Beynəlxalq Əməkdaşlıq

Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi (MAKA) müxtəlif beynəlxalq təşkilatlarla mövcud əlaqələri daxilində bir sıra xarici ölkələrlə kosmik sahədə əməkdaşlıq edir. Pakistanın Kosmik Elm və Texnologiyalar üzrə Beynəlxalq İslam Təşkilatı (İSNET) ilə 1997-ci ildən kosmik sahədə keçirilən tədbirlərində fəal  iştirak etmiş və 2009-cu ildən isə təşkilatın tam  hüquqlu üzvü  olmuşdur. Həmçinin, İSNET tərəfindən təşkil edilmiş online təlim-təhsil kurslarında iştirak edir.

Beynəlxalq Astronaftika Federasiyasının (IAF) 26 sentyabr – 03 oktyabr 2003-cü il tarixində Almaniyanın Bremen şəhərində keçirilmiş 54-cü konqresində MAKA-nın həmin təşkilata tamhüquqlu üzv seçilməsi haqqında qərar qəbul edildi. Bu hadisədən sonra IAF-la əlaqələr daha da genişləndi, keçirilmiş bütün tədbirlərə AMAKA əməkdaşları dəvət olundu və bu ənənələr indiki dövrə qədər də davam etməkdədir.

Türkiyənin Kosmik Agentliyi (TUA) ilə kadr mübadiləsi, məsafədən zondlama, kosmik avadanlıqların və onların komponentlərinin yaradılması, təkmilləşdirilməsi və kənd təsərrüfatı istehsalının planlaşdırılmasında hər iki ölkənin maraqları çərçivəsində müxtəlif strateji məsələlər üzrə kosmik məlumatların qarşılıqlı istifadəsinə dair təkliflər irəli sürülmüşdür.