









14 oktyabr 2024-cü il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Yaşıl dünya naminə həmrəylik ili” və “Ümümdünya standratlar günü”nə həsr olunmuş “Dayanıqlı yaşıl gələcək üçün standartlar” mövzusunda II Beynəlxalq elmi-praktiki simpozium öz işinə başlamışdır.
“Cihaz mühəndisliyi” kafedrasının təşkilatçılığı ilə onlayn və oflayn formatda keçirilən simpoziumun açılış mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş və Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Simpoziumda açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov iştirakçıları və qonaqları salamlayaraq dünyada gedən iqlim dəyişiklikləri və yaşıl enerjiyə keçidin fonunda Prezident İlham Əliyev tərəfindən ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29 kimi mötəbər bir tədbir ərəfəsində universitetdə belə bir beynəlxalq elmi simpoziumun keçirilməsinin önəmindən danışmışdır.
Milli Aerokosmik Agentliyin (MAKA) baş direktoru, professor Natiq Cavadov, Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun (TEKTİ) direktoru Fəxrəddin Ağayev, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun (ETAİİ) direktoru Elçin İskəndərzadə, Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosunun (KCMKB) direktoru Namiq Muradov və digər əməkdaşlar simpoziumun açılışında iştirak etmişdir.
Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov, Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov, Konfransa onlayn qoşulan Türk Standartları İnstitutunun (TSE) Azərbaycan nümayəndəliyinin rəhbəri Gülhan Arzu Yüzereroğlu, Qazaxıstan Satbayev Universitetinin dekanı Darxan Erejep çıxış etmişdir.
Sonda Cihaz mühəndisliyi kafedrasının müdiri, professor Lalə Bəkirova simpozium haqqında ətraflı məlumat vermiş və simpoziumun dünyada alternativ enerji ehtiyatlarının öyrənilməsi və tətbiqi sahəsində təcrübə mübadiləsi, elmi potensialın inkişafı və qarşılıqlı fikir mübadiləsinin aparılmasındakı rolundan danışmışdır.
Simpozium plenar sessiyalarla davam etmişdir. Sessiyaya MAKA-nın şöbə rəisi, dosent Günel Əliyeva rəhbərlik etmişdir. Sessiyalarda MAKA əməkdaşları Rafiq Ağamalıyev, Naira Mustafazadə, İsmayıl İsmayılov, Aygün Bayramova, Sevinc Bəşirova, Aytən Aslanova, Nazim Kürdov, Vəfa Səfərova və Nurlan Kərimov iqlim dəyişikliyi ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlərdən, yeni standartların tətbiqindən, yaşıl dünya konsepsiyalarında yeni yanaşmalardan, həmçinin müasir ölçmələrdə yaşıl texnologiyalar və digər mövzularda maraqlı məruzlərlə çıxış etmişdir. Sonda məruzəçilərə sertifikatlar təqdim edilmişdir.