Azərbaycan gəncliyinin müstəqil dövlətçiliyimizə töhfə vermək əzminin daha da artırılması, onların hərbi vətənpərvərlik ruhunda tərbiyəsi və ölkənin müdafiəsinə hazırlığı işinin daha da yüksəldilməsi əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin mühüm hissəsi kimi möhtərəm Prezident cənab İlham Əliyevin daim diqqət mərkəzindədir.
Bu siyasətə yaxından töhfə vermək üçün Müdafiə Sənayesi Nazirliyinin (MSN) təşəbbüsü və təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iştirakı ilə Bakı şəhərinin Suraxanı rayonu, Bülbülə qəsəbəsindəki Nəriman Həmidov adına 208 nömrəli tam orta məktəbdə pilot layihə kimi şagirdlər üçün Azərbaycan istehsalı olan təlim silah və sursat, elektron silah trenajoru və digər zəruri ləvazimatlar ilə təchiz edilmiş unikal tərtibatlı çağırışaqədərki hazırlıq kabineti yaradılaraq istifadəyə verilib.
Dekabrın 14-də qeyd olunan kabinetin açılış tədbirində Müdafiə Sənayesi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər şəxsləri, Vətən müharibəsi qaziləri, həmçinin məktəbin şagird və pedaqoji kollektivi iştirak ediblər.
Tədbir iştirakçıları yeni yaradılmış çağırışaqədərki hazırlıq kabineti ilə tanış olub, onlara pilot layihə haqqında geniş məlumat verilib. Vurğulanıb ki, belə müasir çağırışaqədərki hazırlıq kabinetinin istifadəyə verilməsi dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Azərbaycan gəncliyinə diqqət və qayğısının növbəti əyani nümunəsidir.
Müdafiə Sənayesi Nazirliyinin aparat rəhbəri Zaur Əliyev, Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi general-mayor Çingiz Kiçibəyov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev, 208 nömrəli tam orta məktəbin direktoru Məlahət Əsədova və çağırışaqədərki hazırlıq müəllimi Elməddin Həsənov çıxış edərək sözügedən pilot layihənin əhəmiyyəti haqqında danışıblar.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi və qətiyyətli sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Şanlı Qələbə milli həmrəyliyi, vətəndaş-dövlət birliyini daha da sarsılmaz edib, gənc nəslin vətənpərvərlik ruhunun, hərb peşəsinə olan marağının artmasına səbəb olub. Bu tarixi Zəfərin əldə edilməsində özünəməxsus yeri və rolu olan, respublikanın müdafiə qabiliyyətinin və Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsinə layiqli və davamlı töhfələrini verən Müdafiə Sənayesi Nazirliyi digər aidiyyəti dövlət orqanları və təşkilatları ilə birlikdə yetişməkdə olan gəncliyin ölkənin ərazi bütövlüyünün təminatı və etibarlı qorunmasına hazırlığının təşkili, müasir hərbi-xüsusi texnologiya elmləri sahəsində biliklərə dərindən yiyələnməsi işində yaxından iştirak edir.
Bildirilib ki, yeni yaradılmış çağırışaqədərki hazırlıq kabinetindən digər məktəblərin də şagirdlərinin hərbi hazırlığının yüksək səviyyədə təşkili üçün istifadə olunması nəzərdə tutulub.
Tədbir iştirakçıları müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyevə MSN-in gənclərin dövlətə sədaqət və hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, kreativ texnoloji bacarıqlarının artırılması, yüksək innovativ mühəndisliyi mənimsəmələri istiqamətində apardığı işlərə görə minnətdarlıqlarını bildiriblər.
Sonda şagirdlər akt zalında hərbi vətənpərvərlik mövzusunda bədii kompozisiya ilə çıxış ediblər.
Previous
Next