“AZƏRBAYCANDA KOSMİK TEXNOLOGİYALAR VƏ HEYDƏR ƏLİYEV DÜHASI” ADLI ELMİ KONFRANS

1011
0
Share:

 

04-05 may 2023-cü il tarixlərində  Milli Aerokosmik Agentliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanda kosmik texnologiyalar və Heydər Əliyev dühası” adlı elmi konfrans keçirilmişdir. 

Əvvəlcə agentliyin inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə edilib.

Konfransı giriş sözü ilə MAKA-nın baş direktoru, professor Natiq Cavadov açaraq, Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanın Ulu Öndərin rəhbərliyi altında keçdiyi inkişaf yolu, əsasını qoyduğu siyasi kursun ölkə başçısı İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi barədə ətraflı nitq söylədi.

MAKA-nın baş direktorunun 1-ci müavini, professor Tofiq Süleymanov “Heydər Əliyev Azərbaycanda kosmik sənayenin əsasını qoydu” adlı məruzə ilə çıxış etdi. Daha sonra, konfransda ETN-nin İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev əvvəlcə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin salamlarını və təbrikini konfrans iştirakçılarının diqqətinə çatdırdı və Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafında olan xidmətləri haqqında çıxış etdi. MSN-nin “müdafiə təyinatlı məmulatların yaradılması və elmi araşdırmalar” şöbəsinin müdir müavini-sektor müdiri Elçin Qasımov da Müdafiə Sənayesi Naziri, General-Polkovnik, Cənab Mədət Quliyevin və Nazirliyin rəhbər heyətinin salamını konfrans iştirakçılarının diqqətinə çatdıraraq konfransın işinə uğurlar arzuladı və Azərbaycanda kosmik sənayenin inkişafı sahəsində söz açdı.

Tədbirdə çıxış edən digər məruzəçilər də Ümummilli Lider Heydər Əliyevin doğma xalqı və Vətəni yolunda müstəsna xidmətlərindən söz açaraq, canından çox sevdiyi Azərbaycanın işıqlı gələcəyi naminə mühüm addımlar atdığını və bu siyasi gedişlərin nəticəsi özünü bügünkü müstəqil, güclü, dünyanın iqtisadi və təhlükəsizlik arxitekturasının formalaşmasında önəmli rolu olan Azərbaycanın nümunəsində tapdığını qeyd etmişdilər. 

Konfransda həmçinin, “STARTUP” layihələri üzrə gənc tədqiqatçıların müsabiqəsinin və MAKA-nın tabe təşklilatlarında idman yarışlarının qaliblərinə diplomlar təqdim olunmuşdur. 

Konfrans “Məsafədən zondlamanın praktiki məsələləri”, “Ekologiya və ətraf mühitin mühafizəsi”, “Cihazqayırma texnologiyaları və idarəetmə sistemləri”, “Radioelektron qurğular və ölçmə texnologiyaları” bölmələrindən ibarətdir. Ümumi olaraq konfransda 58 məruzəçi dinlənilmişdir. Konfransda Azərbaycanın bir sıra nüfuzlu ali təhsil, elmi-tədqiqat, nazirlik, komitə nümayəndələri iştirak edirdi. 



Share: