11 – 12 dekabr 2024-cü il tarixində Milli Aerokosmik Agentliyinin (MAKA) 50 illik yubileyinə həsr olunmuş “Kosmik tədqiqatlar və innovativ texnologiyalar” adlı elmi-texniki konfrans öz işinə başlamışdır. Konfrans müxtəlif elm sahələrini əhatə etməklə 5 bölmədə işini davam etdirmişdir. Konfransda MAKA əməkdaşları ilə yanaşı 20-dən çox kənar təşkilatlardan nümayəndələr 60-dan çox məruzə ilə çıxış etmişlər.
Konfransın açılış mərasimində Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov konfrans iştirakçılarını və qonaqları salamlayaraq konfransın işində onlara uğurlar arzuladı. MAKA-nın yaranma tarixi və fəaliyyəti haqqında qısa məlumat verən Natiq Cavadov daha sonra MAKA-nın 50 illik yubileyinə həsr olunmuş tədbirlər haqqında da məlumatı konfrans iştirakçılarının nəzərinə çatdıraraq MAKA-nın yaranma tarixi, qazandığı nailiyyətlər və kadr hazırlığı ilə əlaqədar məruzə etmək üçün sözü baş direktorun I müavini, professor Tofiq Süleymanova verdi. Professor Tofiq Süleymanov “Azərbaycanda kosmik texnologiyaların 50 illik tarixi yolu” mövzusunda məruzə ilə çıxış edərək MAKA-nın fəaliyyət istiqamətləri və nailiyyətlərindən geniş danışdı. Özəlliklə MAKA-nın elmi-texniki sahədə ölkənin qabaqcıl universitetləri və təşkilatları ilə olan sıx əməkdaşlığından və doktorantların yetişdirilməsində MAKA-nın rolundan bəhs etdi.
Tədbirdə MAKA-nın tabe təşkilatlarının rəhbərləri məruzə ətrafında çıxış etdilər. Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun (TEKTİ) direktoru, professor Fəxrəddin Ağayev və Elmi-tədqiqat Aerokosmik İnformatika İnstitutunun (ETAİİ) direktoru, professor Elçin İsgəndərzadə MAKA ilə bağlı xatirələrini iştirakçılarla bölüşdülər.
Sonra çıxış üçün söz qonaq qismində iştirak edən MAKA-nın keçmiş əməkdaşı, hal-hazırda Respublika Seysmoloji Xidmət Mərkəzində fəaliyyət göstərən professor Azad Bayramova verildi. O, MAKA-da çalışdığı illər ərzində aparılan elmi-tədqiqat işlərinin əhəmiyyətindən söz açdı və MAKA-nın 50 illik yubileyi münasibətilə keçmiş həmkarlarını təbrik etdi.
Konfransda TEKTİ-nin Geofiziki proseslərin kosmik monitorinqi şöbəsinin rəisi Rafiq Ağamalıyev və ETAİİ-nin Alternativ energetika şöbəsinin böyük elmi işçisi Təhminə Qasımova da çıxış edərək əməkdaşları təbrik etdilər və konfransın işində uğurlar arzuladılar. Daha sonra konfrans proqrama uyğun olaraq bölmələr üzrə işini davam etdirdi.
Konfransın bağlanış iclasında öz məruzələri ilə fərqlənən iştirakçılara xüsusi sertifikatlar təqdim olundu. Professor Natiq Cavadov belə elmi-texniki konfransların gənc kadrların hazırlanmasında əhəmiyyətindən danışdı və konfransı bağlı elan etdi.






































