtika Fede-rasiyasının, SSRİ EA-nın Astronomiya Şurasının və Kosmik Vasitələrlə Təbii Sərvətlərin Öyrənilməsi Bürosunun, SSRİ Baş Kosmos İdarəsinin elmi-texniki şurasının və SSRİ EA-nın elmi şurasının üzvü olmuşdur. Bütün bunlarla yanaşı o, İttifaq nazirlikləri nəzdində yaradılmış Baş Konstruktorlar Şurasının üzvü kimi də fəaliyyət göstərmiş, 200-dən artıq elmi əsərin, o cümlədən 62 müəlliflik şəhadətnaməsinin müəllifi olaraq elmi işləmələrin nəticələrinin beynəlxalq məkanda təbliği, KT EİB-in daha geniş elmi mühitdə tanınması istiqamətində də böyük müvəffəqiyyətlərə nail olmuş, 1990-cı ildə Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilmişdir.                                                                                

Qısa həyatını alimlərimizin mənəvi dünyasının zənginləşməsinə, elmi – texniki potensialın daha da inkişaf etdirilməsinə, kosmik fəaliyyətin əməkdaşlıq məkanının genişlənməsinə sərf edən T.İsmayılovun əməyi yüksək qiymətləndirilmiş, SSRİ-nin kosmik proqramlarının yerinə yetirilməsində verdiyi töhfələrə görə K.E.Sialkovski, S.P.Korolyov və Y.A.Qaqarin adına fəxri medallarla, “SSRİ İxtiraçısı” fəxri nişanı ilə təltif olunmuşdur. Kosmik infrastrukturun iqtisadiyyatımızın milli prioritet sahələrindən birinə çevrilməsi uğrunda əldə etdiyi nailiyyətlərə, xalq və vətən qarşısındakı xidmətlərinə görə T.İsmayılov “Qırmızı Əmək Bayrağı” ordeninə, “Əməkdə rəşadət” medalına, elm və texnika sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür.    

Ömrünün ən məhsuldar dövründə T.İsmayılov bütün imkanlarını reallaşdırmağın, qarşısına qoyduğu əhatəli məsələlərin operativ həllinin çıxış yolunu elmlə ictimai fəaliyyətin vəhdətində tapdı, 1989-cu ildə SSRİ-nin Xalq deputatı seçildi, SSRİ Ali Soveti Rəyasət Heyətinin, Sovet İttifaqı KP MK-nın və Azərbaycan KP MK-nın üzvü oldu. O, SSRİ-nin ali qanunvericilik orqanında Azərbaycanı təmsil etdiyi bütün dövrlərdə doğma təşkilatını yaddan çıxarmadı, vətəninə şərəflə xidmət etdi, xalqın məhəbbətini qazandı. Tofiq İsmayılov 1990-cı ilin yanvar hadisəsini dərin narahatçılıqla qarşıladı, Sovetlər Birliyinin o dövrdəki rəhbərlərini və onların komandasını ayağa qalxmağa vadar etdi.

Tofiq müəllim müstəqil Azərbaycanın ilk dövlət katibi kimi cəmi 1 ay fəaliyyət göstərdi, bu yüksəkliyin məsuliyyəti də elə onu doğma torpağında şəhid etdi, 1991-ci ilin 20 noyabrında Qarabağın Qarakənd ərazisində hərbi helikopter qəzasında faciəli şəkildə həlak oldu. Tofiq müəllimin bütün gücü ilə çalışaraq əqidə və fəaliyyətini respublikamızda kosmik elm və texnologiyaların inkişafına sərf etməsi, çətin anların çalarlarını belə səmimiyyətlə qarşılaması bu gün də bizləri – onun tələbələri və həmkarları olan alim və mütəxəssisləri daha böyük nailiyyətlərə səsləyir, çoxsaylı kollektivimizin yaddaşında ən xoş xatirələr kimi yaşayır.                  

Kosmik sənayenin inkişafının indiki mərhələsində “Kaspi” EM-dən Milli Aerokosmik Agentliyinə kimi 50 illik tarixi yol keçmiş təşkilat hal-hazırda Tofiq müəllimin ənənələrini davam etdirir, onun qurub yaratdığı texniki bazanı və infrastruktur elementlərini daha da möhkəmləndirmək üçün mütəxəssislərimiz var gücü ilə çalışırlar. İllər keçdikcə yeni texnologiyalar Azərbaycan elmi mühitində layiqli yerini tutacaq, respublikamızın sorağı qabaqcıl kosmik ölkələrin sırasından gələcək, professor T.İsmayılovun milli rakursda irəli sürdüyü kosmik fəaliyyət konsepsiyası yaradıcı insanlarımızın, yaratmaq arzusu ilə yaşayan gənclərimizin yolunda həmişə mayak olacaq, nurlu sabaha aparan inamlı yollar açacaq, uğurlarımız isə heç vaxt sarsılmayacaq. 

Share: