PROFESSOR NATİQ CAVADOV – 70

192
0
Share:

07 mart 2025-ci il tarixində Milli Aerokosmik Agentliyində keçirilən növbəti Birləşmiş  Elmi – Texniki  Şuranın iclasında MAKA-nın baş direktoru, professor Natiq Cavadovun 70 illik yubileyi qeyd olunmuşdur. 

Baş direktorun I müavini texnika elmləri doktoru, professor Tofiq Süleymanov MAKA-nın 50 illik kosmos tarixində N.Cavadovun   xidmətlərindən söz açmış, təşkilatın elmi fəaliyyətində və inkişafında onun rolu haqqında iclas iştirakçılarını məlumatlandırılmışdır. 

 08 mart 2025-ci il tarixi MAKA-nın baş direktoru, elmi-ictimai dairədə yüksək nüfuza malik olan alim, Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, Respublikamızda kosmik texnologiyaların vüsət almasında və MAKA-nın elm-istehsal fəaliyyətində xüsusi xidmətləri olan əhatəli təşkilatçı, yüksək insani keyfiyyətlərə malik şəxsiyyət, təcrübəli pedaqoq, texnika elmləri doktoru, professor Natiq Hacı oğlu Cavadovun Yubiley günüdür.

 Natiq Hacı oğlu Cavadov 8 mart 1955-ci ildə Ağdam rayonunun Əliağalı kəndində anadan olmuşdur. O, 1971-ci ildə Bakı şəhərindəki 132 nömrəli orta məktəbdə təhsilini başa vurmuş, 1979-cu ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirdikdən sonra Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində əmək fəaliyyətinə başlamış, o burada elmi-texniki fəaliyyəti ilə yanaşı ictimai həyatında da ön mövqedə dayanmış, uzun müddət həmin dövrün partiya təşkilatının rəhbəri kimi gənclik təravəti ilə hər kəsə dəstək olmağı özünə borc bilmişdir. Burada geniş təcrübə toplayan Natiq Cavadov daha sonra öz imkanlarını əsirgəmədən gənc rəhbər kimi 1991-1993-cü illərdə AMAKA-nın Ağdam şəhərindəki “Mikropribor” Elmi – Texniki Kompleksinin yüksək nailiyyətlər qazanmasında mühüm rol oynamış, həm müdafiə, həm də mülki təyinatlı məhsullar istehlakçıların diqqətini cəlb etmişdir. Bununla da respublikamızın regionlarında ixtisaslı gənclərin məşğulluq səviyyəsinin yüksəldilməsində, intellektual potensialın faydalı əməyə cəlb edilməsində yeni dövr başlamışdır. Ağdam işğal olunduqdan sonra N.Cavadov MAKA-nın Kosmik Cihazqayırma Təcrübi Zavodunun direktoru vəzifəsində çalışmış, öz bilik və təcrübəsini istehsal potensialının yüksəldilməsinə yönəltmişdir. Həmin dövrdə KCTZ-nin istehsal potensialı maksimum səviyyəyə çatmış, şoxsaylı kollektivin istehsal etdiyi məhsullar müstəqil Azərbaycanın iqtisadiyyatının yöksəlməsində və müdafiə qüdrətinin möhkəmlənməsində mühüm rol oynamışdır. Natiq Cavadov 2003-cü ildən 2019-cu ilədək Azərbaycan Respublikası “Sənayeavtomatika” İstehsalat Birliyinin Baş direktoru olmuş, elə həmin il Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müvafiq əmri ilə MAKA-nın baş direktoru vəzifəsinə təyin edilmişdir. 

 2007-ci ildə texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülümüş Natiq Cavadov  2008-ci ildən Azərbaycan Texniki Universitetinin professoru, həmçinin Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının akademikidir. O, 2003-cü ildən Beynəlxalq Mühəndislik Akademiyasının, 2006-cı ildən Azərbaycan Mühəndislik Akademiyasının, 2024-cü ildən Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, “Aerokosmik Elmlər və Texnologiyalar” bölməsinin sədri seçilmişdir.

Natiq Cavadov Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 2011-ci il tarixli Sərəncamı ilə Respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir. O, 2009-cu ildən “Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” elmi-texniki jurnalının redaksiya heyətinin üzvü, 2019-cu ildən Milli Aerokosmik Agentliyinin dövri nəşri olan “AMAKA-nın Xəbərləri” və 2022-ci ildən “Xüsusi texnika və texnologiyalar” jurnallarının baş redaktorudur. Natiq Cavadov 2011-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının “Mühəndislik şöhrəti” medalı ilə təltif olunmuşdur. O, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində fəaliyyət göstərən Ekspert Şurasının sədridir.

Natiq Cavadov 300-dən artıq elmi əsərin, o cümlədən 5 monoqrafiya, 1 dərslik, 5 müəlliflik şəhadətnaməsinin müəllifidir. 90-dan çox elmi məqaləsi xarici ölkələrdə – İspaniya, Yunanıstan, İran, Türkiyə, Rumıniya, Rusiya, Belarus, Ukrayna, Avstriya və Latviyada çap edilmişdir. 

Natiq Cavadov MAKA-nın baş direktoru kimi fəaliyyətə başladığı ilk gündən kollektivin elmi-təşkilati fəaliyyətinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. MAKA-nın inzibati binasında yenidənqurma işlərinin aparılması, Tofiq İsmayılovun kosmonavtika muzeyinin yaradılması, mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi üçün geniş tutumlu iclas zalının tamamilə yenidən qurulması, əməkdaşların nahar fasiləsi üçün xüsusi məkanın istifadəyə verilməsi, inzibati binanın həyətyanı sahəsinin abadlaşdırılması Natiq Cavadovun əvəzedilməz xidmətləri kimi xüsusilə qeyd edilməlidir. 

Natiq Cavadov öz fəaliyyətində 1-ci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində iştirak etmiş MAKA əməkdaşlarına, qazilərə və onların ailələrinə daim diqqətlə yanaşmış, onların sosial problemlərinin həllində imkanlarını əsirgəməmişdir. Onun bilavasitə dəstəyi və təşəbbüsü ilə MAKA-nın inzibati binasının həyətində 1-ci Qarabağ müharibəsində şəhid olmuş baş leytenant Vəli Nuruş oğlu Mahmudovun və 2-ci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş baş leytenant Nurlan Rəfail oğlu Zeynalovun xatirəsinə həsr olunmuş abidə yaradılmışdır.

N.H.Cavadovun rəhbərliyi ilə son illərdə Milli Aerokosmik Agentliyinin institutlarında və konstruktor bürolarında aerokosmik ekoloji monitorinq, ətraf mühitin mühafizəsi, təbii-dağıdıcı proseslərin qiymətləndirilməsi sahələri ilə yanaşı işğaldan azad olunmuş ərazilərdə geolandşaft strukturunun vəziyyət parametrlərinin qiymətləndirilməsi, baş vermiş ekoloji proseslərin dinamikasının öyrənilməsi istiqamətində mühüm nailiyyətlər qazanılmışdır. Bununla yanaşı Müdafiə Sənayesi Nazirliyinin fəaliyyət dairələrinə uyğun olaraq müdafiə təyinatlı məmulatların yaradılması və modernləşdirilməsi üçün optoelektronika, lazer texnologiyaları, pilotsuz uçuş aparatları, robototexnika və digər yeni sahələr üzrə elmi-tədqiqat işlərinin əhatə dairəsinin genişlənməsi Natiq Cavadovun xidmətləri kimi qeyd edilməlidir. MAKA-nın mühəndis-texniki heyəti tərəfindən dron əleyhinə silahın, böyütmə imkanına malik periskopun, şəxsi heyət üçün xüsusi geyim vasitəsinin, lazer əsaslı özüyönələn başlığın, optik-elektron dəfetmə qurğusunun, yerüstü pilotsuz vasitənin sınaq nümunələri və maketləri yaradılmış, müxtəlif beynəlxalq sərgilərdə nümayiş olunmuşdur. 

Bununla yanaşı, elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin təkrarlanmasının qarşısının alınması, kadr potensialının konsentrik prinsiplə cəmləşdirilməsi məqsədilə MAKA-nın tabe təşkilatlarında yeni struktur şöbələr yaradılmış, respublikamızın müxtəlif bölgələrində gənclərin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün bir sıra regional şöbələr fəaliyyətə başlamış,  mütəxəssislərlə komplektləşdirilmə həyata keçirilmişdir. 

Natiq müəllim agentliyə rəhbərlik etdiyi dövrdən gənc tədqiqatçıların və mütəxəssislərin elmi yaradıcılıq fəaliyyətinə xüsusi diqqət yetirmiş, 2020-ci ildən etibarən davamlı olaraq “Startup” layihələrinə qoşulan istedadlı gənclərimizin öz potensiallarını nümayiş etdirməsi üçün tam şərait yaradılmış, onların yaradıcılıq təkliflərinin qiymətləndirilməsi və qaliblərin mükafatlandırılması bir ənənəyə çevrilmiş, indi də  bu istiqamətdə tədbirlər davam etdirilir.

Son beş il ərzində elm, tədqiqat və təhsil qapalı sistemində yüksək nailiyyətlərin qazanılması üçün Natiq müəllim xüsusi təşəbbüs göstərmiş, Respublikamızın demək olar ki, əksər ali məktəbləri ilə əlaqələrin yaradılması istiqamətində mühüm nailiyyətlər qazanılmış, əməkdaşlıq memorandumları imzalanmış, agentliyin yüksək ixtisaslı mütəxəssislərinin universitetlərdə pedaqoji fəaliyyətə cəlb edilməsi və tələbələrin elm-istehsalat sahəsində xüsusi təcrübə keçməsi üçün tam şərait yaradılmışdır.

 8 mart 2025-ci il tarixində şərəfli həyat yolunun yarım əsrə qədər olan bir dövrünü doğma respublikamızda kosmik elm və texnologiyaların inkişafına, müdafiə sənayemizin istehsal məhsullarının arsenalının genişləndirilməsinə həsr etmiş MAKA-nın baş direktoru, professor Natiq Hacı oğlu Cavadovun  70 yaşı tamam olur. Bu yubiley günü münasibətilə Natiq Cavadova kollektivimizin səmimi təbriklərini yetirir, ona gələcək fəaliyyətində yeni uğurlar, möhkəm can sağlığı, xoşbəxt günlər arzulayırıq

 

Share: