Müdafiə Sənayesi Nazirliyinin (MSN) və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə MSN-in Milli Aerokosmik Agentliyində (MAKA) tələbələr üçün seminar keçirilib.
Əvvəlcə tədbir işitirakçıları Milli Aerokosmik Agentliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əməkdaşlarına həsr olunmuş Memorial abidənin önündə qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tələbələrə şəhid və qazi işçilər haqqında məlumat verilib və onların döyüş yoluna nəzər salınıb.
Sonra seminar iştirakçıları Agentliyin müəssisələrində istehsal edilən məhsulların sərgisi ilə tanış olublar. Tələbələrə astro-fizika elminin nailiyyətlərinin tətbiqi, aerokosmik cihazqayırma, tədqiqatların həyata keçirilməsi və xüsusi məmulatların yaradılması prosesi haqqında ümumi nəzəri biliklər verilib.
Aerokosmik elminin inkişafında, astro-fizika və elmi-tətbiqi cihazqayırma sahəsində böyük xidmətləri olmuş dünyaca məşhur alim, akademik Tofiq İsmayılovun xatirə muzeyini ziyarət edən tələbələrə onun həyat və yaradıcılığı barədə ətraflı danışılıb.
Akt zalında davam edən seminarda Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində dünya kosmik klubunun üzvü olan Azərbaycanda bu sahənin inkişafı ilə bağlı həyata keçirilən misilsiz işlər barədə videotəqdimat nümayiş olunub.
MAKA-nın baş direktoru, profeesor Natiq Cavadov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiə sənayesinin sürətli inkişafından, dövlət başçısının bu sahəyə xüsusi diqqət göstərməsindən danışıb. Baş direktor Azərbaycanda modern müdafiə sənayesinin yaradıldığını qeyd edərək, gənc kadrların bu sahəyə olan marağından və əldə etdikləri uğurlardan söz açıb. O, gənclərin vətənpərvərlik ruhunda yetişməsi işinə MSN-in hər zaman xüsusi diqqət göstərdiyini bildirib və tələbələrə öz tövsiyələrini verib.
Müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevin seminar iştirakçılarına salamlarını, tələbələrin bilik və bacarıqlarını ölkəmizin daha da qüdrətlənməsi naminə sərf etmələrinin vacibliyi barədə tövsiyələrini, onlara həyatda və təhsildə daimi uğurlar əldə etmək arzularını çatdırıb. Nazir müşaviri MSN-in gənc nəslin dövlətə sədaqətli, sağlam vətəndaş kimi formalaşması işinə, onun intellektual səviyyəsini yüksəltməsi və istedadını üzə çıxartması üçün əlverişli şəraitin yaradılmsına daim önəm verdiyini qeyd edib. Müasir dövrdə aerokosmik elminin inkişafı və bu istiqamətdə mühəndislik ixtisası üzrə tədris-təhsilin rolunu, ölkənin iqtisadi tərəqqisində xüsusi texnoloji və innovativ biliklərin əhəmiyyətini vurğulayıb.
MAKA-nın baş direktorunun I müavini, professor Tofiq Süleymanov Agentliyin keçdiyi inkişaf yolu, dünyada aparılan çağdaş aerokosmik tədqiqatların nəticələri, bu spesifik elmin bəşəriyyətə verdiyi töhfələr haqqında önəmli və maraqlı məlumatları diqqətə çatdırıb.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.
Previous
Next