DAHİLƏR UNUDULMUR

560
0
Share:

1934-cü il dekabrın 19-da elmi, pedaqoji və dövlətçilik fəaliyyəti ilə seçilən fizika və kosmik tədqiqatlar sahəsində tanınmış alim, görkəmli dövlət xadimi, uzun illər Milli Aerokosmik Agentliyinin baş direktoru olmuş, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsində çalışmış, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Arif  Şəfaət oğlu Mehdiyev anadan olmuşdur. XX əsrin görkəmli Azərbaycan ziyalılarından olan Arif  Şəfaət oğlu Mehdiyev respublikamızın elm və təhsilinin inkişafında böyük rolu və parlaq dəsti xətti olmuş şəxsiyyətlərdən idi. Onun elmi araşdırmaları yarımkeçiricilər fizikası ilə yanaşı, kosmik informasiya sahəsi ilə sıx bağlı idi. O, 1975-ci ildən başlayaraq Yer kürəsinin kosmosdan müxtəlif texniki vasitələrlə öyrənilməsi istiqamətində çalışmış və buna dair fundamental əsərlərin müəllifi olmuşdur. 

Onun rəhbərliyi altında aerokosmik informasiyanın alınması, çevrilməsi, emal olunması və təqdimatı sahəsində uzun illər ərzində elmi-tədqiqat və layihələndirmə işləri aparılmışdır. Alimin bu sahədə yeni texnologiyaların yaradılması və elmi konsepsiyaların formalaşdırılmasında xidmətləri təqdirəlayiqdir və bütün bu işlər Azərbaycanda Coğrafi Məlumat Sistemlərinin inkişafına böyük təkan vermişdir. A.Ş.Mehdiyevin başçılığı və bilavasitə iştirakı ilə yerüstü avtomatlaşdırılmış informasiya-ölçü kompleksləri tərkibində hidrometeoroloji və ekoloji parametrlərin yığılması və emalı üçün elektromaqnit dalğalarının müxtəlif diapazonlarda işləyən spektral ölçü cihazları yaradılmışdır. Alimin ekologiyaya aid əsərləri də yüksək qiymətləndirilmişdir.

Arif  Mehdiyev elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uğurla əlaqəlandirərək uzun illər ərzində Azərbaycan Dövlət Neft Akademiyasının və Milli Aviasiya Akademiyasının professoru kimi yüksəkixtisaslı kadrların hazırlanmasında fəal iştirak etmişdir.

Elm xadiminin araşdırmalarının nəticələri ölkəmizdə və xaricdə nəşr edilmiş 300-dən artıq elmi əsərdə və 50-dən çox ixtirada öz əksini tapmışdır. Onun rəhbərliyi altında Azərbaycanda onlarla elmlər doktoru hazırlanmışdır.

Akademikin elmi və elmi-texniki fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.  Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə o, müstəqil Azərbaycan Respublikasının  ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmişdir.

Tanınmış alim, pedaqoq   və səmimi insan Arif  Şəfaət oğlu Mehdiyev 2016-cı il dekabrın 19-da ömrünün 83-cü ilində vəfat etmişdir. Alimin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.  

Share: