PARTLAYICI SURSATLARIN TƏHLÜKƏSİNƏ DAİR MAARİFLƏNDİRMƏ TƏDBİRİ KEÇİRİLİB

137
0
Share:

 

Partlayıcı sursatların təhlükəsinə dair ANAMA ilə YAP Binəqədi rayon təşkilatının birgə maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən YAP Binəqədi rayon təşkilatının təşəbbüsü ilə rayon ərazisində fəaliyyət göstərən keçmiş məcburi köçkün ümumtəhsil və peşə məktəbləri nümayəndələrinə, müvafiq qurumların əməkdaşlarına, eləcə də rayonun ictimai həyatında yaxından iştirak edən partiya üzvlərinə “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” (PSTM) tədbiri keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Beynəlxalq əlaqələr, maarifləndirmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, eləcə də ANAMA və YAP-in məsul nümayəndələri, o cümlədən MAKA-nın əməkdaşları da iştirak edib. Tədbirin məqsədi mina təhlükəsi ilə mübarizə fəaliyyətinin əsas istiqamətlərindən biri olan partlayıcı sursatların təhlükəsi haqqında biliklərin artırılmasından ibarət olub. Çıxış edən YAP Binəgədi rayon təşkilatının sədri Vüsar Ismayılov qeyd etdi ki, minalar və müharibənin partlamamış hərbi qalıqları münaqişələr bitdikdən sonra onilliklər boyu təhlükəsizliyə, inkişafa böyük əngəl törədir. Təəssüf ki, minalardan zərərçəkən vətəndaşlarımız da var. Bu kimi halların qarşısını almaq üçün Agentlik tərəfindən mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir. Vətəndaşların öz doğma yurdlarına təhlükəsiz şəkildə qayıtması görülən işlərin əsas məqsədidir.

ANAMA-nın idarə rəisi Ramil Əzizov bildirdi ki, mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirləri işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə cəlb olunan qurumların nümayəndələri, mülki əhali eləcə də müharibənin təsirinə məruz qalmış rayonlarda yaşayan sakinlər arasında təhlükəsizliyin təmin edilməsi baxımından mühüm rol oynayır. Bu sahədə ANAMA tərəfindən ümumi maarifləndirmə, təlimçilərin təlimi, ümumtəhsil məktəblərində də həyata keçirilir. Tədbirdə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmənin ümumi əsasları, davranış qaydaları, mina haqda yanlış təsəvvürlər barədə iştirakçılara məlumat verilib, minalanmış ərazilərin əlamətləri, eləcə də təhlükə anında həyata keçirilməli olan addımlar iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin, müxtəlif növ mina və sursatların vizual tanınması məqsədilə maketlər nümayiş olunub. 

Share: