AZƏRBAYCAN RESPUBLİKASINDA 2025-Cİ İLİN “KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ” ELAN EDİLMƏSİ İLƏ ƏLAQƏDAR AGENTLİKDƏ QANUNÇULUĞA RİAYƏT EDİLMƏSİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ

391
0
Share:

Milli Aerokosmik Agentliyində 2025-ci il 14 mart tarixində aparatın struktur bölmələrinin rəhbərləri və tabe təşkilatların məsul əməkdaşlarının iştirakı ilə tədbir keçirildi. 

Tədbiri giriş sözü ilə açan Milli Aerokosmik Agentliyin baş direktorunun müavini hüquq elmləri doktoru  Nazim Əliyev bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericiliyin əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının qorunması, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.

Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli, 432 nömrəli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.

Nazim Əliyev  Milli Aerokosmik Agentliyin baş direktoru professor Natiq Cavadovun tapşırıq və tövsiyələrini kollektivin nəzərinə çatdırmaqla əlavə etdi ki, təşkilatların idarəolunması ilə əlaqədar təsis edilən vəzifələr direktorlar, onların müavinləri və şöbə rəisləri səlahiyyətli şəxslər hesab olunurlar. Təşkilatların, eləcə də struktur bölmələrinin rəhbərləri xidməti fəaliyyətlə bağlı öhdəliklərini yerinə yetirməklə yanaşı, tabeçiliyində olan işçilərin əmək fəaliyyətinin təhlil edilərək qiymətləndirilməsi, mənəvi-psixoloji vəziyyətinin öyrənilməsi, etik davranış qaydalarının və işgüzar münasibətlərin xüsusi metod və vasitələrdən istifadə etməklə normal şərtlər əsasında qurulması, xidmət zamanı qanunçuluğa və daxili qaydalara ciddi riayət olunması bir funksiya kimi onların vəzifə səlahiyyətlərinə daxil edilmişdir.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılaraq müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan sahələr üzrə maarifləndirmə işlərinin aparılması imkanları müzakirə edildi. 

Share: