Tədbirdə Müdafiə Sənayesi Nazirliyinin Hüquq şöbəsinin müdiri Elşən Həsənov, şöbənin baş məsləhətçisi Günel Xasayeva və böyük məsləhətçisi Əlihüseyn Hüseynov, həmçinin Milli Aerokosmik Agentliyinin struktur bölmələrinin rəhbərləri, tabe təşkilatların direktorları və digər məsul əməkdaşlar iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Milli Aerokosmik Agentliyin baş direktorunun rejim və təhlükəsizlik üzrə müavini Nazim Əliyev bildirdi ki, Milli Aerokosmik Agentliyinin aparatında və tabe təşkilatlarda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə tədbirlər planının icrası ilə əlaqədar olaraq Milli Aerokosmik Agentliyinin 2022-ci il üçün iş planı hazırlanaraq təsdiq edilmişdir.
Milli Aerokosmik Agentliyin baş hüquq məsləhətçisi Səbuhi Abdullayev “Korrupsiya haqqında qanunvericiliyin tələbləri, bilavasitə korrupsiya hüquqpozmaları və vəzifəli şəxslərin korrupsiyaya şərait yaradan hüquqpozmalara dair mövcud normativ-hüquqi aktların tələbləri” haqqında ətraflı məlumat verdi.
Mövzu ətrafında geniş fikir mübadiləsi aparılaraq işçilər arasında korrupsiya hüquqpozmalarına qarşı mübarizə sahəsi üzrə qanunvericilik aktlarının təşviq edilməsi, bu sahədə maarifləndirmə işlərinin davamlı olaraq aparılması imkanları müzakirə edildi.