Azərbaycan Milli Aerokosmik Agentliyinin (MAKA) yaradılmasında və bu günə qədər inkişaf etdirilməsində dahi siyasətçi, Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin xidmətləri əvəzedilməzdir. 

07 – 13 oktyabr 1973-cü ildə 17-dən artıq ölkə nümayəndələrinin iştirakı ilə Bakıda Beynəlxalq Astronavtika Federasiyasının (IAF) “Kosmik tədqiqatlar – elm və texnikaya nüfuz” devizi altında XXIV konqresi keçirildi. Kosmik elm və texnologiyaların müxtəlif sahələri üzrə 350-dən artıq məruzənin dinlənildiyi, ABŞ, Fransa, İsveçrə, Belçika, Çexoslovakiya və s. kimi ölkələrin təmsil olunduğu, eynilə keçmiş Sovetlər Birliyinin nüfuzlu təşkilatlarından mütəxəssislərin, eləcə də təyyarəçi – kosmonavtların iştirak etdiyi həmin konqresin Bakıda keçirilməsi Azərbaycanın kosmonavtika tarixinin təməlini qoydu. 

Belə ki, öz dövrünün mötəbər tədbiri kimi qiymətləndirilən konqresin işi dövlət və hökumət rəhbərlərinin də diqqətini cəlb etdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) Bürosunda Konqresin yekunları müzakirəyə çıxarıldı. Yaxın Şərq, Xəzər dənizi hövzəsi və Kiçik Asiya regionlarını əhatə edə bilən kosmik texnika vasitələrindən istifadə etməklə təbii ehtiyatların tədqiqi işinə qoşulmaq məqsədilə Respublika Elmlər Akademiyasının (EA) tabeliyində xüsusi Mərkəzin yaradılması haqqında qərar qəbul edildi. Cəmi 3 ay sonra, 10 yanvar 1974-cü ildə SSRİ Nazirlər Sovetinə Bakıda Kosmik Mərkəzin yaradılması haqqında müraciət olundu və 21 avqust 1974-cü ildə Bakıda kosmik texnika vasitələrindən istifadə etməklə təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq Mərkəzi (“Kaspi” Elmi Mərkəzi) yaradıldı. “Kaspi” EM-in fəaliyyəti dövlət və hökumət rəhbərlərinin diqqətindən kənarda qalmadı. Hələ öz dövründə kosmik texnologiyaların Respublikanın elmi mühitində formalaşmasında xüsusi xidmətləri olan Azərbaycan KP MK-nın I katibi Heydər Əlirza oğlu Əliyev bir neçə dəfə təşkilata baş çəkmiş, problem və nailiyyətlərlə yerində tanış olmuş və inkişaf perspektivləri ilə əlaqədar öz dəyərli tövsiyələrini vermişdir.

Respublikamızda kosmik tədqiqatların idarəetmə prinsiplərinin təkmilləşdirilməsi, elmlə istehsal sahələrinin əlaqələrinin daha da genişləndirilməsi və kosmik fəaliyyət sferasında vahid koordinasiyanın həyata keçirilməsi məqsədilə        31 avqust 1981-ci ildən Azərbaycan SSR EA-nın nəzdində “Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyi” (KT EİB) fəaliyyətini davam etdirdi. Həmin dövrdə öz bilik və bacarıqlarını əsirgəmədən çalışan alim və mütəxəssislərin gərgin əməyi nəticəsində təşkilat 1978 – 1981-ci illərdə 4 dəfə ardıcıl olaraq Azərbaycanın “Keçici Qırmızı Bayrağı” ilə təltif olundu, əməkdaşlar Dövlət Mükafatlarına layiq görüldülər. 

1992-ci ilin 21 fevralında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə KT EİB-in bazasında Respublika Prezidenti yanında Azərbaycan Milli Aerokosmik Agentliyi (AMAKA) yaradıldı. Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyinə verildi.

Agentlik 2003-cü ildə yenidən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tabeliyinə verildi. 

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə AMAKA                   27 sentyabr 2006-cı il tarixindən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyinə verildi.

AMAKA MSN-nin tabeliyinə verildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2007-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Müdafiə Sənayesi naziri tərəfindən 11 aprel 2007-ci ildə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq “Azərbaycan Milli Aerokosmik Agentliyi” “Milli Aerokosmik Agentliyi” adlandırıldı.