MİLLİ AEROKOSMİK AGENTLİYİ QARABAĞDA

104
0
Share:

Milli Aerokosmik Agentliyinin (MAKA) yaradılmasının 50 illiyi çərçivəsində MAKA rəhbərliyinin və əməkdaşlarının 28 – 29 oktyabr 2024-cü il tarixlərində işğaldan azad olunmuş tarixi torpaqlarımız olan Qarabağa səfəri təşkil olunmuşdur. Səfərin məqsədi 30 illik işğal dövründə mənfur düşmənlərimizin əzəli torpaqlarımızda törətdikləri ekoloji cinayətin, talançılığın və urbisidin şahidi olmaq və cənnət Qarabağımızı bizə bəxş edən şəhidlərimizin əziz xatirəsinə minnət duyğusunun əbədi olaraq qəlbimizdə yaşatmaq olmuşdur.

Səfərin birinci günü MAKA əməkdaşları Xankəndi şəhərində olmuşlar. Şəhərin mərkəzi, Xankəndi Şəhər İcra Hakimiyyətinin binası, Stadion, Polad Həşimov parkı və digər görməli yerləri ziyarət edilmişdir. Daha sonra Qarabağ Universitetində olan MAKA rəhbərliyi və əməkdaşları Universitet ilə yaxından tanış olmuş və ətraflı məlumat əldə etmişlər.

Səfərin ikinci günü Şuşa şəhərində olan əməkdaşlar şəhərin mərkəzi küçələrini, Cıdır düzünü və digər görməli yerlərini ziyarət etdikdən sonra İsa Bulağına yollanmışlar. Daha sonra Laçın şəhəri, Xocalı rayonu, Əsgəran və Ağdam şəhəri ziyarət edilmişdir. Aparılan yenidənqurma işləri və Qarabağın dirçəldilməsi üçün göstərilən səyləri yüksək qiymətləndirilmişdir. Ağdam Cümə Məscidində Şəhidlərimizin əziz xatirəsi yad edilmiş və dualar oxunmuşdur. 

MAKA-nın baş direktoru, professor Natiq Cavadov Şəhidlərimizə Allahdan rəhmət, Qazilərimizə isə can sağlığı arzulayaraq Cənab Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin uzaqgörən siyasətinin və Azərbaycan ordusunun qətiyyəti sayəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən, 30 illik həsrətə son qoyulmasından qürur hissi ilə danışmış və xalqımızın birlik və bərabərliyindən, öz rəhbərinə inanaraq bir amal naminə səfərbər olmasından söz açmışdır.

Share: