MİLLİ AEROKOSMİK AGENTLİYİNDƏ ELMİ SEMİNAR KEÇİRİLMİŞDİR
30.11.2022-ci il tarixində Milli Aerokosmik Agentliyində (MAKA), “Coğrafi informasiya sistemləri əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymət xəritələrinin tərtibi” mövzusunda elmi seminar keçirilmişdir.
MAKA-nın baş direktoru, professor Natiq Cavadovun təşəbbüsü ilə təşkil olunan elmi seminarın fəxri qonağı, məruzəçi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, biologiya elmləri doktoru, professor, AMEA-nın müşaviri, Bakı Dövlət Universitetinin (BDU) Torpaqşünaslıq kafedrasının müdiri, görkəmli alim Qərib Məmmədov idi.
Görüş zamanı, baş direktor Natiq Cavadov və torpaqşünaslıq, coğrafiya və ekoloji problemləri ilə bağlı elmi araşdırmalar aparan görkəmli alim Qərib Məmmədov tədbir iştirakçılarını salamlayaraq, bu elmi seminarın kollektiv üçün önəmli olduğunu vurğuladılar. Daha sonra, akademik Qərib Məmmədov çıxış edərək, apardığı tədqiqatları və gördüyü işləri prezentasiya şəklində tədbir iştirakçılarına təqdim edərək, hər bir iş haqqında ətraflı məlumat verdi. Sonra isə ona ünvanlanan sualları cavablandırdı. Tədbirdə Energetika Nazirliyinin Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və GİS üzrə mütəxəssis Camal İsmayılov da qonaq qismində iştirak edirdilər. Akademik Qərib Məmmədov müəllifi olduğu bir sıra kitab və atlasları, o cümlədən Azərbaycan Respublikasının Milli Atlasını MAKA-nın kitabxanasına hədiyyə etdi. Sonda isə MAKA-nın baş direktoru, professor Natiq Cavadov Milli Aerokosmik Agentliyi adından görkəmli alimə Təşəkkürnamə təqdim edərək, kollektiv adından öz minnətdarlığını bildirdi və belə elmi seminarların mütəmadi təşkil olunmasının vacib olduğunu vurğuladı.