17 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) işçilərinin peşə bayramı və Milli Aerokosmik Agentliyinin (MAKA) 50 illik yubileyi qeyd olunub.
Əvvəlcə müdafiə sənayesi naziri Vüqar Mustafayev və Nazirliyin əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da unudulmaz xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb. Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Peşə bayramı və MAKA-nın 50 illik yubiley tədbiri geniş tərkibdə Beynəlxalq Muğam Mərkəzində davam etdirilib. Müdafiə sənayesi naziri Vüqar Mustafayev öz çıxışında MAKA-nın yaranmasının 50 illik yubileyinin qeyd olunduğunu bildirərək, yarıməsrlik inkişaf yolu keçmiş qurumun əməkdaşlarını təbrik edib və onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
MAKA-nın baş direktoru, professor Natiq Cavadov çıxış edərək MAKA-nın yaranma tarixindən və qurumun əldə etdiyi uğurlardan danışıb. O, MSN rəhbərliyi tərəfindən göstərilən diqqət və dəstək sayəsində MAKA-nın yubiley tədbirlərinin yüksək səviyyədə qeyd olunduğunu bildirib.