20 noyabr 2024-cü il tarixində Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktoru professor Natiq Cavadov və kollektiv üzvləri 1991-ci ilin 20 noyabrında ermənilər tərəfindən törədilmiş terror hadisəsində Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 helikopterinin qəzaya uğraması nəticəsində şəhid olmuş, MAKA-nın yaradıcısı, görkəmli alim, dövlət xadimi Tofiq İsmayılovun məzarını ziyarət etmişlər.
Ziyarət iştirakçıları mərhumun məzarı üzərinə əklil və gül dəstələri qoyduqdan sonra, MAKA-nın baş direktoru professor Natiq Cavadov akademik Tofiq İsmayılov haqqında öz xatirələrini bölüşərək, onun Azərbaycanı bütün qəlbi ilə sevdiyini, öz ana yurduna bağlılığını və kosmik sənaye üçün əvəzolunmaz bir şəxsiyyət olduğunu vurğuladı.
Ziyarət zamanı MAKA-nın baş direktorunun I müavini, professor Tofiq Süleymanov Tofiq İsmayılov ilə əlaqədar xatirələrindən söz açdı, kosmik elm və texnologiyalar sahəsində gənc kadrların hazırlanmasında onun əvəz edilməz xidmətlərinin olduğunu vurğuladı.
Daha sonra, akademik Tofiq İsmayılovun məzarı ətrafında xatirə şəkli çəkildi.