13 dekabr 2024-cü il tarixində “Fairmont Baku” otelində “IDDA Awards – 2024” mükafatlandırma mərasimi keçirildi. Tədbir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən təşkil olunmuşdur.
Azərbaycanın innovasiyalar ekosisteminin oyunçularını və ən perspektivli innovativ layihələri bir araya gətirən bu tədbir 11 nominasiya üzrə müvafiq yerlərin qaliblərini elən etdi.
Qürur hissi ilə qeyd etmək istəyirik ki, Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin tərəfdaşlıq etdiyi Yeni Texnologiyaların İnkişafına Dəstək ictimai birliyinin təşkilatçılığı ilə keçirilən “Aerokosmik Modelçilik Festivalı” “İlin Texnologiya Tədbiri” nominasiyası üzrə qalib elan olundu. Fəxri kürsüdə mükafat festivalın təsisçiləri Ceyhun Xəlilov və Pərviz Ağayevə təqdim olundu. Bu möhtəşəm qalibiyyət ölkəmizin bütün aviamodelistlərinin nailiyyətidir.
Milli Aerokosmik Agentliyinin rəhbərliyi və bütün kollektivi adından əldə etmiş olduqları bu yüksək nailiyyət münasibətilə Yeni Texnologiyaların İnkişafına Dəstək ictimai birliyini səmimi qəlbdən təbrik edir və gələcək işlərinə uğurlar arzulayırıq.