Texnika elmləri doktoru ,professor,Beynəlxalq mühəndislik Akademiyasının akademiki, , Azərbaycan Respublikasının 1-ci Dövlət Katibi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü Tofiq Kazım oğlu İsmayılov 1974-1991-ci illərdə Milli Aerokosmik Agentliyinin baş direktoru vəzifəsində çalışmışdır.
Tofiq Kazım oğlu İsmayılov 1933-cü il iyunun 21-də Bakı şəhərində anadan olmuşdur. 1951-1956-cı illərdə Moskva şəhərində Qırmızı Əmək Bayraqlı Elektrotexniki Rabitə İnstitutunda təhsil almışdır.
1967-ci ildən 1985-ci ilədək Tofiq İsmayılov Azərbaycan Respublikası Elmlər Akademiyası sistemində çalışmışdır. O, Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti yanında tətbiq üzrə şöbənin müdiri, “Xəzər” Elmi Mərkəzinin və keçmiş Sovetlər İttifaqında yeganə olan Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun direktoru, 1982-ci ildən ömrünün sonuna qədər Kosmik Tədqiqatlar Elm- İstehsalat Birliyinin baş konstruktoru və baş direktoru vəzifəsində çalışmışdır.1979-cu ildə isə doktorluq disertasiyasını müdafiə edərək texnika elmləri doktoru, sonralar isə professor elmi adına layiq görülmüşdür. Elmdə və texnikada göstərdiyi yüksək göstəricilərə görə professor T.İsmayılov keçmiş Sovetlər İttifaqının Mühəndislik Akademiyasının (indiki Beynəlxalq Mühəndislik Akademiyası) həqiqi üzvü seçilmişdir.
1985-ci ildən keçmiş SSRİ Baş Kosmos İdarəsi Elm İstehsalat Birliyinin baş direktoru və baş konstruktoru olmuşdur.
“Azərbaycan Respublikası Elmlər Akademiyasının Xəbərləri”nin (fizika, texniki və riyazi elmlər üzrə) redaksiya kollegiyasının üzvü,SSRİ Elmlər Akademiyası Astrosovetinin, SSRİ Elmlər Akademiyası kosmik vasitələrlə təbii sərvətlərin öyrənilməsi bürosunun, SSRİ Baş kosmos idarəsinin elmi-texniki şurasının, SSRİ Elmlər Akademiyası Elmi Şurasının və Dövlət elm və texnika komitəsinin üzvü, Azərbaycan Respublikası kosmonavtika federasiyasının sədri olmuşdur.
İki yüzdən çox elmi işlərin müəllifidir, onlardan doxsanı ixtiradır.
1989-cu ildən SSRİ Xalq deputatı, SSRİ Ali Soveti Rəyasət Heyətinin, Sov. İKP MK və Azərbaycan KP MK-nın üzvü olmuşdur.
Göstərdiyi xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı” ordeni, “Əməkdə rəşadət” medalı, 1978-ci ildə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüş, 25 oktyabr 1990-cı ildə “Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adı ilə təltif olunmuşdur.
K.E. Sialkovski, S.P. Korolyov və Y.A. Qaqarin adına fəxri medallarla təltif edilmişdir.
1991-ci ilin noyabr ayının 20-də Azərbaycan Respublikasının Dövlət Katibi Tofiq Kazım oğlu İsmayılov Qarabağın Qarakənd kəndi üzərində “Mİ-8” hərbi vertolyotunda faciəli surətdə həlak olmuşdur.