Azərbaycanın kosmos tarİxİndə Heydər Əlİyev dühası

679
0
Share:
Azərbaycan tarixən kainat və kosmik fəzanı öyrənən elmifəlsəfi cərəyanların mərkəzində olub, bu sahədə zəngin kitabxana və rəsədxanaların fəaliyyət göstərməsi ilə fərqlənməyi bacarıb. Sözügedən istiqamətin təşəkkül tapmasında və inkişafında Şərq elmi məktəbinin böyük nümayəndəsi Nəsirəddin Tusinin xüsusi rolu olmuşdur. Hazırda kosmik texnologiyaların inkişafında uğurlar qazanan, milli peyklərinin sədası kosmosdan gələn, mühəndis-texniki kadrların hazırlanmasında dünya təcrübəsinə söykənən müstəqil Azərbaycanın elmi mühitində bu sahənin tərəqqisində Ulu Öndərimiz Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Onun diqqət və qayğısı, mövcud sahənin inkişafı ilə bağlı həyata keçirdiyi siyasət əbədiləşmiş, ölkəmizin kosmos salnaməsində möhtəşəm yer tutmuşdur.
Ötən əsrin 70-ci illəri elmi yüksəlişin, texniki tərəqqinin, insan düşüncələrinin təbiət qanunlarına hakim olmasının ən uca pilləsi kimi yaddaşlarda qalmış, müxtəlif ölkələrin süni peykləri kosmik fəzanı fəth etmiş, Ay səthindən nümunələr götürülmüş, uzunmüddətli orbital uçuşlar həyata keçirilmişdir. İlk kosmonavtlar ordusunun formalaşdığı, açıq kosmosa çıxmağın adi hala çevrildiyi, Yer səthinin və yerətrafı atmosferin çoxsaylı görüntülərinin uzaq məsafədən əldə edildiyi həmin dövrdə toplanmış məlumatların tətbiq sahələrinin axtarışı, onlardan istifadə qaydaları tədqiqatçıları düşündürən əsas məsələ kimi qarşıya çıxmışdır. İlk növbədə yerüstü tədqiqat obyektlərinin xarakterinin öyrənilməsi üçün təbiətinin rəngarəngliyi ilə diqqəti cəlb edən geniş bir ərazinin – poliqon sahəsinin seçilməsi zərurəti yaranmışdır.
Hələ 1950-ci ildən müxtəlif ölkələrdə keçirilərək kosmosun elmi və ümumbəşəri əhəmiyyəti barədə çağırışlar edən Beynəlxalq Astronavtika Federasiyasının (BAF) konqresində Yerin təbii ehtiyatlarının daha operativ və qlobal miqyasda öyrənilməsi məsələləri ön plana çəkilmişdi. Kommunist ideologiyasının ən sərt dövründə ölkəmizdə mühüm elmi və maddi-texniki bazanın yaradılmasına xüsusi önəm verən Ümummilli Liderimiz məhz bu fürsətdən məharətlə yararlanmış, Beynəlxalq Astronavtika Federasiyasının XXIV konqresinin Bakıda keçirilməsinə nail olmuşdur. 1973-cü ilin 7-13 oktyabr tarixlərində “Kosmik tədqiqatlar – elm və texnikaya nüfuz” devizi altında Bakıda keçirilən, kosmonavtlar və astronavtların da iştirak etdiyi həmin konqresi Heydər Əliyev beynəlxalq əhəmiyyətli bir hadisə kimi qiymətləndirmiş, hazırlıq mərhələsini diqqətdən kənarda qoymamış, uğurla keçirilməsi üçün elmin və ictimai-siyasi həyatın ən görkəmli nümayəndələrindən ibarət təşkilat komitəsi yaratmış, bununla da Azərbaycanın kosmonavtika tarixinin təməlini qoymuşdur.
Ümumbəşəri düşüncələrin bir-birinə qovuşduğu, texnoloji dirçəliş məkanında yarış ənənələrinin vüsət aldığı, hegemonluq ambisiyalarının getdikcə büruzə verdiyi belə bir dövrdə Ulu Öndərimizin cəsarətli addımlar atması çoxlarını, o cümlədən qonşu respublikaları narahat etməyə bilməzdi. Lakin buna baxmayaraq, Azərbaycanda kosmik əsrin başlanğıc nöqtəsi olan bu tədbir müvəffəqiyyətlə baş tutdu, 40-dan çox ölkədən 1500-dən artıq nümayəndənin, o cümlədən ABŞ astronavtlarının və keçmiş SSRİ kosmonavtlarının iştirakı ilə keçirilən konqres sanki respublikamızda kosmik sənayenin yaradılmasının ilk addımı kimi keçmiş Sovetlər Birliyinin geniş məkanında əkssəda doğurdu. Konqresin işinə qoşularaq gələcək niyyətlərini bəyan etməyi özünə borc bilən Ümummilli Lider ürək sözlərini belə ifadə etdi: “Kosmik tədqiqatların hər bir nəhəng və kiçik iştirakçı ölkəsi xeyir əldə edir, elm və texnikanın səviyyəsinin yüksəlməsində, ixtisaslı gənc kadrların sayının artmasında uğurlar qazanır”. Sonradan kosmik infrastrukturun formalaşmasının müjdəçisi kimi mütəxəssisləri düşünməyə vadar edən bu müdrik fikirlər Heydər Əliyevi bir an belə tərk etməmiş, daha cəsarətli addımların atılması üçün zamanın yetişməsi daim diqqətdə saxlanılmışdır.
Beynəlxalq tədbir uğurla başa çatdıqdan sonra bu münasibətlə BAF prezidenti Luici Napolitano, SSRİ Elmlər Akademiyasının (EA) prezidenti vəzifəsini icra edən V.Kotelnikov, Beynəlxalq Astronavtika Akademiyasının prezidenti Stark Draper və digər çoxsaylı iştirakçılar Heydər Əliyevə minnətdarlıq məktubu göndərmiş, sovet alimləri və xarici mütəxəssislər tərəfindən konqresin işi yüksək qiymətləndirilmişdir. Az sonra BAF konqresinin nəticələrinin müzakirəsini təklif edən görkəmli siyasi xadim bu işdə qətiyyətli olmağı, vaxtında tədbirlər görməyi vacib məsələ kimi qarşıya qoydu. Elə həmin konqresin işinə istinad edərək SSRİ Nazirlər Soveti sədrinin müavini, SSRİ Hərbi Sənaye Kompleksinin sədri L.V.Smirnova ünvanladığı “7-13 oktyabr 1973-cü ildə Bakı şəhərində keçirilmiş BAF konqresinin yekununu müzakirə edərək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) bürosu Respublika Elmlər Akademiyasında xüsusi mərkəz yaratmaqla Yaxın Şərq, Xəzər dənizi hövzəsi və Kiçik Asiya regionlarını əhatə edən kosmik texnika vasitələri əsasında təbii ehtiyatların tədqiqi işinə qoşulması ilə əlaqədar qərar qəbul etmişdir” məzmunlu məktubu keçmiş SSRİ-nin idarəetmə dairələrində, ayrı-ayrı dövlət komitələrində, SSRİ EA-nın rəyasət heyətində geniş diskussiyalara səbəb oldu, maneçilik törətmək istəyənlər də öz hisslərini gizlətmədi, yekdil qərarın qəbul edilməsi o qədər də asan başa gəlmədi.
 Uzunmüddətli müzakirələrdən sonra dahi siyasətçinin arzuları reallığa çevrildi, kosmik elm və texnologiyaların Azərbaycan elmi mühitinə nüfuz etməsi alimlərimizin, mühəndis-texniki işçilərin əhvali-ruhiyyəsində ciddi dönüş yaratdı. Ulu Öndərin göstərişi ilə Azərbaycan KP MK 21 avqust 1974-cü il tarixdə Azərbaycan SSR EA-nın nəzdində “Kaspi” Elmi Mərkəzinin yaradılması haqqında qərar qəbul etdi. 
Az sonra Azərbaycan SSR Nazirlər Sovetinin 16 dekabr 1974-cü il tarixli sərəncamı ilə indi də fəaliyyət göstərən, gənc alim və mütəxəssislərin gələcək həyat yoluna aydınlıq gətirən Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosu (KC MKB) fəaliyyətə başladı. Ümummilli Lider təməlini qoyduğu işin sürətlənməsi üçün əməli tədbirlərin görülməsi, 3 illik tarixini yaşayan Konstruktor Bürosunun fəaliyyətinin daha da genişləndirilməsi barədə müvafiq göstərişlər verdi. Qısa zaman ərzində KC MKB xüsusi əhəmiyyətli layihələrə qoşuldu, yeni ölçü cihazları və sistemlər yaradıldı, keçmiş Sovetlər Birliyi məkanında böyük nüfuz sahibi olan bir təşkilata çevrildi. Bununla da Nazirlər Sovetinin 01 aprel 1977-ci il tarixli sərəncamı ilə “Kaspi” EM nəzdində “Kosmik Cihazqayırma Təcrübi Zavodu (KCTZ)”, Azərbaycan SSR KP MK-nın 25 mart 1978-ci il tarixli qərarı ilə isə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində “Radiofiziki Cihazqayırma Xüsusi Konstruktor Bürosu” yaradıldı. Dahi lider həmin dövrdə respublikanın ilk kosmik infrastrukturunun beynəlxalq məkanda tanınması üçün yeni addımlar atdı, 3-19 oktyabr 1977-ci ildə Bakıda 30-dan artıq
ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən BMT-nin tədris seminarında “Kaspi”də hazırlanmış cihaz kompleksləri nümayiş olundu.
 Artıq 1978-ci ildə kosmik mərkəz özünün elmi-texniki potensialını və maddi təminat bazasını formalaşdırdıqdan sonra yeni texnologiyalara yiyələnmək bacarığına malik olan, müxtəlif elm sahələrinin vəhdətində öz mövqeyini tutmağı bacaran yeni nəsil kadrlara ehtiyac duyulurdu. Belə məqamda da Heydər Əliyevin kadr siyasəti ön mövqedə dayandı, respublikanın ali məktəblərini təbiət elmlərinin müxtəlif sahələri üzrə bitirmiş neçə-neçə gənc mütəxəssis xüsusi elmi təcrübə keçmək və ya aspiranturada (doktoranturada) təhsil almaq üçün SSRİ-nin tanınmış ali məktəblərinə, nüfuzlu elm mərkəzlərinə göndərildi. Bu istiqamətdə kadr hazırlığı işlərini gənclərin qabiliyyətinə xüsusi önəm verən, onların əməyini daima yüksək qiymətləndirən, qarşıya çıxan problemləri dərhal həll etməyi özünə borc bilən təşkilatın ilk rəhbəri, texnika elmləri doktoru, professor T.K.İsmayılov öz öhdəsinə götürdü və tezliklə SSRİ-nin nüfuzlu kosmik mərkəzləri ilə əlaqələr yaratmağa nail oldu. Heydər Əliyev nadir ixtisaslar üzrə təkmilləşmiş kadrlar ordusunun formalaşmasını daima diqqətdə saxlayır, onların işgüzarlığını yüksək qiymətləndirirdi. 
Ulu Öndər Zaqafqaziya respublikalarında yaradılmış ilk kosmik təşkilatın fəaliyyətini diqqətdən kənarda qoymadı, qısa müddətdə əldə olunmuş nailiyyətlərlə yerində tanış olmağa qərar verdi və L.V.Smirnovun rəhbərlik etdiyi geniş nümayəndə heyəti ilə birlikdə 1978-ci ilin yanvar ayında “Kaspi”də geniş məzmunlu görüş keçirdi. Görüşlərdə yenə də yüksəkixtisaslı gənc kadrların hazırlanması, kosmik tədqiqatların əhatə sferasının genişlənməsi, beynəlxalq əlaqələrin yaradılması, kosmik məlumatlardan iqtisadiyyatın müxtəlif sahələrində istifadə, nəticədə isə xüsusi tədqiqat institutunun yaradılması məsələləri müzakirə obyektinə çevrildi. “Kaspi”dən xoş təəssüratla ayrılan Ulu Öndər öz tapşırıqlarını verdi, tezliklə Elm və Texnika üzrə SSRİ Dövlət Komitəsi tərəfindən dəstəklənən bu təklif də reallığa çevrildi, “Kaspi” EM bazasında Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu Azərbaycan SSR Nazirlər Sovetinin 12 oktyabr 1978-ci il tarixli qərarı ilə fəaliyyətə başladı. Bununla da təşkilatın fundamental və tətbiqi tədqiqatlara qoşulması üçün yeni imkanlar yarandı, kosmik sahədə yüksəkixtisaslı milli kadrların hazırlanması üçün əlavə tədbirlər görüldü və 1979-cu ilin payızında aspirantura (doktorantura) şöbəsi ilk namizədləri qəbul etdi. 
 Bununla da Heydər Əliyevin diqqət və qayğısı zamanzaman öz bəhrələrini verdi, yeni dünyagörüşlü gənc kadrların əməyi ilə yaradılmış neçə-neçə ölçü sistemləri və cihazlar Sovetlər Birliyi məkanında tanındı, praktiki işlərdə istifadə olundu. Belə bir məqamda gənc tədqiqatçıların fikir mübadiləsi aparmasına xüsusi önəm verən Ulu Öndər “Kaspi” nəzdində Ordubad şəhərində fəaliyyət göstərən Radiofiziki Cihazqayırma Xüsusi Konstruktor Bürosunda müttəfiq respublikaların 15-dən artıq kosmik təşkilatının qoşulduğu “Gənc alim və mütəxəssislərin elmi-texniki konfransının” 1980-ci ilin yay aylarında keçirilməsinə dəstək oldu. Ulu Öndər yenə də gənc kosmik təşkilatın fəaliyyəti ilə maraqlandı və elə həmin ildə Ordubaddakı Konstruktor Bürosunda əməkdaşlarla görüş zamanı respublikanın ayrıayrı bölgələrində belə tədqiqat mərkəzlərinin yaradılmasının zəruri olduğunu vurğuladı, gənclərin regionlarda intellektual əməyə cəlb edilməsinin əhəmiyyətini xüsusilə qeyd etdi. Ulu Öndərin uzaq hədəfə yönəlmiş bu tövsiyələri də nəticəsiz qalmadı, Azərbaycan SSR Nazirlər Sovetinin 26 dekabr 1980-ci il tarixli qərarı ilə Sumqayıt şəhərində “Ətraf Mühitə Nəzarətin Aviakosmik Vasitələrinin Xüsusi Konstruktor Texnoloji Bürosu” yaradıldı. 
 Heydər Əliyev yaradıcısı olduğu kosmik infrastrukturun taleyini bir dəqiqə olsun belə diqqətdən kənarda qoymadı, elə həmin il SSRİ EA-nın Kosmik Tədqiqatlar İnstitutunun direktoru, akademik R.Z.Saqdeyevin rəhbərliyi ilə respublikamıza təşrif gətirmiş SSRİ-nin təyyarəçikosmonavtlarından və nüfuzlu kosmik təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul etdi. Aparılmış müzakirələr zamanı respublikamızda kosmik infrastrukturun inkişaf strategiyası, elmi tədqiqatların əhatə sferasının genişləndirilməsi, əldə olunmuş nəticələrin tətbiqi imkanlarının axtarılması, beynəlxalq kosmik məkana inteqrasiya prosesinin sürətləndirilməsi və digər məsələlər gündəmə gəldi. Ulu Öndərin belə səmərəli görüşü respublikanın kosmos salnaməsində əlamətdar hadisə kimi tarixi yer aldı. İdarəetmədə vahid koordinasiyanın həyata keçirilməsi, elmi-tədqiqat, konstruktor-texnoloji və istehsal qapalı zəncirində fəaliyyətin təşkili məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 31 avqust 1981-ci il tarixli qərarı ilə həmin təşkilatların bazasında Azərbaycan SSR EA-nın nəzdində ilk dəfə olaraq “Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyi (KTEİB)” yaradıldı. KTEİB-nin ilk baş direktoru, professor T.K.İsmayılovun rəhbərliyi ilə unikal elmi cihazlar istehsal mərhələsinə çatdırıldı, mütəxəssislərin əməyinin məhsulu olan neçə-neçə ölçü sistemləri təyyarəlaboratoriyalarda Şərqi Avropadan Uzaq Şərqə qədər bütün peykaltı eksperimentlərdə, Çernobıl qəzasının fəsadlarının qiymətləndirilməsində, Sibirdə faydalı qazıntıların axtarışında uğurla istifadə edildi. Bununla da Heydər Əliyevin təşkilata göstərdiyi qayğını əməli işlərdə sübut etmək, onun etimadını doğrultmaq əsas məqsəd kimi qarşıya qoyuldu. Əldə olunmuş uğurlu nəticələr yenə də Heydər Əliyevin diqqətindən yayınmadı, 1978-1981-ci illərdə birlik 4 dəfə ardıcıl olaraq Azərbaycanın “Keçici Qırmızı Bayrağı”na sahiblik etdi, öz fəaliyyətində xüsusilə fərqlənən əməkdaşlar Azərbaycanın dövlət mükafatlarına layiq görüldülər. Təsadüfi deyil ki, həmin dövrdə 50-dən artıq elmi-tədqiqat işinin nəticələri istehsalatda tətbiq olundu, elmi potensial sürətlə mükəmməlləşdi, təcrübi  zavodun istehsal həcmi gündən-günə yüksəldi, bəzi elmi məhsullar respublikamızın iqtisadi və sosial inkişafının dövlət planına daxil edildi. Bununla da Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrdə KTEİB özünün ən məhsuldar inkişaf mərhələsini keçərək uğurlu nailiyyətlər qazandı, Ulu Öndərin diqqət və qayğısı ən xoş təəssüratlarla yaddaşlarda qaldı. 
 Heydər Əliyevin respublikadan kənarda yüksək dövlət vəzifələrində çalışdığı 1982-ci ildən sonrakı dövrdə də bir sıra nailiyyətlər qazanılmış, təcrübi zavodda hazırlanmış “Pulsar – X1” rentgen teleskopu 15 ilə yaxın “Salyut – 7” və “Mir” kosmik stansiyalarında müvəffəqiyyətlə fəaliyyət göstərmişdir. Təşkilat həmin dövrdə tabeçiliyini bir neçə dəfə dəyişmiş, 1992-ci ildən indiyə qədər Milli Aerokosmik Agentliyi (MAKA) kimi fəaliyyət göstərir. 1988-1993-cü illərdə respublikada baş verən hakimiyyət dəyişikliyi, sosialiqtisadi sferada müşahidə olunan durğunluq, T.K.İsmayılovun 1991-ci ilin 20 noyabrında faciəli şəkildə vəfatı və ən başlıcası, Heydər Əliyevin Azərbaycanda olmaması MAKA-nın fəaliyyətindən də yan keçməmiş, bir sıra layihələr başa çatdırılmamış, Azərbaycan Respublikasının Nazirlər Soveti tərəfindən qəbul edilən “Kosmos Azərbaycan SSR-in xalq təsərrüfatına” adlı dövlət proqramının icrası dayandırılmışdır. Sovetlər Birliyinin süquta uğradığı həmin dövrdə SSRİ-nin nüfuzlu kosmik mərkəzləri ilə əlaqələr kəsilmiş, yüksəkixtisaslı kadr hazırlığı məsələlərində də müəyyən çətinliklər yaranmışdır.
Heydər Əliyevin ikinci dəfə respublikaya rəhbərlik etdiyi 1993-cü ildən sonrakı dövrdə agentliyin həyatında yeni mərhələnin başlanğıcı qoyulmuş, ölkəmiz üçün praktiki əhəmiyyəti olan elmi-tədqiqat işlərinin icrasına başlanılmış,  təcrübi zavodun əsas istehsal sahələri yenidən formalaşdırılmış, müdafiə təyinatlı məhsulların istehsalına başlanılmış, kadr potensialının daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. 1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə MAKA-da texnika elmlərinin müxtəlif sahələri üzrə Dissertasiya Şurasının fəaliyyətə başlaması yüksəkixtisaslı və müasir dünyagörüşlü elmi kadrların hazırlanmasında ciddi dönüş yaratdı.

Müstəqilliyin ilk illərində Heydər Əliyevin hələ əvvəlki dövrdə müzakirə predmetinə çevirdiyi beynəlxalq məkana inteqrasiya məsələləri öz həllini asanlıqla tapdı. Dünyanın tanınmış kosmik elm və tədris mərkəzləri ilə əməkdaşlıq protokolları imzalandı, perspektiv layihələr üzrə yeni mərhələ başladı, mütəxəssislərimiz Avropa və Asiya ölkələrinə dəvət aldılar, gənc kadrlarımız treninq kurslarda iştirak etmək üçün xarici ölkələrin kosmik mərkəzlərinə yollandılar. Ulu Öndər beynəlxalq təşkilatların Azərbaycana dəvət olunmasını daima dəstəklədi. 1997-ci ilin oktyabrında BMT-nin və Avropa Kosmik Agentliyinin himayədarlığı ilə Bakıda 30-a yaxın ölkə və təşkilat nümayəndələrinin iştirak etdiyi “Kənd təsərrüfatının sabit idarə olunmasında kosmik texnologiyalar” mövzusunda seminar keçirildi, perspektiv əməkdaşlıq üzrə razılaşmalar əldə edildi. Sonrakı illərdə həmin ölkələrlə birlikdə bir sıra müştərək layihələr həyata keçirildi. Beynəlxalq əməkdaşlıq məkanının genişlənməsi agentliyin 1997-ci ildə İslam Ölkələrinin Kosmik Təşkilatına (Pakistan) üzv olmasına imkan verdi. BMT-nin “Kosmik Elm və Texnologiya Təhsil Mərkəzi” (Hindistan), “Asiya Texnologiya İnstitutu” (Tailand) ilə əlaqələr yaradıldı, gənc mütəxəssislərimizin kosmik texnologiyaların müxtəlif sahələri üzrə təkrar hazırlıq keçmələri müvəffəqiyyətlə yerinə yetirildi.

Ulu Öndərin təkcə Milli Aerokosmik Agentliyinə yox, ümumiyyətlə, kosmik texnologiyalara olan marağı heç vaxt onu tərk etmədi, bütün beynəlxalq tədbirlərdə bu barədə böyük ehtiramla söz açdı, o dövrdə keçmiş Sovetlər Birliyində ön mövqelərdən birində dayanan həmyerlimiz, kosmonavtikanın inkişafında misilsiz xidmətləri olan alim, çoxsaylı yüksək dövlət mükafatlarına layiq görülmüş general-leytenant Kərim Abbasəli oğlu Kərimovla dəfələrlə görüşdü və 31 mart 1994-cü ildə onu Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif etdi.

Azərbaycan və Qazaxıstan prezidentlərinin 16 sentyabr 1996-cı ildə Bakıda keçirilən birgə mətbuat konfransında hər iki ölkədə güclü kosmik potensialın yaradıldığı və bu sahədə əməkdaşlığın perspektivləri qürurla qeyd edildi. Eynilə 1997-ci ilin 15 sentyabrında Ulu Öndər Azərbaycan Respublikası Hərbi Təyyarəçilər Məktəbinin ilk buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı azərbaycanlı kosmonavtın hazırlanması ilə bağlı qarşılaşdığı çətinliyi belə şərh etmişdir: “O vaxtlar kosmosa uçuşlar başlayanda mən çox istədim və çalışdım ki, kosmosa bir azərbaycanlı uçsun. Bu məsələni Sovet İttifaqının rəhbərləri qarşısında qoydum və qeyd etdim ki, Sovetlər İttifaqı 15 müttəfiq respublikadan ibarət olan bir dövlətdir, ona görə də hər bir respublikadan, o cümlədən də Azərbaycandan kosmonavt adını qazanan bir gənc olmalıdır. Onlar razı oldular, ancaq tapmaq mümkün olmadı. Kosmonavt əvvəlcə Hərbi Hava Qüvvələrində böyük xidmət təcrübəsinə, fiziki hazırlığa, biliyə malik olmalı idi. Bununla əlaqədar Sovetlər İttifaqının ayrı-ayrı hərbi hissələrində xidmət edən azərbaycanlıları axtarmağa başladıq. Ancaq bizim bu səylərimiz çox az nəticə verdi. Çünki azərbaycanlılardan hərbi işi özünə peşə kimi qəbul edən, hərbi vəzifəyə getmək istəyən az olmuşdur. Biz o vaxtlar belə çətinliklə qarşılaşdıq. Hərbi aviasiya məktəblərinə gedənlər də az olduğundan mən elə həmin illər Cəmşid Naxçıvanski adına məktəbdə xüsusi hərbi aviasiya üçün hazırlıq işlərinin təşkil edilməsi barədə sərəncamlar verdim və lazımi tədbirlər görməyə başladıq”.

Heydər Əliyev xarici səfərlərində də Azərbaycanda yaratdığı kosmik mərkəzi bir daha xatırlamağa imkan tapmış, 5 iyul 2000-ci ildə BMT-nin baş katibinin müavini Pino Arbakki ilə Vyanada keçirilən görüşündə Azərbaycanda kosmik tədqiqatlar mərkəzinin uzun illərdir yaradıldığını, əməkdaşların BMT-nin tədbirlərində iştirak etdiyini məmnuniyyətlə vurğulayaraq, sahə üzrə təcrübəli alimlərimizin olduğunu xüsusilə qeyd etmiş və bu təşkilatın regional mərkəz kimi fəaliyyət göstərməsi təklifini irəli sürmüşdür. O, həmin görüşdə kosmik təşkilatın 20 ilə yaxın fəaliyyət göstərdiyini bir daha xatırlatmış və əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu Pino Arbakkinin nəzərinə çatdırmışdır. Heydər Əliyev kosmik strategiyasında Sovetlər Birliyinin təcrübəsinə önəm verməyi də üstün tutmuş, hələ 1973-1988-ci illərdə SSRİ EA-nın Kosmik Tədqiqatlar İnstitutunun direktoru olan akademik Roald Saqdeyevlə dəfələrlə görüş keçirmişdi. Sonradan bəzi MDB ölkələrinin iştirakı ilə “İpək Yolu Peyki” proqramının reallaşdırılması təklifini müzakirə etmişdir. 2000-ci ilin sentyabrında Nyu Yorkda keçirilən, sammitdə Ulu Öndər həmin layihəni dəstəklədiyini bildirmiş və onun təşəbbüskarı kimi çıxış etmişdir. Əlbəttə ki, həmin dövrdə Azərbaycanın iqtisadi durumu bu layihəni təkbaşına həyata keçirməyə imkan verməzdi. Lakin kənardan müdaxilələr səbəbindən bu layihənin reallaşması mümkün olmamışdır. Az müddət keçməmiş 16 aprel 2001-ci ildə Heydər Əliyev ABŞ senatının üzvü Riçard Şelbinin başçılıq etdiyi nümayəndə heyəti ilə Bakıda keçirilən görüşdə Azərbaycanın kosmos tarixini bir daha xatırlamış, 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə qatılan SSRİ kosmonavtları Leonov, Şatalov, Kubasov və ABŞ astronavtı, ilk dəfə Aya səyahət etmiş Staffordla görüşərək səmimi söhbət etdiyini qonaqların diqqətinə çatdırmışdır. 
Ümummilli Lider bu sahədə beynəlxalq əməkdaşlıq müqavilələrinin bağlanmasına, müştərək layihələrin həyata keçirilməsinə önəm vermiş və onun təşəbbüsü ilə 29  oktyabr 2002-ci ildə Milli Aerokosmik Agentliyi ilə Rumıniya Kosmik Agentliyi arasında “Kosmik fəzadan sülh məqsədləri üçün istifadə və tədqiq olunması sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanmışdır. Heydər Əliyev əməkdaşlıq predmeti ilə yaxından tanış olduqdan sonra 29 aprel 2003-cü ildə həmin memorandumu təsdiq etmişdir. Heydər Əliyevin 2000-ci ildə ABŞ-də irəli sürdüyü “İpək Yolu Peyki” proqramının həyata keçməməsi heç də onu ruhdan almamış, öz nüfuzunun gücü ilə 2003-cü ilin may ayında NATO-nun baş katibi C.Robertsonun iştirakı ilə Azərbaycanda “Virtual İpək Yolu” beynəlxalq layihəsinin açılışına nail olmuşdur. Bununla da VSAT peyk antenası vasitəsilə elm və təhsil müəssisələrinin alim və mütəxəssislərinin, tələbələrin dünya informasiya məkanına çıxışı üçün yeni imkanlar yaranmışdır. 2003-cü ildə Heydər Əliyev və Vladimir Putin Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında “Qarşılıqlı İqtisadi Əməkdaşlıq Memorandumu” imzaladıqdan sonra agentliyin həyatında əlamətdar hadisə baş verdi. Rusiyanın Federal Kosmik Agentliyi ilə elmitexniki əməkdaşlıq proqramı təsdiq olundu və Rusiyada hazırlanmış “Kosmik məlumatların qəbulu və emalının
yerüstü kompleksi” Bakıya gətirilərək MAKA-da istismara verildikdən sonra dünyanın bir sıra ölkələrinin kosmik peyklərindən operativ məlumatları əldə etmək mümkün oldu. Bəli, beynəlxalq əməkdaşlığa xüsusi önəm verən Ulu Öndərin ən son xidmətlərindən biri də ondan ibarətdir ki, 30 il ərzində qəlbində saxladığı bir arzusu da həyata keçdi, BAF-ın 26 sentyabr-3 oktyabr 2003-cü il tarixdə Almaniyanın Bremen şəhərində keçirilən 54-cü konqresində agentliyin həmin təşkilata tamhüquqlu üzv olması haqqında qərar qəbul edildi. Bununla da agentliyin beynəlxalq məkanda nüfuz dairəsi daha da genişləndi, digər ölkələrlə əməkdaşlıq əlaqələri yaradıldı ki, bütün bu ənənələr də əlamətdar hadisələr kimi Heydər Əliyevin xidmətlərini Azərbaycanın kosmos tarixində əbədiləşdirdi.
Bakıda keçirilən BAF konqresindən düz 40 il sonra müstəqil Azərbaycanın kosmos salnaməsində əlamətdar hadisə baş verdi, 8 fevral 2013-cü il tarixdə ilk telekommunikasiya peykimiz orbitə çıxarıldı. Hələ 40 il öncə Ümummilli Liderimiz tərəfindən əsası qoyulmuş kosmik sənaye infrastrukturunun təntənəsi kimi yaddaşlara həkk olunan bu orbital səyahəti, kosmik peykin uçuş prosesini izləyən möhtərəm Prezident İlham Əliyev tarixi hadisə adlandırdı. “Biz artıq kosmik klubun üzvüyük, gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu əminəm ki, hər kəs görəcəkdir” deməsi sanki Ümummilli Lider tərəfindən hələ 1973-cü ildə bəyan edilmiş müdrik kəlamların məzmununa bir daha zənginlik gətirdi, müstəqil Azərbaycanda kosmik sənayenin sonrakı inkişaf yolunu müəyyənləşdirdi. İndi Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş müstəqil respublikamızın 50 il sonra – cari ilin oktyabrında BAF konqresinə ikinci dəfə evsahibliyi etməsi böyük rəmzi məna daşıyır, beynəlxalq kosmik məkana daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradır. Özünün yarıməsrlik tarixində tabeçiliyini bir neçə dəfə dəyişən, 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərən MAKA mütəxəssislərinin tədqiqat sferasında xüsusi təyinatlı məmulatların yaradılması ilə yanaşı, həm də kosmik texnologiyaların praktiki məsələləri xüsusi yer tutur, işğaldan azad olunmuş ərazilərimizin kosmik monitorinqinin aparılması, infrastruktur və geolandşaft elementlərinin vəziyyətinin qiymətləndirilməsi istiqamətində araşdırmalar davam edir. Qarşıdan gələn ildə 50 illik yubileyini qeyd etməyə hazırlaşan kollektiv elmi-texniki yaradıcılıqla yanaşı, təşkilati fəaliyyətdə də aktiv mövqedə dayanır, 12 Aprel – Beynəlxalq Kosmonavtika Günü hər il böyük maraqla qeyd olunur, tədris müəssisələrində lektoriyalar təşkil edilir. Kosmik infrastrukturun yaradılmasında və inkişaf etdirilməsində, hərbçi kadrların hazırlanmasında Heydər Əliyevin uzaqgörən siyasətinin davamı kimi indi möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən innovativ yanaşmalar, ölkəmizin müdafiə qüdrətinin daha da möhkəmlənməsinə xidmət edən islahatlar agentliyin kollektivi qarşısında yeni vəzifələr qoymuş, daha da məsuliyyətlə çalışmaq üçün əsaslı zəmin yaratmışdır.
Bu gün əminik ki, dünya informasiya məkanına inteqrasiya, modernləşdirmə, innovativ meyarların aşılanması, kosmik sənayenin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlar iqtisadiyyatımızın sürətli inkişafında, xalqımızın dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyevin ən əzəmətli xidmətləri kimi nurlu sabaha aparan yolda öz möhtəşəm yerini tutacaqdır.
İllər keçəcək, kosmik texnologiyaların və müdafiə sənayemizin əhatə məkanı daha da genişlənəcək, kosmik fəzanı fəth edən peyklərimiz ölkəmizin müdafiə qüdrətinin daha da möhkəmlənməsində öz töhfələrini verəcək, Heydər Əliyevin xidmətləri isə Azərbaycanın kosmos tarixinin səhifələrində daima yaşayacaqdır.

Natiq CAVADOV,
Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin baş
direktoru, texnika elmləri doktoru, professor 
Share: