NATIQ CAVADOV

15
0
Share:

 

22 yanvar 2019-cu ildə Prezident İlham Əliyevin sərancamı ilə Natiq Hacı oğlu Cavadov Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktoru təyin olunub.

1971-ci ildə Bakı şəhərindəki 132 nömrəli orta məktəbi bitirmiş, elə həmin il Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1979-cu ildə oranı bitirmişdir.

Prof.Natiq Cavadov 1978-2019-cü illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində texnik, böyük texnik, mühəndis, böyük mühəndis, aparıcı mühəndis, partiya komitəsinin katibi, daha sonra Ağdam Mexaniki və Bakı şəhərindəki Kosmik Cihazqayırma zavodlarının direktoru , Azərbaycan Respublikası “Sənayeavtomatika” İstehsalat Birliyinin Baş direktoru işləmişdir.

18 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Natiq Cavadov 1997-ci ildə texnika elmləri namizədi, 2007-ci ildə texnika elmləri doktoru elmi adlarını almışdır. 2008-ci ildən Azərbaycan Texniki Universitetinin professoru, həmçinin Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının akademikidir. 2003-cü ildən Beynəlxalq Mühəndislik Akademiyasının, 2006-cı ildən isə Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvüdür.

2011-ci ildə Azərbaycan Mühəndislik Akademiyasının Nəzarət Təftiş Komissiyasının sədri seçilmişdir. 2011-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının “Mühəndislik şöhrəti” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının texnika elmləri üzrə Ekspert Şurasının sədridir.

200-dən artıq elmi məqalənin, o cümlədən 5 monoqrafiya, 1 dərslik, 5 müəlliflik şəhadətnaməsinin müəllifidir. 90-dan çox elmi məqaləsi xarici ölkələrdə – İspaniya, Yunanıstan, İran, Türkiyə, Rumıniya, Rusiya, Belarus, Ukrayna, Avstriya və Latviyada çap edilmişdir.     Natiq Cavadov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 sentyabr tarixli 350 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə  Şurasının üzvüdür.

Share: